az  |   tr
Fəlsəfə dünyası

Əbu Turxanın hikmət dünyası   –  [17.03.2012]



Prof. Dr. Səlahəddin Xəlilovun təqdimatında

 

 

         İNSAN

 

İnsan bir kitabdır ki, zaman keçdikcə başqaları tərə­findən səhifə-səhifə oxunur və nə qədər diqqətlə oxunsa da, açılmayan səhifələrin sayı daha çox olur. İnsanın özü isə əksər hallarda öz kitabını oxu­maq və dinləmək imkanına malik ol­mur. O öz nitqi və əməlləri ilə başqaları üçün açıl­sa da, baş­qa­ları tərəfindən oxunsa da, onun içində daha nələr olduğu, sa­bah nələr etməyə qa­dir olduğu, bu dünyaya nə kimi bir missiya ilə gəldiyi tam  bilinmir.

İnsan dünyaya boş yerdə gəlmir. Ona qədər müəyyən tə­bii və ictimai mühit mövcud olur. Və bu mühitin öz ruhu (nəfsi), öz meyarları və prioritet maraq dairəsi vardır. Bu mü­hitə düşən insanlar həmin bu maraqlara xidmət etməyə, öz hə­ya­tını həmin bu meyarlar baxımından qurmağa çalışırlar.       

Müasir dövrdə bəşəriyyətin əldə etdiyi ictimai təcrübə və yüksəldiyi intellektual səviyyədən elm, fəlsəfə, din, əxlaq və di­gər mənəvi dəyərlər sisteminə yenidən baxılmasına, onların in­san həyatında rolunun yenidən dəyərləndirilməsinə böyük eh­tiyac vardır.

Cəmiyyətin yüksək dərəcədə təşkilatlanmış olduğu bir şəraitdə hər bir insanın fərdi həyatı özündən daha çox, kənar amil­lərdən asılı olur. İnsan hələ dünyaya gəlməmiş, onun ya­şamalı olduğu təbii, sosial-iqtisadi və mədəni-mənəvi mühit ar­tıq formalaşmış olur və bu mühit fərdlə müqayisədə qat-qat bö­yük miqyaslı proseslərlə bağlı olduğundan xeyli dərəcədə əta­lətli və konservativ olur. Onun azacıq da olsa dəyişdirilməsi, bir tərəfdən, böyük daxili enerji, inqilabi təfəkkür və əzm, digər tə­rəfdən də sosial enerjinin konsentrasiyası, ictimai şüurun yönəl­dil­məsi və idarə olunması – sosial təşkilatlanma tələb edir.

Lakin mühiti dəyişmək zəruridirmi? Daha doğrusu, həmi­şəmi buna ehtiyac vardır?

İnsan müəyyən zamanda və məkanda dünyaya gəlir. Bu, onun qismətidir. O ya öz taleyi, qisməti ilə barışmalı və mühitə uyğunlaşmalı, ya da mühiti dəyişdirmək kimi çətin bir yola qə­dəm qoymalıdır ki, bu yol da ancaq daxildən gələn işıqla ay­dın­laşa bilər.

Mühitə qarşı dayana biləcək, ona alternativ ola biləcək ye­ganə mənbə insanın daxili mənəvi aləmidir. Sual oluna bilər ki, bəs daxili aləm özü də mühitin təsiri ilə formalaşmırmı? Əlbəttə, mühitin müəyyən bir təsiri vardır. Amma tam əksinə olan bir proses də gedir; mühit özü sosiallaşmış mənəvi potensialdır. İnsanların ideyaları, dü­şüncə və arzuları öz maddi təcəssümünü tapdıqca, təbiət özü də in­san­laşır; ikinci təbiət yaranır. İnsanların ehtiyacına uyğunlaşmış tə­biət ictimai müna­si­bətlərin daha dayanıqlı, sabit olmasına şərait yaradır. İnsanın mənəvi həyatı onun maddi varlığı, bədəni ilə bağlı olduğu kimi, cəmiyyətin də mənəvi həyatı maddi mə­də­niyyətlə, ictimai münasibətlər sistemi ilə sosiallaşmış təbiətlə sıx surətdə bağlı olur. Əvvəlki nəslin ideyaları onun yaratdıq­la­rının timsalında sonrakı nəsil üçün mühitə, bazisə çevrilir. Bu bazis mürəkkəb, sinkretik sistem olmaqla həm ictimai mühiti, həm sosial-təbii mühiti, həm də mədəni-mənəvi mühiti ehtiva edir. İctimai varlıqla ictimai mühit sıx surətdə bağlıdır. Lakin in­san mühitə bağlanmaq məcburiyyətindədirmi?

