Səlahəddin Xəlilovun mənəviyyat fəlsəfəsi haqqında mühazirəsi
Fəlsəfə üzrə növbəti mühazirəmizin mövzusu “Mənəviyyat fəlsəfəsi”dir. Sual oluna bilər: nəyə görə növbəti mövzumuz məhz mənəviyyat haqqındadır? Ötən mühazirəmizdə biz fəlsəfədən danışarkən əvvəlcə onun ərtafında xeyli fırlandıq, sonra da “Mən” mövzusunda dayandıq. İnsanın öz cismani varlığından ayrılması fəlsəfi düşüncənin başlanğıcıdır. Nə qədər ki, insan obyektiv dünyada baş verən hadisələrin axarında gedir, özünü onların bir hissəsi hesab edir, o qədər də onda fəlsəfi düşüncə yoxdur. Fəlsəfə insanın özünün təbiətdən ayırdığı məqamdan başlayır. Bu ayrılma nəticəsində insan öz “Mən”ini dərk edir. Bununla da dünya iki yerə ayrılır. Buna qədər dünya bütöv idi.