az  |   tr
Fəlsəfə dünyası

Elmin özünüdərk məqamı   –  [03.06.2012]

 

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilov görkəmli alim, filosof, ziyalı olmaqla yanaşı, həm də təcrübəli təhsil qurucusu və elm təşkilatçısıdır. Onun yaradıcılığı çox geniş və hərtərəflidir; obrazlı şəkildə desək, elmi-fəlsəfi fikrin fizika qütbündən lirika qütbünədək bütün spektri əhatə edir.

S.Xəlilov müasir elmin, təbiətşünaslığın fəlsəfi problemlərinin incəliklərinə necə nüfuz edirsə, ədəbi-bədii fikrin də fəlsəfi qatlarında eləcə rahat fikir yürüdür. Onun fəlsəfi baxış bucağında Biruninin, Nyutonun, Eynşteynin elmə gətirdiyi yeniliklər epistemoloji kontekstə necə keçirsə, Nizaminin, Şekspirin, Cavidin, Vurğunun poeziyası da dünya fəlsəfi fikrinin prizmasından eləcə keçirilərək müasir estetikanın və ontoloji-metafizik problematikanın kontekstinə daxil edilir. Bir tərəfdən elmin, digər tərəfdən ədəbiyyatın, sənətin tədqiqi fəlsəfi təfəkkür səviyyəsində birləşir və S.Xəlilov elm fəlsəfəsindən, mədəniyyət, mənəviyyat və ya ədəbiyyat fəlsəfəsindən bəhs etməklə yanaşı, həm də metafəlsəfi problemlərə müraciət edir və nəzəri fəlsəfədən əməli fəlsəfəyə, həyat fəlsəfəsinə, hikmət və müdriklik məqamının tədqiqinə keçir. Milli-fəlsəfi fikrimizdəki hikmətli sözləri, aforizmləri beynəlxalq oxucu auditoriyasına təqdim etməsi də onun çoxşaxəli fəaliyyətinin mühüm nəticələri sırasındadır. S.Xəlilovun yaradıcılığı mücərrəd elmi-fəlsəfi araşdırmalarla məhdudlaşmayıb, həm də fəlsəfi dəyərlərin xalqın istifadəsinə çatdırılmasına xidmət edir. Onun son əsərlərindən olan “Əbu Turxanın hikmət dünyası” Azərbaycan filosofunun dünya hikmət xəzinəsinə dəyərli töhfələrindən biridir.

S.Xəlilovun baxış bucağında rasionalizmdən postmodernizmə qədər, məntiqi təfəkkürdən bədii düşüncəyə və nəhayət, bunların sintezinə qədər spektrin bütün qammaları, rəng çalarları təmsil olunur. O, siyasətin və tarixin fəlsəfəsindən yazdığı kimi, fəlsəfənin də tarixindən yazır və yeri gələndə siyasətin aktual problemlərini də fəlsəfi tədqiqat müstəvisinə gətirir. Onun “Fəlsəfədən siyasətə” (1998) və “Lider, dövlət, cəmiyyət” (2001) kitabları milli dövlətçilik fəlsəfəsinin formalaşmasında mühüm bir mərhələnin siyasi mənzərəsini əks etdirməklə yanaşı, Azərbaycanda Əliyevşünaslığın ilk, təməl tədqiqatlarından hesab olunur.

Diqqəti S.Xəlilovun yaradıcılığındakı müxtəlifliyə yönəldən akademik Fəraməz Maqsudov filosofun 1998-ci ildə çapdan çıxmış “Elmdən texnikaya və mənəviyyata” adlı kitabına yazdığı ön sözdə deyir: “Tədqiq olunan məsələlər çox müxtəlifdir. Lakin xalis texnoloji məsələlərdən mənəviyyat məsələlərinə qədər böyük bir sahəni əhatə edən mövzu rəngarəngliyi əsərin tamlığını pozmur, oxucuda vahid, bütöv təəssürat yaranmasına mane olmur. İlk növbədə ona görə ki, baxılan bütün problemlər, bir tərəfdən, vahid insan-dünya münasibətlərindən şaxələnib ayrılır, digər tərəfdən, insanın dünyaya fəlsəfi münasibəti elmi və praktik münasibətlərin sintezindən hasil olur. İkincisi, ona görə ki, kitabda biliklərin təsnifatı, elmi biliklərlə texnikanın əlaqə formaları, texnoloji yeniliklərin iqtisadiyyata, iqtisadi islahatların dövlətçiliyə təsiri, dövlətin elm və texnikanın inkişafında rolu və bu qəbildən olan digər məsələlər bir zəncirin halqaları kimi sıx surətdə əlaqələndirilmişdir”.

