Fəlsəfədə
insan-dünya münasibətlərinin modelləşdirilməsi, bir tərəfdən gerçək həyat təcrübəsindən,
digər tərədən, elm və sənət üzərindən həyata keçirilir.
Hər bir insan
özünü bu və ya digər dərəcədə, müxtəlif səviyyələrdə dərk edir. Amma əslində
insanın özü haqqında təsəvvürü gerçəkliyə uyğun olmaya da bilər. Ən pisi odur
ki, insanlar öz obrazını, öz modelini çox vaxt tərəfkeşliklə, obyektivlikdən
uzaq, bəzən hətta idealizasiya etməklə yaradırlar. Özlərini görə bilmir və çox
vaxt başqalarını özlərindən daha çox
tanıyırlar. Çünki başqalarına münasibətdə daha obyektiv olurlar.
Lakin insan özünü
olduğu kimi dərk etməyə çalışsa da, bu elə asan məsələ deyil. O öz sifətinə
aynada rahatca baxa bilər, amma iç dünyasını göstərən ayna tapmaq çətindir.
Belə bir funksiyanı yerinə yetirən “ayna” – əslində fəlsəfədir. Yəni insan
özünü qapalı olduğu vaxtda, tənhalıqda, ayrılıqda deyil, ancaq dünya ilə
münasibətdə dərk edə bilər. Dünya iki fərqli vəziyyətdə öyrənilir: insanın
müdaxiləsi olmadan, obyektiv şəkildə; bu – elmin funksiyasıdır. Bir də İnsanın,
“mən”in iştirakı ilə, yəni insanlaşmış, “mən”ləşmiş dünya – bunu öyrənmək
ədəbiyyatın, sənətin funksiyasıdır.
Əbu Turxan
təlimində dünya əbədi sonsuz və tükənməz olan imkanlar dünyasıdır. Hər bir
insanın model-dünyası ancaq bir anzində aktuallaşa bilir. Və bu an sonsuz kiçik
olduğu təqdirdə insanın dünyası heçliyə çevrilir.Fəlsəfə ilə dini uzlaşdırmaq
təşəbüslərindən biri məhz bu məsələyə aiddir. Onun fikrinə görə, imkanlar
dünyası zaman və məkan çərçivəsinə salınmadan, yəni bütövlükdə və tamamilə
ancaq Allah tərəfindən aktuallaşdırıla bilər. Allahın dərgahında imkan ilə
gerçəklik eyniyyət təşkil edir; çünki imkan dünyası heçlik yox, varlıqdır. Buna
yaxın mövqedən çıxış edən sufilər belə hesab edirlər ki, var olan ancaq
Allahdır, qalan hər şey fanidir, heçlikdir. Lakin Əbu Turxan təlimində məsələ
bir qədər başqa cür qoyulur. Burada söhbət Allahın varlığından-yoxluğundan
getmir; söhbət dünyanın O-nun üçün var olmasından, varlığından gedir. Yəni
əslində insanın ancaq bir zaman anı və ən kiçik məkan kontiniumu çərçivəsində
(guya) aktuallaşdıra bildiyi model-dünyadan fərqli olaraq, Allah üçün öz
yaratdığı dünyanın həm zaman, həm məkan rakursunda bütün nöqtələri aktuallaşa
biləndir.
|