Özünü dərk etmək, tanımaq, həyatını öz me­yarlarına uy­ğun şəkildə qurmaq heç də bütün insanlara qismət olmur. Neçə-neçə insan bu dünyada həyat sürüb, başqaları ilə ünsiyyətdə olub, başqalarını tanıyıb, onlarla iş birliyi qurub, amma bir dəfə də olsun özü ilə görüşmək, özünü tanımaq və öz seçimi ilə nə isə bir iş görmək şansı ol­mayıb. Daha doğrusu, bu şans bəlkə də olub, amma o bu şansdan istifadə etmək cəsarətini özündə tap­ma­yıb.

Amma kimə ki, özü ilə ilk dəfə görüşmək nəsib olur, onun ke­çirdiyi hisslər ürək çırpıntıları və hey­rət­lə mü­şayiət olunur. Başqa­sının istəklərinə və düşüncə­lə­rinə soyuqqanlı ya­naş­maq, onları tənqidi surətdə nəzərdən keçirmək emosiyasız da mümkündür. Yaxın adamla­rı­n mövqeyinə, həyat tərzinə biganə qalmaq çətindir. Özünə qarşı biganəlik isə qeyri-mümkündür. Düzdür, in­san özünü heç tanımadan rahatca «yaşayır». Amma əs­lində kimin həyatını yaşayır? Başqaları­nın həyatı üçün əla­vəyə, vasitəyə çevrilmir ki?

Hegel «Tarix fəlsəfəsi» əsərində diqqəti insanın özünün əs­lində nə olması haqqında fikirlərin tarixən də­yişilməsinə yönəldir. Misirlilərin bu haqda düşüncə­lə­rini ifadə etmək üçün Neyt ilahəsinin məbədində həkk olunmuş məşhur ya­zını misal gətirir: «Mən o-yam ki, olmuşam, varam və ola­cağam: heç kim mənim pərdəmi götürməmişdir.» İnsanın özü haqqında bilgisi, özünə münasibəti problemi daha yüksək inkişaf pilləsi olan yu­nan təfəkküründə daha aydın qoyulur və «özünü dərk et!» şək­lində konkretləşir. Hegel bu fikri izah edərək yazır ki, burada söhbət heç də hər bir insa­nın öz müsbət və mənfi, üstün və zəif cəhətlərini anlamasın­dan getmir. Əsas məsələ ümumiyyətlə in­sanın özünü dərk etməsidir. Bu mənada özünüdərk Öz-ün, fərdi Mən-in yox, insan ümumisinin dərkidir və tarixi bir prosesdir. Lakin hər bir insanın öz şəxsi həyatında məhz öz fərdi varlığını dərk etməsi problemi də çox önəmlidir. Həm də bu zaman pro­ses daha çox dərəcədə duyğu, hissiyyat müs­­təvisində gedir, in­san həya­tının tərkib hissəsi kimi yaşanır.

Özünün əslində kim oldu­ğu­nu, ürəyindən nələr keç­diyini bilmək imkanı insanı vahimə­ləndirir. İnsanın özü ilə gö­rüşü onun özü haq­qında yaratdığı himsiz-bünövrə­siz, təx­mini, ufaq ob­razın, bə­zən mifin dağılması ilə nə­ticələnə bilər və insanın həqiqi siması özü üçün tam bir yeni­lik ola bilər. Şo­pen­hauer yazır ki, insandan başqa heç bir varlıq öz mövcudluğuna təəccüb və heyrətlə baxmır. İnsan öz şüurlu həyatını yaşa­yar­kən, öz mövcudluğuna izahat tə­ləb etməyən bir reallıq kimi ba­xır. Lakin insanın öz Mən-inə kənardan baxmaq im­kanı fəlsəfi düşüncələrin əsası olur və məlum olur ki, insanın kortəbii fəaliy­yəti çox vaxt onun öz maraqlarının əksinə yö­nəl­miş­dir.

