Prof. Dr. Səlahəddin Xəlilovun təqdimatında
Dostluq
“Dostu dar gündə sınayarlar”, – deyib atalarımız. Amma dost dediyin nədir, sınağa çəkdiyin nə? Yaxud əvvəl gərək dostun ola ki, çətin işə gedəndə məhz onu seçəsən. Bütün paradoks bundan ibarətdir ki, dar gündə sınamaq artıq gec olur.
Şərqdə necə ki, məhəbbət reallığın fövqünə qaldırılaraq ancaq onun ifrat, birtərəfli təzahürü kimi tərənnüm olunur, eləcə də dostluğun şərtləri həddindən artıq ağırlaşdırılır və reallığın fövqünə qaldırılır. Əslində isə dostluq da, məhəbbət də iki kənar hal, qütb arasında olduqca müxtəlif rənglər qammasını, bütöv spektri əhatə edən konkret təzahürlərdir.
İnsanın mənəvi aləmi ağıl və ehtirası bir komponent kimi ehtiva edir. Müxtəlif insanlarda onların səviyyəsi müxtəlif olduğu kimi, nisbəti də müxtəlifdir. Bir adamın başqasına münasibətində də ağıl və ya hissin ön plana keçməsi fərdi məsələdir. Amma Şərqin məhəbbət konsepsiyalarında ağıl komponenti sıfıra endirilir və insan ancaq müəyyən bir hissin əsirinə çevrilir.
Dostluq da ünsiyyətdən, yoldaşlıqdan, iş birliyindən, simpatiyadan, qarşılıqlı hörmətdən, fikirlərin, zövqlərin, əqidənin və s. uyğunluğundan ayrılaraq nə isə mütləq bir şey kimi dəyərləndirilir. Bir insanın digər insana mütləq inamı, etibarı, mütləq simpatiyası, mütləq sədaqəti, mütləq qayğısı, mütləq səxavəti; bir sözlə, başqasını özündən əziz, özündən uca tutmaq, özündən öncə onu düşünmək, onun yolunda canından keçmək və s. və s. keyfiyyətlər hamısı reallığın özündən daha çox, onun ifrat vəziyyəti kimi təqdim olunur.
Bəs reallıq necədir? Mütləqə yaxın təzahürlər tək-tək hallarda rast gəlinir və bunlar tarixdə, hafizələrdə məhz xüsusi, əlahiddə bir hal kimi qalır. Biz isə reallıq dedikdə daha çox dərəcədə əksəriyyəti, orta statistik insanı nəzərdə tuturuq.
İnsan tək yaşaya bilməz. O, cəmiyyətin bir üzvüdür. Oxumaq, təhsil almaq üçün, müəyyən bir iş görmək üçün başqaları ilə birlikdə fəaliyyət göstərir. Bu başqalarının kimliyi adətən təsadüfi olur. Hələ lap uşaqlıqdan baxçada kimlərlə birlikdə olmaq, məktəbdə hansı sinfə düşmək və kimlərlə bir sinifdə oxumaq, universitetdə tələbə yoldaşları, yaşadığı məhəllədə qonşular, işlədiyi yerdə iş yoldaşları və s.-lə ünsiyyət ictimai həyatın zəruri şərtləridir. Amma bu böyük kollektivlər içərisində kimlərlə isə daha yaxın iş birliyi yaranır ki, bu da yenə çox vaxt bizim seçimimizdən asılı olmayıb, daha çox şəraitin, situasiyanın bizə təlqin etdiyi əlaqələrdir. Məsələn, tələbə yoldaşları içərisində kiminlə isə həm də qonşu olmaq və ya valideynlərin tanışlığı, nəqliyyat marşrutunun üst-üstə düşməsi – bütün bunlar təsadüflərdir. Amma məhz bu sıx əlaqələr ya rəqabət, ya da dostluq üçün əsas olur. Yoxsa kim isə özünün müəyyənləşdirdiyi meyarlar əsasında qapı-qapı düşüb özünə dost axtarmır.
