Fəlsəfə Dünyası

Fəlsəfə Dünyasında elmi-fəlsəfi seminar keçirildi


 

Fəlsəfə Dünyasında elmi-fəlsəfi seminar keçirildi

İyun ayının 11-də Fəlsəfə Dünyasında “Dəyişən və dəyişməz qanunlar” mövzusunda elmi-fəlsəfi seminar keçirildi. Seminarda professor və müəllimlər, aspirant və tələbələr iştirak edirdilər.

Seminarı giriş sözü ilə açan Prof. Dr. S.Xəlilov bildirdi ki, hal-hazırda Şərqdə də, Qərbdə də müəyyən mövcud mənbələr qeyd edir ki, qanun dəyişmir. Qanun anlayışının tərifində də deyilir ki, qanun sabit və dəyişməzdir. Məsələyə fərqli yanaşırıqsa, onda tərifi dəyişməliyik. Bunun üçünsə əvvəlcə sabitlik, dəyişkənlik barədə danışmaq lazımdır. Dəyişiklik zamanı, bir ölçü vahidindən başqa bir ölçü vahidinə, bir sistemdən digər bir sistemə keçid zamanı, ümümiyyətlə istənilən bir keçid zamanı, ya məkanca dəyişmə, ya zamanca dəyişmə zamanı dəyişməyən, sabit qalan şeylər varsa, deməli, bu sabitliyin təməlində nəsə bir qanunauyğunluq durur.

Daha sonra S.Xəlilov bildirdi ki, 2 cür sabitlik var: birincisi, biz abstrakt şəkildə belə fərz edirik ki, mütləq mənada sabitlik var ki, burada heç bir hərəkət, heç bir dəyişilmə yoxdur. İkincisi isə dinamik sabitlikdir ki, onun içində çoxsaylı dəyişilmə və hərəkət olsa da, bu dəyişilmənin özü o qədər mürəkkəb və yekcinsdir ki, o dəyişilmə dövr edərək əvvəlki vəziyyətini alır; statistik dəyişilmənin yekunu olaraq bütövün ümumi vəziyyəti dəyişilmir. Hər hansı bir predmetin (məsələn kitab) daxilində molekullar, elementar hissəciklər, viruslar və s. dayanmadan hərəkətdədir, amma biz onu görmürük. Bu, həm də elə bir hərəkətdir ki, onlar yekun hala təsir göstərmir, yekun hal sabit qalır. Yəni bu sabitlik nisbi sabitlikdir. Bəlkə bizim qanun, dəyişməz, invariant dediklərimiz, əslində, daxili bir dinamikaya malik olan proseslərdir, bəlkə orda nəsə dəyişir, amma nəticədə yenə əvvəlki vəziyyətə gəlib çıxır.

Mövzuya bu cür aydınlıq gətirdikdən sonra Prof. Dr. S. Xəlilov iştirakçıların nəzərinə çatdırdı ki, təbii ki, bu sonsuz dünya, kainat bir qaununauyğunluq, nizam, ahəng üstündə qurulub. Biz bu ahəngi, qanunauyğunluğu deyil, müxtəlif şəraitlərdə, müxtəlif cür təzahür edən və insan şüuru, idrakı tərəfindən üzə çıxarılan, kəşf edilən ayrı-ayrı qanunları görür və dərk edirik. Bu mənada qanunların müxtəlif şəraitlərdə dəyişdiyini də müşahidə edirik. Amma bütövlükdə sonsuz dünyanın özü kimi onu əhatə edən qanunauyğunluğu da sonlu varlıq olan insan nə tam dərk, nə də ehtiva edə bilər.

Seminar iştirakçılarından Elşən Bağırzadə fəlsəfənin qanunlarının dəyişib, dəyişməməsi barədə sualına cavabda S.Xəlilov karbon və almaz arasında müqayisə apararaq izah verdi ki, bu qanunlar da müəyyən mənada mütləq xarakter daşımır. Daha sonra Bakı Dövlət Universitetinin III kurs tələbəsi Elbrus Xasıyev sual verdi ki, Nyuton-Qaliley mexanikasında təsir edən qanunlarla Kvant mexanikası qanunları arasındakı fərqi qanunların dəyişilən olması kimi deyil, insan idrakının təkamülü kimi nəzərdən keçirmək olarmı? Prof. Dr. S.Xəlilov suala cavab olaraq bildirdi ki, kvant fizikası yarandıqdan sonra Nyuton mexanikası qanunlarının kiçik sürətlərdə və böyük kütləli cisimlər üçün doğruluğu ortaya çıxdı. Təbii ki, bu, insan idrakının təkamülü olmaqla yanaşı, həm də onu ortaya çıxardı ki, klassik mexanika (Qaliley-Nyuton mexanikası) qanunları mütləq deyil, nisbidir və müəyyən şərtlər daxilində təsir göstərir. Belə olan halda, əgər qanunlar mütləq yox, nisbidirsə, deməli dəyişə bilər.