Bəzi adamlar öz qəlbini dinləməkdən məqsədyönlü su­rət­də çəkinir,  öz həyat tərzini mövcud sosial nor­malara, mə­­nəvi prinsiplərə, əxlaqi dəyərlərə uyğun surətdə qurmağa ça­lışır və əslində nə kimi bir materialla işlədikləri­nin fərqinə var­mırlar. Lakin bu material insanın istəyindən, arzusundan asılı ol­madan irəlicədən verilmiş, başqası tərə­findən yaradılmış bir gerçəklikdir. Elə bir gerçəklik ki, onunla tanışlıq ya meditasiya, ya da fəlsəfi reduksiya zamanı mümkün olur. Hər iki halda in­san bütün kənar təsirlərdən, sonradan əldə edilmiş keyfiy­yət­lər­dən, cəmiyyətin, mühitin insana təlqin etdiklərindən uzaq­laş­maq, «xilas olmaq» yolu ilə özünə yaxınlaşmağa çalışır. Bu bir azadlıq məqamıdır və bundan sonrakı fəaliyyət ancaq insanın həqiqi Mən-inin realizasiyası kimi həyata keçir.

Lakin insan öz həyat yolunun yeganə qurucusu, özü-özünün tək subyekti deyil. Burada “alın yazısı”nı və yaşadığı dövrün və mühitin təsirlərini də nəzərə almaq lazım gəlir. İnsanın bütün həyatı mühitlə dialoqa və ya mücadiləyə həsr olunur. İn­san, onun yaxın ətrafı, uzaq ətrafı, ictimai mühit, millət, bə­şə­riyyət – hamısı bir zəncirin halqalarıdır.

         Kənar təsirlər arasında insanın genetik koduna, proqra­mı­na, mis­siyasına uyğun gələn, ona təkan verən mütərəqqi amil­lərlə yanaşı, onu əngəlləyən mürtəce amillər də vardır: “İnsanı aşağı çəkən qüvvələr sərvət və şəhvət, insanı ucaldan – yaradı­cı­lıq­dır”.

Başqalarını adətən əməllərinə görə, yəni gerçəklik müs­təvisində tanıyırlar. Özünü isə insan ürəyindən keçən­lərlə və im­kanlarını düzgün qiymətləndirməklə, yəni niyyət və imkan müs­təvisində tanımalıdır.

Belə bir atalar sözü var: “Alim olmaq asandır, insan olmaq – çətin”. Xatırlayıram ki, bəzi alimlər bu sözdən in­cidiklərini gizlətməyib, hətta televiziyadakı çıxışları zamanı isbat etməyə çalışırdılar ki, alim olmaq çox çətindir, hər adam alim ola bilməz, amma görəsən, atalarımız niyə belə deyiblər? Doğrudan da hər adam alim ola bilməz. Və bu cür yanaşdıqda məhz alim olmağın çətinliyi vurğulanmalıdır. Amma bir şey unudulur ki, bu atalar sözündə “insan” anlayışı “hər adam” mə­nasında deyil, “kamil insan” mənasında işlədilir. Və əslində bu iki fikri birləşdirərək belə demək daha dəqiq olardı: “Alim olmaq çətindir, kamil insan olmaq isə ondan da çətindir”; çünki onun əlavə şərtləri də var. Bura ilk növbədə yüksək mənəviyyat aiddir ki, buraya da alicənablıq, fədakarlıq, qorxmazlıq, ləyaqət və s. onlarca insani keyfiyyət daxildir və bunların heç biri “alimlik” anlayışında ehtiva olunmur.