S.Xəlilov humanitar və dəqiq elmlər arasında ilk seçimdə fizikaya üstünlük vermişdir. Tələbəlik illərində Lenin təqaüdünə layiq görülməsinə, Universiteti fərqlənmə diplomu ilə bitirməsinə və  təyinat üzrə universitetin molekulyar fizika kafedrasında sax­lanmasına baxmayaraq, növbəti seçimdə fəlsəfəyə üstünlük vermiş, aspi­ran­turaya fəlsəfə ixtisası üzrə qəbul olun­muşdur. Hələ tələbə ikən ciddi elmi fəaliyyətlə məşğul olmuş, ümumittifaq tələbə elmi konfranslarında çıxış etmiş, 20 yaşında Universitetin Elmi Əsərlərində nəşr etdirdiyi məqa­lə­də “istiqamətlənmiş zaman” kons­ep­siya­sını irəli sür­müş­dür.

Aspi­ran­tlıq illərində çap etdirdiyi məqalələrdə və na­mi­zəd­­lik dissertasiyasında o, Azərbaycanda elm­şü­naslığın əsa­sını qoymuş, 1976-cı ildə 24 yaşında “Elmi-texniki tərəqqinin sistem-struktur təh­lili” kimi bu gün də aktual olan bir mövzuda namizədlik dissertasiyası müdafiə edə­rək fəlsəfə elmləri namizədi olmuşdur. Ötən əsrin 70-80-ci illərində S.Xəlilov gənc olmasına baxmayaraq, elmşünaslıq sahəsində keçmiş SSRİ-nin aparıcı mütəxəssislərindən biri kimi tanınırdı. Təsadüfi deyil ki, 1987-ci ildə “Elmi-texniki tərəqqi: problemlər, perspektiv­lər” adlı kitabına görə o, Ümumittifaq Bilik Cə­miy­yətinin mükafatına layiq görülmüşdür.

S.Xəlilov 1990-cı ildə “Elmi-texniki tərəqqinin məntiqi-qnoseoloji tədqiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və elə həmin ildə ADPU-nun fəlsəfə kafedrası­nın professoru və kafedra müdiri vəzifəsinə seçilmiş­dir.

Bundan sonra S.Xəlilovun elmi yaradıcılıq fəaliyyətinə təhsil quruculuğu sahəsindəki fəaliyyəti də əlavə olmuşdur. O hələ tələbəlik illərində Azərbaycanda elmin inkişafı və istedadlı gənclərin elmi fəaliyyətə cəlb olunması üçün qeyri-ənənəvi yollar axtarırdı. Belə yollardan biri kimi 1972-ci ildə o, BDU nəzdində “Respublika Gənc fiziklər mək­­təbi”ni yaratmış və iki il ona rəhbərlik et­miş, professor Xudu Məmmədov, professor Hüseyn Çən­­dirli və s. tanınmış alimlərlə birlikdə bu mək­təbdə dərs demişdi. 1981-ci ildə Pedaqoji Universitetdə gənclər üçün milli fəlsəfi fikrin təbliği məqsədi ilə “Fəlsəfə, Elm və Həyat” klubu yaratmışdı.

1991-ci ildə S.Xəlilov Azərbaycanda özəl təhsil sisteminin əsasını qoy­muş, ilk ingilisdilli özəl gim­na­­­ziyanı, hu­ma­nitar liseyi və ilk özəl uni­ver­sitetlərdən biri olan Azərbaycan Univer­si­tetini təsis et­miş, universitetin nəzdində Respubli­ka­nın istedadlı gənc alim və tələbələri üçün “İstedad Klubu” yaratmış, Şərq-Qərb Tədqiqat Mərkəzinin əsasını qoy­muşdur. Elm və təhsil quruculuğu sahəsindəki fəaliyyətinə görə 1992-ci ildə Yusif Məmmədəliyev adına mükafata layiq gö­rülmüşdür.

