K.Marks antik dövrü bəşəriyyətin uşaqlıq çağına bənzədirdi. Bu müqayisənin çox uğurlu bir davamı vardır. İnsan ömrünü fəlsəfə tarixinə bənzətsək gəncliyi onun orta əsrləri hesab etmək olar. İdeyaların çoxusunun doğulub inkişaf etdiyi, bəzilərinin isə rüşeymlərinin yarandığı orta əsrlər! Hələ coğrafi məkanın Şərq və Qərb deyə iki qütbə bölünüb qarşı-qarşıya dayanmadığı, qədim hikmətlərin yeni hikmətlərlə üzvi şəkildə çulğalaşıb bir-birini ən kamil şəkildə tamamladığı orta əsrlər! İrrasional idrakın, mistik təfəkkürün rasional təfəkkürlə sıx əlaqəli olduğu, ilahi duyğuların çox vaxt maddi tələbatlar da öz təsiri altına aldığı ruhani intibah dövrü.
Əlbəttə, orta əsrlər haqqında çox fikir söyləmək mümkündür, lakin onun gəncliklə müqayisəsi təsadüfi bir bənzətmə deyil. Bu həm də reallığın bütün ziddiyyətlərini öz nurlu mənəviyyatında əridib öz əzabı, qüssələri ilə saf, tər-təmiz ideyalar bitirən gəncliyin təsviridir. Yəni biz məhz orta əsrləri gəncliklə «yaxınlaşdıran» xüsusiyyətlərdən danışdıq.
«Gənc» sözü fars dilindən tərcümədə (ﮔﻨﺞ ) «xəzinə, özündən sonra zəngin irs qoymaq», – deməkdir. Görünür, ömrün ən parlaq illəri, həyat enerjisinin aşıb-daşdığı vaxtlar, istedadın, potensialın kəşf olunduğu dövr təsadüfən gənclik adlandırılmır.
Qiymətli daş-qaşları əldə etmək asan iş deyil. Onu qara torpağın altından çıxarmaq, təmizləmək, cilalayıb içindəki, mahiyyətindəki nuru aşkarlamağın özü də bir ustalıq, məharət tələb edir. Gənc-i «cilalayan» barmaqlar və ruh onu «çat vermiş», «zədələnmiş» bir varlığa da döndərə bilər, «qəlibə salınmış», adi, sıradan birinə də, üzərinə düşən hər işığa min bir bərqlə cavab verən, bütün varlığının nuru ilə göz qamaşdıran Kamil İnsana da. Bəli, söhbət həm çox vaxt ağına-bozuna baxmadan insanları «qəlibləşdirən», hətta bəzən öz məqsədləri üçün bir gənci mənəvi cəhətdən şikəst edən, boğan ictimai mühitdən gedir, həm də mahir Ustaddan, Müəllimdən.
Cavanlıq, gənclik daha çox dəliqanlılıq, hərdəmxəyallıqla assosiasiya yaradır. Mənsur Həllac gəncin məhz qeyri-sabit təbiətinə, iradəsizliyinə, səbrsizliyinə işarə edərək deyir:
Aşiq gənclikdə kamala çatarsa,
Sərxoşluqdan həbibinin vüsalını unudar.
Bununla yanaşı, insan ömrünün ən qısa, qısa olduğu üçün də ən şirin, ən ziddiyyətli dövrü olan gənclik həm də bütün həyatın təyinatının verildiyi, ömür sarayının təməlinin atıldığı bir çağdır. Gənclik dövründə bəzən zəngin bir həyatın böyük yaradıcılıq prosesinin təməli qoyulur, bəzən də bütün bu zəngin həyat və yaradıcılıq bu dövrün qısa intervalına sığışdırılır. Ömür və yaradıcılıq arasında nisbətin müxtəlif variantlarını ilk dəfə tədqiq edən S.Xəlilov bu hadisəni “zamanın sıxılması effekti” kimi dəyərləndirir. Tarixdə bir sıra şəxsiyyətlər olub ki, öz gənclikləri ilə bizim dediklərimizə ən kamil nümunə ola bilərlər. Bütün ömrü gənc dövrü ilə tamamlanan, 37 il yaşamış Şihabəddin Sührəvərdi və Aleksandr Puşkin, 36 yaşlı Corc Qordon Bayron və Cəfər Cabbarlı, 32 yaşlı Eynəlqüzat Miyanəci və Şelli, 30 yaşlı Sergey Yesenin və Mikayıl Müşfiq, 26 yaşlı Mixail Lermontov və Nikolay Dobrolyubov, 20 yaşlı Evarist Qalua və Ülvi Bünyadzadə.