Sual tərsinə də qoyula bilər: bəs kamil insan olmaq alim­liyi də ehtiva edirmi? Əgər belə olsa idi, onda yuxarıdakı atalar sö­zünün dəqiqliyi mübahisə obyekti ola bilməzdi, çünki alimlik in­sanlığın şərtlərindən biri olmaqla ona çatmağın ancaq bir pilləsi olardı. Amma əslində alimlik insanlıq üçün şərt deyil, yə­ni bu iki keyfiyyət müqayisə oluna bilməyən keyfiyyətlərdir. Necə ki, kamil insan zirvəsinə çatmadan da alim olmaq müm­kündür, eləcə də alimlik zirvəsinə çatmadan da kamil insan olmaq mümkündür. Bu baxımdan, hansının daha çətin olması sualı məntiqi baxımdan cavablandırıla bilməz. Əgər statistikaya müraciət etsək, əsl insanlar az olduğu kimi, əsl alimlər də azdır. Amma formal yanaşdıqda və istənilən elmi dərəcəsi olan adama alim dedikdə, bu atalar sözü özünü doğruldur, çünki rəsmi alim olmaq təhsil və təlim sayəsində çoxları üçün əlçatan olan, adi bir hadisədir. Təəssüf ki, müasir dövrdə bu atalar sözü getdikcə daha çox dərəcədə özünü doğruldur. Yəni alim olmaq asanlaşır, əsl insani keyfiyyətlər isə sanki keçmişdə qalır və nisgillə xa­tırlanır. Məhz buna görə də yeni deyimlər əmələ gəlir: “Yaxşı kişilər yaxşı atlara minib getdilər”. Sanki “kamil insan” axta­rış­ları da daha artıq keçmişdə qalır. Hətta müasir ədəbiyyat da kamil insandan, “müsbət qəhrəman”dan üz döndərir və biz belə qəhrəmanlara ancaq klassik ədəbiyyatda rast gəlirik. Maraqlıdır ki, müasir fəlsəfə də, psixologiya da indi daha dahiliyin, qəh­rəmanlığın deyil, anormallığın tədqiqi ilə məşğul olur. Anor­mal­lıq sənətin də obyektinə çevrilir və sanki insan azadlığının ta­pın­tısı olur. Başqa sözlə desək, insan azadlığa ona görə can atırmış ki, anormallığın dadını çıxara bilsin. Axı, normativlər, qaydalar, ictimai əxlaq, mənəvi prinsiplər hamı üçün eynidir. Azadlığı nəyin bahasına olursa-olsun, “hamıdan” fərqlənmək kimi başa düşənlər özlərinin buna uyğun fəlsəfələrini də yara­dır­lar.

Nəyə görə? Çünki kamil insana gedən yolda adamlar bir-birinə yaxınlaşır və zirvədə, hətta üfüqdə eyniləşirlər. Anormal­lığın isə yolları istənilən qədərdir. Hərə bir cür dəli ola bilər. Hə­rə qaydanı öz istədiyi kimi poza bilər. Kənaraçıxma insan fər­diyyətinin əlaməti kimi təqdim olunur. Avropa indivi­du­aliz­mi Şərqin kamil insan obrazına qarşı qoyulur. Amma halbuki pozitiv fərdiyyət, dahilik normalardan aşağı dığırlanmaq yolu ilə deyil, onların fövqünə qalxmaq yolu ilə əldə edilməlidir. İde­ala gedən yol hələ keçilməmiş bir yoldur və onsuz da hər kəs öz izini qoyur və öz cığırını açır. Qəlbin qaranlıqlarına səsləyən azadlıq duyğusu və üfüqdəki, zirvədəki işığa səsləyən azadlıq duyğusu fərqli şeylərdir. Norma harada isə qaranlıqla işıq arasın­dadır. Normallar alatoranda yaşayırlar. İşıq dəliləri (dahilər) onları işığa, qaranlıq dəliləri (anormallar) isə onları qəlbin işı­ğından azad olmağa səsləyirlər.

 

 

Aforizmlər

 

Hər bir insan öz sevgisi qədərdir.

 

***

 

İnsanın ən böyük səyahəti öz daxili aləminə səya­hə­tidir.

 

***

 

Özünü tanımayan insanlar öz həyatlarını yaşamır­lar.

 

***

 

Özünü tanımaq heç də hamıya sərf etmir.