Professor Səlahəddin Xəlilov təhsil quruculuğunun praktikası ilə yanaşı, bu sahədə ciddi tədqiqatlar aparmış, “Təhsil sistemi: nəzəriyyə və praktika” (1999), “Təhsildə problemlər, vəzifələr” (2002), “Təhsil, təlim, tərbiyə” (2005) mövzularında fundamental əsərlər yazmışdır. O, ölkəmizdə və onun hüdudlarından kənarda təhsilşünaslıq sahəsində görkəmli alim kimi tanınır. Təsadüfi deyil ki, S.Xəlilov Oksford Universitetində “3-cü minillikdə təhsilin perspektivləri” mövzusunda plan-layihə hazırlayan “dünyanın 40 görkəmli təhsil eksperti” sırasına MDB məkanından daxil edilmiş yeganə mütəxəssisdir.

Beynəlxalq Bioqrafiya İnstitutunun və Kembric Araşdırma Mərkəzinin sorğusuna görə Səlahəddin Xəlilov bir neçə dəfə dünyanın ən nüfuzlu 2 min alimi sırasına və “Who is who” ensiklopediyasına daxil edilmiş, bu qurumların qızıl medalları ilə təltif olunmuşdur.

S.Xəlilovun Moskvada dörd kitabı çıxmış, məqalələri nüfuzlu jurnallarda və kollektiv monoqrafiyalarda dərc olunmuşdur. Rusiyanın elmi-fəlsəfi ictimaiyyəti S.Xəlilovun əsərlərinə yüksək qiymət vermişdir. Rusiya EA-nın Fəlsəfə İnstitutunda kitablarının təqdimat mərasiminin keçirilməsi, bu kitablar haqqında Moskvanın və Sankt-Peterburqun sayılıb-seçilən jurnallarında rəylərin dərc olunması onun hələ SSRİ dövründə formalaşmış elmi nüfuzunun bu gün də davam etdiyini göstərir.

S.Xəlilovun əsərləri Türkiyədə də geniş yayılmış və elmi-fəlsəfi ictimaiyyətin böyük marağına səbəb olmuşdur. Onun İstanbulda nəşr olunan üç kitabı və çoxlu sayda elmi məqaləsi Türkiyədə geniş miqyasda müzakirə olunur, bu əsərlər haqqında ən nüfuzlu jurnallarda rəylər dərc edilir, əsərlərinin müzakirəsi keçirilir. Türkiyənin məşhur Universitetlərində və elmi mərkəzlərində S.Xəlilovla görüşlərin keçirilməsi, onun personal konfranslarının təşkil olunması alimin bu ölkədə böyük nüfuzundan xəbər verir. Beynəlxalq konfranslara o, bir qayda olaraq əsas məruzəçi, plenar və ya bölmə iclaslarının başqanı kimi dəvət olunur. Onun türk dünyasını fəlsəfi düşüncə qatında birləşdirmək cəhdləri artıq özünün ilk bəhrələrini verməkdədir. Alimin təşəbbüsü ilə Türk Cümhuriyyətlərinin filosofları dəfələrlə bir araya gəlmiş, tədqiqatların əlaqələndirilməsi sahəsində müəyyən uğurlar əldə olunmuşdur. İldə bir nömrəsini xüsusi buraxılış olaraq dünyanın məşhur filosoflarına ithaf edən Türkiyənin nüfuzlu “Özne” (“Subyekt”) dərgisi 2012-ci ildə xüsusi nömrəsini S.Xəlilova həsr etmişdir. Dərgidəki məqalələrdə S.Xəlilov türk dünyasının böyük filosofu kimi təqdim olunur. Burada türk filosofları ilə yanaşı, ABŞ, Rusiya, Almaniya, İran və s. ölkələrin tanınmış fikir adamlarının da S.Xəlilov haqqında məqalələrinin dərc olunması Azərbaycan filosofuna təkcə bu ölkədə deyil, həm də Qərb dünyasında necə böyük dəyər verildiyinə dəlalət edir. Ankarada çıxan “Almıla” dərgisi də S.Xəlilovun məqalələrini dərc edərkən onu “dünyanın yaşayan sayılı filosoflarından biri” kimi təqdim edir. Təsadüfi deyil ki, S.Xəlilov həm də bu günlərdə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki seçilmişdir.

Türkiyədə Atatürk Kültür Mərkəzinin nəşr etdiyi “Çağdaş Düşünürlərimiz” kitabının bir fəsli S.Xəlilovun fəlsəfi görüşlərinə həsr olunmuşdur. Qazaxıstanda nəşr olunan 20 cildlik “Mədəni irs” antologiyasının 20-ci cildində müasir türk fəlsəfəsinin ən sanballı tədqiqatları sırasına Azərbaycan filosofu Səlahəddin Xəlilovun “Elmin tarixi bölgüsü və iyerarxik quruluşu” adlı əsəri də daxil edilmişdir.