Prof. Dr. K.Bünyadzadə cəmiyyətdə yazılan və yazılmayan qanunlar, insanların özləri üçün müəyyənləşdirdikləri qanunlar barədə sual verdi. Prof. Dr. S.Xəlilov sualı cavablandıraraq qeyd etdi ki, o mühit, şərait, maddi dünya ki, bizdən asılı olmayaraq yaradılıb, Yaradan da onun qanunlarını qaydalarını müəyyən edir. O mühiti, şəraiti ki, insan yaradır, onun da qanun və qaydalarını insan müəyyən edir. Cəmiyyət qanunlarından fərqli olaraq, təbiət qanunlarını insan yazmır. İnsan sadəcə öz idrakı vasitəsilə o qanunları kəşf edir. Əbu Turxan deyir ki, dünya yazılmış bir kitabdır. İnsan da dünyanın yazıldığı “dili” öyrənib dünyanı “oxumağa” çalışır. İnsanların özlərinin yazdığı qanunlar isə cəmiyyətə aiddir. Cəmiyyətdə qəbul olunmuş qanunları, əgər onlar dövrün, zamanın tələblərinə cavab vermirsə, onda onları dəyişmək olar və lazımdır. Amma nə qədər ki, cəmiyyətdə mövcud qanunlar qüvvədədir, insanlar onlara əməl etmək məcburiyyətindədir.

Prof.Dr. Cahangir Məmmədli söhbətə qoşularaq əlavə etdi ki, cəmiyyətdə qanunların dəyişilib-dəyişilməməsi məsələsində içtimai rəy də mühüm rol oynayır.

Firdovsi Fikrətzadənin iqtisadi qanunlar barədə sualını cavablandıran S.Xəlilov bildirdi ki, iqtisadi qanunlar da mütləq deyildir və müəyyən iqtisadi modellərə görə müəyyənləşdirilir. Cəmiyyət qanunlarının, cəmiyyətin real vəziyyətini öyrənməyin mühüm əhəmiyyətindən danışan S.Xəlilov cəmiyyətdə tətbiq olunan qanunların optimal işləməsi üçün həmin cəmiyyətin özünün real vəziyyətinin nəzərə alınmasını xüsusi vurğuladı.

Daha sonra iştirakçılar Amerika cəmiyyətində qanunların dəyişməzliyi barədə müzakirə etməyə başladılar. Dr. Tofiq Əhmədov məlumat verdi ki, orada hakimlər qanuna, mətnə, sözə tabe olmaqla yanaşı, həm də hakim qanuna şərh vermək səlahiyyətinə malikdir. Yəni əslində qanun özü sabit qalsa da, ona verilən şərhlər ehtiyaclara görə dəyişdirilərək dövrün tələbatına uyğunlaşdırlır.

Prof. Dr. Fərman İsmayilov deyilənlərə əlavə olaraq qeyd etdi ki, Amerika konstitusiyasını hazırlayan insanlar onun əsasında elə mütləq, həm də nisbi prinsiplər qoymuşlar ki, onların müxtəlif orqanlar tərəfindən düzəlişi, dəyişikliyi həmin qanunların dəyişməzliyini təmin edir.

Bakı Dövlət Universitetinin müəllimi Dr.Dos. Mətanət Abdullayeva dünyanın ümumi bir qanunauyğunluğa, harmoniyaya tabe olması haqqında Nizami yaradıcılığından nümunələr gətirdi.

Sonda Prof. Dr. Səlahəddin Xəlilov seminara yekun vuraraq bildirdi ki, həqiqətən də, dünyanın tabe olduğu umumi qanunauyğunluq, nizam və harmoniya dəyişməsə də (bu harmoniya və qanunauyğunluğu dəyişmək yalnız, böyük Yaradanın qüdrətindədir), onun konkret halda, müxtəlif şəraitlərdə və müxtəlif cür təzahürləri (hansı ki, biz onları şüurumuzun məhsulu olaraq qanunlar kimi formulə edirik) nisbi xarakter daşıyır və dəyişilə bilər.

Seminarın sonunda mükafatlar təqdim olundu. Professor Cahangir Məmmədli Azərbaycanda fəlsəfi fikrin təbliğində, KİV-də işıqlandırılmasında xidmətlərinə görə AFSEA-nın fəxri diplomu ilə təltif olundu.
          Daha sonra Fəlsəfi Diskursun qaliblərinə diplom və mükafatlar təqdim edildi və xatirə şəkilləri çəkildi.

 





16.06.2011    çap et  çap et