Mühitin, şəraitin təlqin etdiyi yoldaşlıq o adamlarda dostluğa çevrilir ki, onların dostluq haqqındakı təsəvvürləri insani ləyaqətin tərkib hissəsi kimi, düşünülmüş surətdə bu yoldaşlığın üzərinə gəlir. Yəni sədaqət, etibar və s. keyfiyyətlərin insanın öz təbiətində öncədən olması bu keyfiyyətlərin kimə isə münasibətdə də təzahür etməsinə səbəb olur. Bir insan başqasını özünə dost hesab etməyə başlayır və onu heç düz-əməlli tanımadan, sınaqdan çıxarmadan, onunla “bir pud duz yemədən” öz rəftarını və münasibətini məhz bu prinsiplər üzərində qurur. Psixologiyada buna “köklənmə” (установка) deyirlər. Qarşı tərəf də özünə olan diqqəti, etibarı və qayğını hiss edərək, əgər öncədən həmin keyfiyyətlərə malikdirsə, adekvat addımlar atır. Lakin çox az hallarda hər iki adamın dostluq haqqında təsəvvürləri və şəxsi əxlaqi keyfiyyətləri yüksək mənəvi tələbat səviyyəsində olur. Əksər hallarda tərəflərdən biri öncədən dostluğa köklənməklə, özünü bu dostluğa inandırmaqla birtərəfli qaydada addımlar atır. Qarşı tərəf buna ancaq öz səviyyəsinə uyğun şəkildə cavab verə bilir. Burada biz “ilk məhəbbət” hadisəsinə müəyyən bənzəyiş görürük. Yəni insan yetərincə obyektiv əsas olmadan özünü inandırır və özünə təlqin edir. Lakin fərq bundan ibarətdir ki, dostluq genetik ehtiyacdan daha çox, tərbiyə vasitəsilə təlqin olunmuş yüksək keyfiyyətləri bölüşmək, onları reallaşdırmaq, tətbiq etmək ehtiyacından doğur.
“İlk məhəbbət” də öncə fikirdə yaranmış bir idealın transformasiyasıdır. Lakin bu zaman idealın statusu başqadır. Belə ki, o təkdir və eyni zamanda insanın yalnız mənəvi-estetik ehtiyaclarının deyil, həm də instinktlərinin səfərbər olunması sayəsində formalaşır. Dost isə çox da ola bilər, həm də burada instinktlərin iştirakı yox dərəcəsindədir. İnsanın instinktiv ehtiyacı ancaq ünsiyyətə olan tələbatdır ki, bunun da ödənməsi yolları çoxdur. Yəni Kant deyəndə ki, dostluq – ideyadır, tamamilə haqlıdır. Sadəcə olaraq, heç bir real dostluq “dostluq” ideyasına mütabiq deyil. Kant dostluğu özünə sevgi ilə başqasına sevginin dialektikasından hasil edir. Kanta görə, dostluq münasibətlərində “özünə sevgi qarşılıqlı sevgi ideyasında əriyir”. Amma bu heç də həmişə mümkün olmur. Belə ki, insan qeyri-şüuri şəkildə də olsa, özünü həmişə başqalarından ayırır. Sadəcə olaraq əsl dostluq zamanı dostunu da “başqaları”, yəni yadlar cərgəsində yox, “öz”ü tərəfdə hesab edir. “Mən” və “başqaları” münasibəti “biz” və “başqaları” münasibəti ilə əvəz olunur.
Bu münasibət o vaxta qədər davam edir ki, qarşı tərəfin “biz”ə aid olmadığı, fərqliliyi özünü o dərəcədə aydın biruzə versin ki, hətta ilkin köklənməyə rəğmən bunu görməmək mümkün olmasın. Bu zaman birinci fərqli mövqe “qəlbin bir az sınmasına” səbəb olur. Daha sonra “qəlbin sınması” davam edərsə, tam ayrılma qaçılmaz olur. İnsanın “ilk məhəbbət” ovsunundan ayrılması da eyni mexanizmlə baş verir. Sadəcə olaraq dostluqda intellektin nisbi payı sevgiyə nisbətən daha çoxdur.
Məlum atalar sözündə belə deyilir: “Dost dosta tən gərək, tən olmasa, gen gərək”. Əlbəttə, bu ancaq eyniyyətdən, yaxınlıqdan irəli gələn münasibətlərə aiddir. Amma bu atalar sözü münasibətlərin ancaq bir formasını, növünü nəzərə alır. Halbuki fərq özü də dostluq üçün şərt ola bilər. Yəni insanlar məhz fərqlərinə görə bir-birini tamamlaya bilirlər. Necə ki, məhəbbət iki cür olur, yəni yaxınlıqdan, eyniyyətdən doğan məhəbbətlə yanaşı, fərqdən doğan məhəbbət də vardır, eləcə də dostluğun iki əsas forması vardır. Fərqli adamla yoldaşlıq inkişaf üçün impuls verir. Yəni başqası sənin bilmədiklərini bilir, sənin edə bilmədiklərini edir və nəticədə iki adam birləşəndə daha çox şey bacarır, daha güclü olur. Eyniyyətdən doğan dostluq halında isə iki adamın bir yerdə olması əlavə heç nə vermir; əvəzində eyni bir keyfiyyət daha da vurğulanmış olur. Bir adamın düşüncəsi, mövqeyi bütün dostlar üçün üst-üstə düşür.
