12 il öncə – 2002-ci ildə, müstəqil Azərbaycanın öz gələcəyini özü qurmaq əzmindən çıxış edərək, millətin fəlsəfi özünüdərk potensialını səfərbər etmək, dünyada gedən proseslərin ideya əsaslarını müəyyənləşdirmək və Azərbaycanın, hətta bütövlükdə türk dünyasının bu mürəkkəb zəmanədə tutmalı olduğu mənəvi-intellektual unkişaf yoluna işıq salmaq məqsədi ilə ölkəmizdə Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası qurduq və onun orqanı olan bu jurnalın nəşrinə başladıq. Maləsəf, bütün dünyada gedən və Azərbaycanın da qeyd-şərtsiz qatıldığı fəlsəfəsizləşmə tendensiyası elə vüsət aldı ki, biz hələ nəyin nə olduğunu müəyyən edənə qədər, intellektual potensialın fəlsəfi düşüncə oxundan əks istiqamətdə səpələnməsinin şahidi olduq. Dünyada pozitivizm və praqmatizm dalğalarının tuşuna gələn ənənəvi fəlsəfi fikir səngidikcə və mövqelərini itirdikcə intellektual xəritə yenidən çəkildi və fəlsəfi fikirlə birlikdə onun təmsilçiləri də əyalət bölgəsində qaldılar. 300 ildən artıq hökm sürən rasionalizm və rasional fəlsəfi fikirdən bəhrələnmiş Avropa indi daha artıq bu ənənəvi fəlsəfədən üz döndərsə də, əvvəlki böyük prosesin sadəcə ətaləti də onları mənəvi iflasdan xilas edir. Amma ətraf xalqlar Yeni Dövr fəlsəfəsini hələ təzə-təzə mənimsəməyə başladığı halda, çağdaş Avropanın anti-rasionalist və postmodernist düşüncə tərzinin felinə uyur ki, bu da Qərbin vaxtilə keçdiyi özünüdərk yolunu bizim də keçməyimizə mane olur. Onlar artıq bəhrələnmiş olduqları, üzərində neçə-neçə dayanıqlı mədəni-intellektual təsisat qurduqları bir fikir potensialından qismən imtina etdikləri halda, biz də onlara baxaraq, hələ heç yetişdirə bilmədiyimiz, necə deyərlər, heç dadına da baxmadığımız bir nemətdən, ruhani sərvətdən imtina edirik. Digər tərəfdən, bazar iqtisadiyyatının ilk dönəmində qaçılmaz olan kapital kultu fəlsəfi fikrin antitezi kimi çıxış edir və milli fəlsəfi fikir potensialın realizasiyasına imkan vermir. Azərbaycanda fəlsəfənin tədrisi minimuma endirilmiş, fəlsəfə elm və ədəbiyyatla paralel, müstəqil bir fikir sahəsi kimi formalaşmaq əvəzinə, elmin ikincidərəcəli əlavəsinə çevrilmiş və beləliklə də istedadlı gənclərin fəlsəfi fikrə cəlb olunması perspektivi kölgədə qalmışdır. Dərc etdiyimiz fəlsəfə jurnalı müəyyən uğurlar qazansa da, dünya miqyasında tanınaraq, xülasələri Philosophy İndex-də dərc olunmaq hüququ qazansa da, orijinal fəlsəfi tədqiqatların nəticəsi olan məqalələr getdikcə azalır və fəlsəfi fikir də icmalçılıq və plagiatçılıq tendensiyalarının qurbanına çevrilir. Belə bir şəraitdə biz xarici müəlliflərin məqalələrinə üstünlük verməli oluruq ki, bu da jurnalın qarşıya qoyduğu məqsədə tam cavab vermir. Bir xalqın milli-fəlsəfi fikrinin ifadəsinə xidmət edən elmi yurnalın dünya miqyasında tanınması, qəbul edilməsi böyük işin ancaq başlanğıcıdır. Bu səviyyədə fəaliyyətin davamlı prosesə çevrilməsi üçün müvafiq elmi-fəlsəfi mühit olmalıdır. Mühit olmayanda isə ya gərək jurnal elmi imitasiya edən saxta mühitin səviyyəsinə ensin, ya da gerçək elmi mühit yetişənədək fəaliyyətinə ara versin.
|