Fəlsəfə Dünyası

AFSEA-nın jurnalı Beynəlxalq İndeks Mərkəzinin siyahısına daxil edilmişdir


 

AFSEA-nın jurnalı Beynəlxalq İndeks Mərkəzinin siyahısına daxil edilmişdir


Bu günlərdə ölkəmizə ictimai elmlərin böyük uğuru hesab edilə biləcək şad xəbər gəlmişdir. Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının (AFSEA) 2003-cü ildən başlayaraq nəşr etdirdiyi "Fəlsəfə və sosial-siyasi elmlər" jurnalı baş ofisi ABŞ-da yerləşən Fəlsəfi Jurnal və Kitabların Beynəlxalq İndeks Mərkəzinin (The Philosopher's Information Center. An International Index to Philosophical Periodicals and Books) siyahısına daxil edilmişdir.
Bir il əvvəl elmi jurnalların indeksləşdirilməsi üzrə beynəlxalq İndex Copernicus'un siyahısına daxil edilən jurnal bu dəfə də ictimai və humanitar elmlər üzrə ilk dəfə olaraq belə bir uğura imza atmışdır.
Bu hadisə Azərbaycan fəlsəfi fikrinin beynəlxalq miqyasda yayılması istiqamətində mühüm addımdır. Bundan sonra jurnalda çıxan bütün məqalələrin ingilis dilində xülasəsi bütün dünya ölkələrinə yayılacaqdır. Digər tərəfdən, The Philosopher's Index-in bütün nömrələri Azərbaycan kitabxanalarına da göndəriləcəkdir. Bu isə respublikamızın fəlsəfə ictimaiyyətinə xarici ölkələrdə aparılan ən son fəlsəfi tədqiqatlar barədə məlumat almaq və müvafiq sahələr üzrə jurnal və kitabları sifariş vermək imkanı yaradacaqdır.
Xatırladaq ki, jurnalın Redaksiya Şurasına dünyanın bir sıra ölkələrini təmsil edən görkəmli elm adamları daxildir. Redaksiya Şurasının sədri akademik Ramiz Mehdiyev, jurnalın baş redaktoru - AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilovdur. Jurnalda Azərbaycanın və xarici ölkələrin tanınmış filosoflarının, politoloq və sosioloqların elmi məqalələri dərc olunmaqla yanaşı, klassik fəlsəfi irs də dilimizə tərcümə edilir, türk dünyasının müasir düşüncə sahibləri oxucularımıza müntəzəm surətdə təqdim olunur, qabaqcıl elmi-fəlsəfi məktəblərin iş təcrübəsinin yayılması məqsədi ilə AFSEA-nın və jurnalın təşəbbüsü ilə beynəlxalq forumlar keçirilir, Azərbaycan alimlərinin beynəlxalq elmi miqyasda fəaliyyəti və çağdaş fəlsəfi proseslərin ölkəmizdə işıqlandırılmasına geniş yer verilir.
Heç şübhəsiz ki, Azərbaycanda çıxan jurnalın beynəlxalq elmi ictimaiyyət tərəfindən maraqla qarşılanması ölkəmizdə gedən ictimai-siyasi və iqtisadi inkişaf proseslərinin daha bir təzahürüdür.

                                                                                                          AzərTAc

 





19.11.2010    çap et  çap et