Bu gənclərdən hər birinin taleyi bir faciə ilə yarıda qırılıb. Sührəvərdi, Miyanəci, Müşfiq edam olunub, Puşkin, Lermontov, Ülvi namərd gülləyə tuş gəlib, Bayron və Cabbarlının isə bu dünya ilə vidalaşmasına səbəb xəstəlik olub.
Bəlkə də kənardan baxana bu talelər qırıq görünür, əslində isə, onlar deyəcəkləri sözü söyləyə biliblər. Bu, hər adama, hətta uzun illər yaşayanlara belə qismət olan bir xoşbəxtlik deyil. Yox, bunlar nakam tale, qırıq ömür deyillər. Onların fiziki həyatı qeyri-təbii şəkildə süquta uğrasa da, ruhlarının bəşəriyyətə çatdırdıqları daha möhtəşəmdir və onu unudub, arxa plana keçirib yalnız faciəli bir ölümü, nakam gənc ömrü ön plana çıxartmaq həmin gənclərin özlərinə deyil, onların dedikləri sözə qarşı ədalətsizlikdir. Səlahəddin Xəlilov yazır: «Ölməzlik qazananlar ideya müəllifləridir. Başqasının ideyasının ictimai realizasiyası prosesinə qatılaraq real ictimai həyatın uzadılması bir şeydir, sənin ideyanın ictimai prosesə çevrilərək yaşaması başqa şeydir. Bu, artıq sosial-mənəvi sferada ölməzlikdir». Elə ideyalar var ki, onlar məhz ömrün gənc çağı üçün nəzərdən tutulur. İllər keçəndən sonra o, nəinki öz formasını, mənasını dəyişə bilir, hətta ümumiyyətlə malik olduğu saflığı, ülviyyəti itirir, mahiyyəti dəyişir. Onların dərinliyinə, əsl mənasına yalnız əqlin, ruhun gənc yaşdakı səviyyəsi çata bilər.
Gəncliyin xüsusi bir keyfiyyəti kimi yəqin ilk növbədə onun bol enerjisi, cəngavər ruhu, qısa müddətdə çox şeyə nail olmaq iddiası vurğulanar. Təsadüfi deyil ki, məhz bu gənclik enerjisi qarşısıalınmaz sel kimi inqilabların, üsyanların aparıcı qüvvəsinə çevrilir. Lakin bu enerjinin ən neqativ tərəfi onun təsir altına tez düşməsi, kor-koranəliyə, fanatlığa meylli olmasıdır. Həm də təbiətin qəribə bir təzadıdır ki, enerji nə qədər çox olursa, təfəkkür bir o qədər passiv olur, yerini hisslərə daha tez verir. Başqa sözlə desək, bu, nəinki təsadüf deyil, əksinə, az qala qanunauyğunluqdur ki, bir ideyanın reallaşmasında fanatik qüvvəyə ehtiyac yarananda məhz gənclərdən istifadə edirlər. Gəncin təfəkkürü hələ kifayət qədər formalaşmadığına görə, yəni onun gücü, imkanları enerjisindən çox geri qaldığına görə, bu enerji özü üçün şüurlu-şüursuz şəkildə güclü təfəkkür, istiqamətverici qüvvə axtarır. Məhz burada cəmiyyətin rolu və əhəmiyyəti özünü göstərir: gənclərin həyat yolunun seçicisi kimi. Nəhəng bir enerjinin quruculuğamı, yaradıcılığamı, yoxsa dağıdıcılığamı yönəlməsi bir bələdçi olaraq cəmiyyətdən çox asılı olur. Burada dağıdıcı deyəndə biz yalnız cəmiyyətə, bəşəriyyətə deyil, həm də gəncin özünə, öz mən-inə yönələn əməllərini, fəaliyyətini nəzərdə tuturuq. Söhbət ondan gedir ki, cəmiyyətin təsiri ilə yalnış yerə istiqamətlənmiş gəncin yüz cür işlərlə məşğul olmasına baxmayaraq, onun əsl potensialı bir növ reallaşmamış, özü olaraq təsdiqlənməmiş qalır, o, öz mən-indən xəbərsiz, özünə yad bir şəxsiyyət kimi yetişir. Ülvinin sözləri ilə desək, gənclər «bütün olmamış» «sökülüb, uçulur» və bunun ilk və başlıca səbəbi cəmiyyət olur. Bu gün terror qrupların toruna düşən gənclərin sayı hansı isə bir fəlsəfə məktəbinə, ədəbiyyat dərnəyinə gedənlərin sayından qat-qat çoxdur. Kimlərinsə mənafelərinə xərclənən enerjilərin çəkisi, öz mən-inin dərkinə, yaradıcılıq istedadının axtarışına sərf edilən enerjidən tərəziyə gəlməyəcək qədər ağırdır. Bu gün maddi istəklər üçün qalanan od mənəviyyatın nurunu söndürəcək qədər gur yanır.