Dostluq hansı ehtiyacdan yaranır? Hansı cəhətlərdə fərq, hansı cəhətlərdə eyniyyət daha önəmlidir? Əqidənin, dini mənsubiyyətin, adət-ənənənin üst-üstə düşməsi dostluq üçün nə dərəcədə önəmlidir? Bəs ixtisasların, bilik və qabiliyyətlərin necə, eyni, yoxsa fərqli olması daha yaxşıdır? Eyni dildə danışmayanlar dost ola bilərlərmi?
Əbu Turxan deyir: “Yolları eyni olmayanlar yoldaş ola bilmədikləri kimi, zövqləri, məqsədləri, amalları eyni olmayanlar da dost ola bilməzlər.”
“Biz” və “başqaları” bölgüsünün təməlində hansı meyarlar dayanır? Bu suallara cavab axtaranda xeyli dərəcədə aydınlaşır ki, fərq əqidə və mənəviyyat yox, intellekt və əməli vərdiş sahələrində məqbul sayılır. Tərəflərdən biri fiziki cəhətdən, o biri intellektual cəhətdən üstündürsə, bu cür birlik işin xeyrinə də ola bilər. Amma biri nəcib, o biri nanəcibdirsə... Bir sözlə, “biz” ola bilmək üçün məhz mənəvi birlik tələb olunur.
Azərbaycanda “dar günün dostu”, “gen günün dostu” ifadələri əslində “dost” anlayışını nisbi başa düşməkdən irəli gəlir. Məhz bu cür yanaşmanın nəticəsidir ki, əksər adamlar “dəvəsi düzə çıxanda” daha dar günün dostlarını axtarmırlar. Yəni hər mühitin özünə binəm dostları olması bir reallıqdır. Bu cür yanaşma dostluq ideyasından uzaq olub yoldaşlıq mənasında başa düşülməlidir. “Dar günün dostları” çox vaxt əyləncə, eyş-işrət məclisləri üçün “işə yaramırlar”. Necə deyərlər, hərənin öz təyinatı var. Ona görə də belə kontekstlərdə “dost” kəlməsindən istifadə etməmək məsləhətdir.
Bir sıra aforizmlərdə də “dost” anlayışı ideyaya uyğun olmayan, aşağı səviyyəli yoldaşlıq mənasında işləndiyindən biz onları məqbul hesab etmirik. Məsələn, T.Edison deyir: “Dostunuzdan borc almazdan əvvəl yaxşıca fikirləşin ki, pula, ya dosta daha çox ehtiyacınız var”. İlk baxışda çox cazibədar fikirdir. Amma diqqətlə yanaşıldıqda dost dosta bu cür münasibət bəsləyə bilməz. Ehtiyac yarananda dosta müraciət etməyib, bəs kimə müraciət edəcəksən? Həqiqi dost borc verəndə onu qaytara bilməmək ehtimalını da nəzərə alıb verir. Ona görə də, Əbu Turxan “borcu ancaq bağışlamaq əzmində olanda ver”, – deyir. İmkan varsa, dosta da bağışlamayıb, kimə sərf edəcəksən? Yaxud Sədi Şirazi deyir: “Sirrini heç dostunla da bölüşmə; vaxt gələr, bu sirr səni dostunla düşmən edər”. Yenə də eyni etibarsızlıq. Dost dediyin nədir, etibar etmədiyin nə?