Onun “Şərq və Qərb: ümumbəşəri ideala doğru” əsəri bir neçə xarici ölkədə nəşr olunmuşdur. Kitab Bakı (2004), Tehran (2005) və İstanbul (2006) nəşrlərindən sonra Moskva və Amsterdamda da nəşrə hazırlanır. Mərhum akademik Fuad Qasımzadənin yazdığı kimi, beynəlxalq miqyasda kitabın belə böyük maraqla qarşılanması ilk növbədə əsərin orijinallığı ilə bağlıdır. Ən başlıcası isə odur ki, «Şərq və Qərb» kitabı bu ənənəvi mövzuya qeyri-ənənəvi yanaşmanın, yeni konseptual bir baxışın məhsuludur. Təsadüfi deyil ki, bu kitabın nəşrindən sonra Nyu-Yorkda çap olunan «Global Studies Encyclopedia» və Moskvada çıxan «Qlobalistika» ensiklopediyalarında «Şərq və Qərb» mövzusu professor S.Xəlilova həvalə edilmişdir.

S.Xəlilovun mühüm xidmətlərindən biri də orta əsr Azərbaycan filosoflarının bu gün də orijinallığını qoruyub saxlayan təlim və ideyalarını müasir Qərb fəlsəfi fikrinin strukturuna daxil etmək və zəngin ideya kəhkəşanında onların yerini özünə qaytarmaq, bir növ reabilitasiyasına nail olmaq istiqamətində göstərdiyi səylərdir. O, öz əsərlərində İbn Sinanın Dekartla, Ş.Y.Sührəvərdinin Kantla müqayisəsinə geniş yer verir. S.Xəlilovun Yeni Dövr fəlsəfəsinin başlıca ideyalarının hələ o vaxt, orta əsr islam fəlsəfi fikrində irəli sürülmüş olması, işraqilik təliminin müasir fenomenologiyanın əsas ideyalarını səkkiz əsr qabaqlaması haqqında yazdıqları dünyanın ən məşhur elmi nəşriyyatlarında, o cümlədən “Şpringer” nəşriyyatında çap olunmuşdur. C.Cabbarlının J.P.Sartrla müqayisəsi və birincinin ekzistensializmin əsas ideyalarını Sartrdan öncə ədəbiyyata gətirməsinin sübuta yetirilməsi Azərbaycan fəlsəfi fikrinin hələ yetərincə açılmamış böyük potensialından xəbər verir.

Professor Səlahəddin Xəlilov təsis konfransı ABŞ-da – Harvard Universitetində keçirilən «Şərq və Qərb: fəlsəfələr arasında körpü» Beynəlxalq Alimlər Assosiasiyasının İdarə heyətinə üzv seçilmişdir. Beynəlxalq “Şablondankənar Düşüncə Mərkəzi”nin sədri, canlı klassik Edvard de Bononun S.Xəlilova ünvanladığı məktubda o, Şərq aləminin qeyri-ənənəvi fikir sahibi kimi dəyərləndirilir və onun İslam dünyasından bu Mərkəzə seçilmiş ilk nümayəndə olduğu bildirilir. Azərbaycan filosofu habelə Amerika Fəlsəfə Cəmiyyətinin, Avropa Elm Fəlsəfəsi Assosiasiyasının, Beynəlxalq Rektorlar Şurasının, bir sıra xarici akademiyaların da üzvü kimi səmərəli təşkilatçılıq fəaliyyəti göstərir ki, bütün bunlar da ona Azərbaycan milli fəlsəfi fikrinin dünya miqyasında tanıdılması işində yeni imkanlar açır.

S.Xəlilovun ictimai və təşkilati fəaliyyətində təkcə Şərq və Qərb sivilizasiyaları arasında deyil, həm də Şimal və Cənub arasında dialoq qurmaq istiqamətində göstərdiyi səylər diqqəti cəlb edir. Hələ 2001-ci ildə onun təşəbbüsü ilə Rusiya, Türkiyə və İran filosoflarının Azərbaycanda yığışaraq bu ölkələrdəki fəlsəfi tədqiqatlarını əlaqələndirmək istiqamətində iş birliyi qurması, 2003-cü ildə İstanbulda türkdilli ölkələrin fəlsəfə mütəxəssislərinin bir araya gələrək ortaq türk fəlsəfə terminologiyası yaratmaq haqqında fikir mübadiləsi aparması, 2009-cu ildə Bakıda Azərbaycan və Türkiyə filosoflarının birgə beynəlxalq konfransının keçirilməsi S.Xəlilovun təşkilati fəaliyyətinin nəticələridir.