Gəncliyin keyfiyyətindən biri də onların bütün axtarışlarının, istəklərinin kökündə hisslərin, duyğuların durmasıdır. Yəni onların təqdim etdikləri bütün problemlərdə də, onların həll yollarında da lirika, romantika üstünlük təşkil edir. Bəlkə də elə bu səbəbdəndir ki, onların təqdim etdiyi yol təhlükəli, dəli-dolu olsa da, cazibəli, canlı və al-əlvan olur.
Mən – insanda Allahdan olan ilahi zərrədir və ya insanı Allahla vasitəsiz olaraq əlaqələndirən ilahi bağdır. Lermontov «Mənim evim» şeirində yazır:
İnsanın ürəyində əbədiyyətin
Toxumu var – həqiqət hissi deyildir.
Əsrlər axınını, ənginlikləri
İnsan ancaq onunla qavraya bilir.
Mən-in səsi əslində ilahidən gələn və məhz bu ruh üçün nəzərdə tutulan hikmətin, həqiqətin səsidir. Onun səsini vaxtında eşidəndə, dediklərini vaxtında və olduğu kimi dəqiq həyata keçirəndə buna istedad deyillər. Bəzilərinə bu səs musiqi ilə, bəzilərinə rəqəmlərlə, bir başqasına rənglə, birinə də şeir misraları ilə çatdırılır və buna müvafiq olaraq bəstəkarlıq, rəssamlıq, riyaziyyatçılıq, şairlik istedadı ortaya çıxır. Lakin bu, yalnız böyük bir nurun ilk işartısıdır. Ən çətini isə onun mahiyyətindəki hikməti sezib, onu çatdırmağı bacarmaq lazımdır. Axı qeyd etdiyimiz kimi, bunların heç biri boş, mənasız informasiyalar olmayıb, özlərində əhəmiyyətli, dərin və müqəddəs bir hikmət daşıyırlar. Başqa sözlə desək, Allahın verdiyi istedadı duymaqdan əlavə, onun daşıdığı hikməti də dərk etmək həmin istedadın tamamlanmasıdır. Bu, isə artıq filosofluq zirvəsidir.
Mən – bir andır, məhdud bədəndə ilahi başlanğıcın ara-sıra özünü büruzə verdiyi an. Bu anın verdiyi gözəl şeirlər, ecazkar tablolar, dərin hikmətli əsərlər şəklində ortaya çıxır. Bu anın hökmüdür ki, 20, 30 yaşında bir gənc min illərin hikmətindən xəbər verə bilir. Bu anın insan həyatındakı əhəmiyyətini hiss edən Ülvi yazır:
İnsan ömrü –
dəqiqələr, saniyələr…
Bu anların biri boşsa,
İnsan ömrü
bu boşluqdan,
soyuq çəkər.
Bu anın sehridir ki, ona bənd olan gənc bir daha ondan aralanmaq istəmir, onun arzusu ilə yaşayır. Bu anın qüdrətidir ki, gəncdə bəşəriyyət qarşısında bir cavabdehlik yaradır – gənc özündə bəşəriyyəti xilas edə biləcək bir güc, yenilik gətirə biləcək bir əzm hiss edir.
İki hiss qarışır bir-birinə: güclü enerji və sonsuzluqla əlaqə imkanı. Ziddiyyətin dialektikasının tələbi, hökmü ilə gənc axtarışa çıxır – bu ikisini birləşdirən, hər ikisini tam əhatə edə bilən bir şeyin axtarışına. Bu, naməlum, sonu görünməyən bir axtarışdır və ilk addımını atan gənc əvvəlcə qarşıda duran bu yolun uzunluğundan qorxur. Ülvi yazır:
Yollara baxıram gözüm qaralır,
Görəsən hayana gedir bu yollar?
Vallah, qınamayın, sona çatınca
Ayağı demirəm, ürək yorular.
Hayanadı bu yollar?
Lakin axtarış toxumu gəncin qəlbinə düşəndən cücərməyə başlayır və onun rahatlığını əlindən alır. Bu səbəbdəndir ki, Şihabəddin Sührəvərdi 37 yaşına kimi yazdığı 52 əsərində dövrünün az qala bütün fəlsəfi cərəyanlarına toxunur, hər biri haqqında öz fikrini bildirməyə çalışıb. Şellinq 37 yaşına kimi yaradıcılığında artıq üç mərhələ keçir. Bu axtarışlar idi ki, Bayronu, Lermontovu rahat yatmağa qoymurdu, Müşfiqi bu sözləri deməyə məcbur edirdi:
Fikrim qasırğalı dəryalar kimi
İstənilən qədər dalğalanmamış,
Könlüm uzaq gedən xülyalar kimi
İncə buludlarla çulğalanmamış.