 

***

 

Biz adətən özümüzü yox, başqalarını görürük. Özünü görməyin yolu isə özünə başqalarının gözü ilə baxmaqdır.

 

***

 

İnsan var, dərya kimidir: baş vurdunsa, çıxmaq çətindir; insan var, divar kimidir: qarşında durur və heç nə görə bilmirsən; insan var ki, şüşə kimidir – dünyanı sənə göstərməyə çalışır; insan var ki, ayna kimidir, səni özünə göstərməyə çalışır.

 

***

 

«Mən»­dən uzaq­laş­dıqca dünya genişlənir, ge­niş­ləndikcə seyrəlir və yad­la­şır.

 

***

 

Ən sərt adamın da içində bir uşaq yatır; sadəcə onu oyatmaq lazımdır.

 

***

 

Odu sevənlər müxtəlif olur; kimi istisinə, kimi tüs­tüsünə, kimi işığına görə; kimi öz “canını oda yax­maq” üçün, kimi başqalarını yandırmaq üçün.

 

***

 

Özünü sevənlərin çoxu əslində özünü deyil, özləri haqqında uydurduqları obrazı sevirlər.

 

***

 

Nura qovuşa bilməyənlərin qisməti nardır.

 

***

 

Dünyanın həqiqətləri elm dilində, insanın hə­qi­qəti isə fəlsəfə dilində yazılmışdır.

 

***

 

İnsanın işığı artdıqca bu fani dünya ona daha qa­ranlıq görünür.

 

***

 

Yolların ən mübarəki insanı özünə çatdıran yol­dur.

 

***

 

Qəlb o zaman geniş olur ki, orada hər yetənə yer olmasın.

 

***

 

Alın yazısı bir dəfə yazılır, amma insana onun üzərində hər dəfə yenidən yazmaq şansı verilir.

 

***

Ləyaqətsiz adamı təhqir etmək mümkün deyil.

 

***

 

Kamillər – yaxşılığı, naqislər isə – pisliyi unutmurlar.

 

 

Müdrik adamın fa­ciəsinə şərik ol, nadan adamın xoşbəxtliyinə şərik olma.

 

***

 

İnsanın xoşbəxtliyi üçün içindəki işıq yetərli deyil; yaşadığı mühit də işıqlı olmalıdır.

 

***

 

İnsanın özünü xoşbəxt hesab etməsi ilə xoşbəxt olması düz, bilikli hesab etməsi ilə bilikli olması isə tərs mütənasibdir.

 

***

 

Xoşbəxt o adamdır ki, xoşbəxtlik axtarmağa ehtiyacı yoxdur.

 

***

 

Xoşbəxtlik indiki gerçəyin keçmişin arzularına uy­ğun gəlməsidir.

 

***

 

İnsan özündə ən azı rüşeym halında olmayanı başqasında görə bilməz.

 

***

 

Hərə öz qəlbinin dərinliklərindəki işığı üzə çıxara bilsə, dünya daha işıqlı olar.

 

***

 

Özün kimi ol: onda səni istəyənlər səni tapacaq, istəməyənlər səndən qaçacaq.

 

***

 

Kitab ol, hamıya açılma; qoy səni ancaq anla­yanlar oxusun!

 

***

 

İnsanın mənəvi dünyası əslində dünyadakı məna­ların dünyasıdır.

 

***

 

Bu aynada mən ancaq özümü görürəm. Amma bu ayna məndən öncə neçə-neçə sifətlər görüb.

 

***

 

“Gözü ayağının altını seçməyənlər” gec-tez həya­tın girdabına düşəcəklər.

 

***

 

Nadan adamın yaxşılığı ilə pisliyi arasında niyyət fərqi olar, nəticə fərqi olmaz.

 

***

 

Pis adamın biliklisi daha təhlükəlidir.

 

***

 

Öz yükünü sakit şəraitdə, günəşli gündə çəkmə­yənlər qarda-boranda tələm-tələsik çəkmək zo­run­dadırlar.


 http://www.525.az/view.php?lang=az&menu=7&id=41653

Baxılıb: 7660    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.