Yaxud B.Franklin deyir: “Düşməninə həm də dost kimi bax, çünki bir çox səhvlərini ancaq ondan öyrənə bilərsən”. Amma həqiqi dost məhz qüsurları deyən dostdur. Bu başqa məsələ ki, dost guya qüsurları görməyə də bilər. Amma biz düşünürük ki, insanda özünütənqid hissi varsa, dosta da tənqidi münasibət bəsləmək və onun qüsurlarını aradan qaldırmaq üçün səy göstərmək mühüm keyfiyyətdir. Yaxud, Əbu Turxan deyir: “Dar günün dostları gen gündə gendə durur”. Bu bir müşahidədir; yəni adətən belə olur. Belə olur, çünki gen gündə çoxlu yeni dostlar peyda olur və həqiqi dostlara sanki vaxt qalmır. Lakin dost dosta ancaq kömək etmək üçün lazım deyil. Gen gündə də dosta ehtiyac var. Bəzən insan sevincini bölüşməyə dərdini bölüşməkdən daha çox ehtiyac hiss edir. Amma sevinci də hər yoldan keçənlə deyil, məhz dostla bölüşmək, sanki öz sevincindən ona ərməğan vermək mənəvi tələbatlardan biridir.
Bir sözlə, həm atalar sözlərinin, həm də aforizm kimi qəbul olunmuş fikirlərin böyük bir qismi aşağı səviyyəli adamların münasibətlərinə aiddir və həqiqi dostluq ideyasına uyğun gəlmir.
Müasir dövrdə insanların həyat tərzinin dəyişməsi “dostluq” məfhumuna da xeyli yeni mənalar gətirmişdir. İndi canlı ünsiyyət üçün məsafə qət edib görüşməyə ehtiyac qalmır. İnternet vasitəsilə də əlaqə saxlamaq olur. Bu, dostların işini asanlaşdırmaqla yanaşı, yeni tipli dostların da əmələ gəlməsinə səbəb olur. Məsələn, “Facebook dostluğu” yeni hadisədir. Burada söhbət əslində tanışlıqdan və ünsiyyətdən gedir. İnsanlar bir-biri ilə fikirlərini bölüşür və sanki həmfikir axtarırlar. Lakin fikirlərin, maraqların, zövqlərin uyğunluğu hələ dostluq üçün yetərli deyil. Zəmanə isə bu cür münasibətləri daha çox aktuallaşdırır.
Ümumiyyətlə, müasir zaman məhəbbətin də, dostluğun da xarakterini dəyişir və onların yenidən dəyərləndirilməsinə ehtiyac yaranır.
Doğma o adamdır ki,
onunla öz ruhunun dilində danışa bilirsən.
***
Başqaları ilə dost olmazdan öncə, insan
öz daxilində ruh ilə bədəninin ittifaqına nail olmalıdır.
***
Dostluq birgə keçirilən vaxtın səmərəsini artırır.
***
Əgər dostun səndən
aşağıdırsa, sən həqiqi dost deyilsən;
əgər yuxarıdırsa, – o həqiqi dost deyil.
***
Kim ki, yeni dostları
köhnələri itirmək hesabına qazanır, onun həqiqi
dostu heç vaxt olmayacaq.
***
Məhəbbətin ömrünü dostluq uzadır.
***
Dostluq eyniyyətdən, məhəbbət fərqdən yaranır.
***
Məhəbbət fərqli tərəflərin dostluğudur.
Fərq azaldıqca məhəbbət keçir, dostluq qalır.
***
Qarşılıqlı olmayan məhəbbətlər çox olur,
qarşılıqlı olmayan dostluq isə yoxdur.
***
Yadlar doğmalaşanda, doğmalar yadlaşır.
***
Ancaq riyakarlar hamı ilə “dostluq” edə bilər.
***
Dağ da tək olanda qəribsəyir;
ona görə də çox vaxt silsilə şəklində olur.
***
Təxəyyülü olan
özünü heç vaxt tək hiss etməz.
***
Dar günün dostları gen gündə gendə durur.
***
Hamı ilə “dost” olanlar
heç kimin dostu ola bilməzlər.
***
Bütün ləyaqətli adamları,
hətta heç vaxt yaxın münasibətdə olmasan da,
özünə dost hesab edə bilərsən.
***
Səmimiyyət dostluğun məhək daşıdır.
***
İki qism adamların dostu olmur:
Birincilər insanlığın elə yüksək mərtəbəsində
olanlardır ki, bu mərtəbədə başqaları sadəcə yox dərəcəsindədir.
İkincilər insanlığın elə aşağı mərtəbəsində
olanlardır ki, orada “dostluq” məfhumunun özü yoxdur.
***
Yolları eyni olmayanlar
yoldaş ola bilmədikləri kimi, zövqləri, amalları eyni olmayanlar da dost ola bilməzlər
http://www.525.az/view.php?lang=az&menu=7&id=43019
|