Bu elə bir axtarış odudur ki, gəncin bütün anlarını doldurur. Ülvi də öləziyən közün sakit həyatını istəmir:
Bilirəm: qığılcım, alov tək deyil,
Alovun peşəsi şəfəq saçmaqdır.
Düz yolda çarpışmaq igidlik deyil,
İgidlik balaca cığır açmaqdır.
Uşaq bir süngər kimi gördüklərini, eşitdiklərini içinə çəkir, gələcəkdə qurulacaq binanın özülünü hazırlayır. Artıq kamillik çağına çatmış bir insan müşahidəçi, hətta istiqamətverici ola bilər. Gənc isə ilk növbədə güzgü kimi üzərinə düşən işığı əks etdirir, mum kimi öz dövrünün «formasını» alır. Yalnız sonradan, buna təfəkkürü çatarsa, həmin hadisəni təhlil edir, mənfi və müsbət tərəflərini dəyərləndirir. Təsadüfi deyil ki, cəmiyyətin hansı istiqamətdə inkişaf etdiyini gənclərin əxlaqından, təfəkkür tərzindən bilmək mümkündür.
Təbii ki, ilahi missiya daşıyıcısı olan gənclər də cəmiyyətdə gedən proseslərə reaksiya verirlər. Lakin burada fərqli bir reaksiya müzakirə mövzusudur. Gənc ruhuna, daşıdığı əmanətinə yad olan bu təzyiqlər altında nəinki «formasını dəyişmir», buqələmun kimi rəngdən rəngə düşmür, əksinə onlarla mübarizəyə qalxır. Şellinqin dediyi kimi, «O, yolayrıcındadır. O, nə seçirsə seçsin, qərar onun əməlidir. Amma qərar qəbul etməyə bilməz, çünki Allah zəruri olaraq açılmalıdır, çünki məxluqda ümumiyyətlə heç nə ikili qalmamalıdır». Və gənc aşkar, yaxud gizli – şeirlərilə, əsərləri ilə mübarizəyə qalxır. Lakin danmaq olmaz ki, bu da bir növ inikasdır. Yəni bir var yüksək inkişaflı bir cəmiyyətin, bir də var ziddiyyət, nöqsan dolu bir «toplum»un nümayəndəsinin reaksiyası. Bu baxımdan, Ülvinin dedikləri obyektiv bir həqiqətdir:
Atam, anam zəmanədi,
Mən zəmanə uşağıyam.
Lakin bir həqiqət də var ki, gənclərin daşıdıqları missiya vahid bir aləmə aid olduğununa görə, onların reaksiyalarında, mübarizə üsullarında oxşar cəhətlər çoxdur. Əlbəttə, cəmiyyət nə qədər az inkişaf olursa, təzyiqi də bir o qədər artıq olur. Bu baxımdan, naqis cəmiyyətdə gənc üçün fəaliyyət göstərmək, yaratmaq, ümumiyyətlə, var olmaq həddindən artıq çətindir, ağırdır.
Bunlar XVIII əsrin çaxnaşma, «zəhər» dolu ingilis cəmiyyəti haqqında Bayronun dedikləridir:
Ey həyatımız! Sən kainat xorunda
Yalançı səssən! Sən nəsildən nəsilə
Atalarımızın bizə vəsiyyət etdiyi bəlasan,
Nəhəng ançarsan, meyvəsi zəhər!
Bu, XIX əsrin inqilab ruhlu Rusiyası Puşkinin dilində:
Yanırıq azadlıq anları üçün,
Ürəyimiz qeyrət üçün döyünür.
Dostum, qəlbimizin hər döyüntüsü,
Xalqa həsr olunub deyə öyünür.
Bu, XX əsrin əvvəllərində milli təfəkkürün, milli ruhun qalxdığı savaşın şahidi olan Azərbaycan cəmiyyəti Müşfiq qələmi ilə:
Bir parça atəşim, bir parça yanğın,
Qəlbim örnəyidir yanar bir dağın.
Qarşımda duramaz nə sel, nə daşqın,
Təbiətlə mənim zərafətim var.
