AFSEA tərəfindən nəşr olunan «Fəlsəfə və sosial-siyasi elmlər» jurnalının 2009-cu ildə dördüncü nömrəsi çapdan çıxmışdır.
Redaksiya Şurasının sədri akademik Ramiz Mehdiyev jurnala yazdığı ön sözdə bildirir ki, istənilən nəzəri elm sahəsi öz tətbiqi ilə dəyər kəsb edir. Uzun müddət fəlsəfəni praktikadan uzaq, ifrat mücərrəd və metaelmi bir sahə kimi başa düşənlər ictimai hadisələrin gedişinə daha böyük tarixi zaman intervalında baxsalar, fəlsəfi təlimlərin də gec-tez praktik nəticələrə gətirdiyinə əmin ola bilərlər. Həm də bu nəticələr bütövlükdə dövrün ab-havasını müəyyən edir, tarixin gedişatına, strateji inkişaf istiqamətlərinə təsir göstərir.
Azərbaycanda təkcə Şərq və Qərb sivilizasiyaları qovuşmur. İndi Azərbaycan həm də sosialist və kapitalist düşüncələrinin görüşdüyü bir arena, siyasi-ideoloji bir səhnədir. Biz uzun müddət sosializm cəmiyyətində yaşamış, kommunizm idealını tərənnüm etmişik. İndi isə yeni iqtisadi münasibətlərə keçməklə, kapitalizmin bir sıra dəyərlərini mənimsəyirik. Lakin söhbət heç də bir ideologiyanın və dəyərlər sisteminin bütövlükdə və tamamilə ləğv edilərək, yerinə başqa hazır sistemin transfer edilməsindən getməməlidir. Bəli, marksizm fəlsəfəsi qüsurlu təlim idi. Lakin onu sadəcə olaraq hər hansı bir müasir Qərb fəlsəfi təlimi ilə əvəz etmək də eyni dərəcədə yanlış mövqedir.
Böyük türk mütəfəkkiri Oqtay Sinanoğlunun 75 illik yubileyinə həsr edilmiş bölmədə alimin yaradıcılığı haqqında «“Beyin köçü”: gedib qalanlar və qayıtmaq üçün gedənlər” adlı qısa fəlsəfi şərh və onun özünün “Elm, elm siyasəti və universitetlər” adlı çıxışının tərcüməsi təqdim edilir.
Bundan əlavə jurnalda siyasi elmlər, fəlsəfə tarixi və milli-mənəvi dəyərlər rubrikaları da yer almışdır. Burada prof. Səlahəddin Xəlilovun “İbn Ərəbi və Şəbüstəri”, Qazaxstanlı tədqiqatçı fəl.e.n. Nailə Х. Jolməhəmmədovanın “Orta əsr ərəb-müsəlman mədəniyyətində estetika” (rus dilində), fəl.e.d. Könül Bünyadzadənin “Şərq və Qərb: tarix və müasirlik”, Nərmin Fərəcullayevanın “Fəlsəfədə antifundamentalizm haqqında”, İbrahim Allahverdiyevin “Əbdürrəhman Caminin kamil insan” adlı məqalələri yer almışdır.
Jurnal görkəmli filosofların əsərlərindən tərcümələrin çapını davam etdirir. Bu sayda XIV əsrin görkəmli sufi mütəfəkkiri Əbdülkərim Cilinin “Kamil İnsan” əsərindən bir parça, Məhəmməd İqbalın “İslam düşüncəsində hərəkət prinsipi” adlı məqaləsi və Hilmi Ziya Ülkənin “Fenomen inancı və ideal inancı” adlı məqalələri Azərbaycan dilində ilk dəfə olaraq işıq üzü görür.
Ənənəvi olaraq jurnalın bu sayında da AFSEA-nın həyata keçirdiyi və ya qatıldığı elmi-fəlsəfi tədbirlər, eyni zamanda Azərbaycan filosoflarının xarici ölkələrdə keçirilən bir sıra konfranslarda iştirakı haqqında məlumat dərc olunmuşdur.
AFSEA-nın və Redaksiyanın ünvanı:
Bakı AZ1014, Bülbül prospekti, 33
Tel.: (994-12) 498-17-45
|