Bu da torpaqları işğal olunun, üzbəüz dayandığı xain düşmənlə deyil, onun arxasında dayanan hansı isə gözəgörünməyən qara bir qüvvə ilə mübarizə aparmalı olan XX əsrin sonlarının Azərbaycanı Ülvinin misralarında:
Qarabağdı mənim dinim-imanım
O torpağın
nişanəsi, iziyəm.
Məni belə
aciz görmə qəbirdə,
Qəbirdə də
Qarabağın özüyəm.
Gerçəkliklə, yaşadığı cəmiyyətlə uyuşmayan ruh özü də bilir ki, bu qeyri-bərabər bir mübarizədir. O, narahatdır, qorxur, lakin içindəki ilahi hiss daha güclüdür. Bu, əliyalın düşmənin üzərinə yeriyən qəhrəmanın qorxusudur. Bu, insanlığa yönəli, acizlikdən doğan bir nifrət deyil. Bu, inkişafa, ucalığa qarşı duran quruluşa nifrətdir. Bu, geriliyə, müqəddəsliyə təhlükə yaradan hər şeyə üsyandır. Bu, içindəki bütün nuru, işığı heç cürə bütövlükdə insanlara çatdıra bilməyən özünə qarşı üsyandır. Bu üsyan gəncdə möhkəm bir iradə, mübarizə əzmi, cismani ölümün dik gözlərinə baxmaq cəsarəti yaradır, çəkic dəmiri döyəcləyib qılınca çevirdiyi kimi, qorxu da bu gənci cilalayıb bir cəngavərə çevirir.
Bu qoca dünyada özünün tək deyil, milyonlardan biri olduğunu, bu həqiqətlərin səndən əvvəl, hətta daha gözəl şəkildə deyildiyini qəbul etmək o qədər də asan deyil və bir çox gənc ömrünün «odlu-alovlu», böyük ideyalarla aşıb-daşan mərhələsini «başa vuranda» ağır depressiya yaşayır.. Özünü, öz mahiyyətini, bu həyata gəlişinin səbəbini anlamağa çalışan və bunun üçün «varlıq badəsini gözyaşları ilə isladaraq gözüyumulu içib» yalnız ölüm ayağında gözlərini açan Lermontov böyük bir çaşqınlıqla deyir:
Görürük ki, o qızıl badə
Boşuymuş elə əzəldən.
Onun içindəki mey – arzularıymış,
Sən demə, heç o da bizim deyilmiş.
Bu səbəbdəndir ki, Ülvinin dalğaları «at kimi minib çapan», dalğaların bağrını yaran qəhrəmanı fırtınanın asanlıqla onun suda açdığı izləri sildiyini görəndə qol-qanadı sınır və «açdiği izlər kimi, kədərli gözlər kimi, firtinada boğulur».
Bəli, qəribədir ki, illərnən gəlməli olan bu ruh düşkünlüyünü, «depressiyanı» bu gənclər enerjili, coşqulu vaxtlarında yaşayırlar. Lakin onların digər gənclərdən üstünlüyü ondadır ki, söykənə biləcəkləri bir arxaları – Allah və həyatlarını mənasızlaşmaya qoymayan bir missiyaları var. Yaradıcılığı gəncin həm qorxu yeri, həm xilasıdır, həm əbədiyyətə, həm də ölümə aparan yoludur. Yaradıcılığı gəncin özüdür – qaçıb qurtarmaq, onu qəbul etmək istəməyən insanlar arasında təsdiqləmək istədiyi mən-i. Puşkin təsadüfən öz yaradıcılığı ilə özünə bir abidə ucaltdığını demir:
Yox, mən ölməyəcəyəm, cismim torpaq olsa da,
Rübabımın səsində ürəyim döyünəcək.
Bircə şair qalsa da qədim, ulu dünyada,
Əbədi şöhrətimlə mənəm yaşayan demək.
Məşh ruhunun yaradıcılıq eşqidir ki, Ülvini öz cığırını ulu sələflərinin yollarına qatmağa həvəsləndirir:
Mübarizə aparır,
Milyon-milyon «şairlər»
Bu yola çatmaq üçün.
Öz açdığı cığırı
Bu yola qatmaq üçün.
Beləliklə, bu gənclərin özləri və sözləri bir fəlsəfə çatdırır: ülvi gəncliyin fəlsəfəsi – pak, təmiz ruhun mübarizəsi, ilahi aləmlə qovuşması, digər həmyaşıdlarında nöqsan sayıla biləcək bir keyfiyyəti ən ülvi mərtəbəyə qaldırıb, onun kamil formasını nümayiş etdirmək bacarığı, ən qısa ömürdə hikmətli söz demək qüdrəti.
Könül Bünyadzadə
fəlsəfə elmləri doktoru