Professor S.Xəlilov Şərq-Qərb problematikasına dair konsepsiyasını həm Şərqdə (Ankara, İstanbul, Tehran, Qahirə, Seul, Luksor və s.), həm də Qərbdə (Amsterdam, Brüssel, Antvepen, Roma, Oksford, Moskva, Budapeşt və s.) keçirilən beynəlxalq elmi konfranslarda təqdim etməklə müxtəlif baxışlı alimlərin konsensusuna nail olmağa çalışır. Bu isə elmi yaradıcılıqla yanaşı, həm də böyük təşkilatçılıq işi kimi qiymətləndirilməlidir.

2002-ci ildən S.Xəlilov Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının (AFSEA) İdarə Heyətinin sədri kimi səmərəli fəaliyyət göstərir. AFSEA-nın xətti ilə həm Şərq filosoflarının (Mövlana, İbn Ərəbi, Nəsirəddin Tusi, Ş.Y.Sührəvərdi, Heydər Hüseynov və s.), həm də Qərb filosoflarının (Con Lokk, İ.Kant, J.-P.Sartr, K.Popper və s.) təntənəli yubiley mərasimlərinin keçirilməsi, onların şərəfinə beynəlxalq elmi konfranslar təşkil olunması və dünyanın bir sıra görkəmli filosoflarının burada iştirakı Azərbaycan fəlsəfi mühitində bir canlanmadan və dünya fəlsəfi mühitinə qatılmaq əzmindən xəbər verir.

S.Xəlilovun baş redaktoru olduğu “Fəlsəfə və Sosial-Siyasi Elmlər” jurnalı Azərbaycanda ictimai elmlər sahəsində ilk dəfə olaraq bir sıra beynəlxalq Science Citation Index (SCI) mərkəzlərində: İndex CopernicusPhilosopher’s Information Center-də qeydiyyata alınmışdır və bu jurnalda işıq üzü görən məqalələrin xülasəsi Amerikada çıxan “THE Philosopher`s İNDEX” referativ jurnalında çap olunaraq dünyanın bütün elm mərkəzlərinə göndərilir. Bu jurnalın beynəlxalq miqyasda tanınması Azərbaycan elminin böyük uğurlarından hesab oluna bilər. S.Xəlilov təkcə ölkəmizdə deyil, Rusiya, Türkiyə və Qazaxstanda da bir sıra tanınmış fəlsəfə jurnallarının  Redaksiya Şurasının üzvüdür. Keçən il onun “Philosophy Study” (ABŞ) jurnalının Redaksiya Şurasına üzv seçilməsi də filosofun yüksək beynəlxalq elmi nüfuzuna dəlalət edir. Onun əsərlərinin beynəlxalq miqyaslı antologiyalara daxil edilməsi bir tərəfdən, hər adama sağlığında nəsib olmayan elmi fakt kimi qiymətlidirsə, digər tərəfdən, milli qürur mənbəyi kimi önəmlidir.

            S.Xəlilov həm də ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir. 2000-2005-ci illərdə o, Azərbaycan Respublikası Milli Məc­li­si­nin deputatı olmuş, Elm və Təhsil Komissiyasının sədr müavini kimi səmərəli fəaliyyət göstərmişdir. Hazırda Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət He­yə­tinin üzvüdür; ictimai və humanitar sahələr üzrə elmi tədqiqat işlərinin, dissertasiyaların obyektiv və prinsipial mövqedən dəyərləndirilməsində onun böyük rolu vardır.

Bu ilin fevral ayında anadan olmasının 60 illik yubileyi ərəfəsində S.Xəlilovun “Şöhrət” ordeni ilə təltif olunması Azərbaycan Respublikası Prezidentinin ziyalılarımızın fəaliyyətinə verdiyi yüksək qiymət kimi elmi ictimaiyyətimiz tərəfindən böyük rəğbətlə qarşılandı.  Müasir Azərbaycanın iqtisadiyyatda, incəsənətdə və idmanda qazandığı beynəlxalq uğurlar sırasına elmi-fəlsəfi fikir sahəsində S.Xəlilovun yaradıcılığı timsalında mühüm nailiyyətlərin əlavə olunması ölkəmizin bu sahədə də böyük inkişaf potensialına dəlalət edir. 

 

Akademik Arif Mehdiyev

 

Azərbaycan Respublikası Prezidenti yanında

Ali Attestasiya Komissiyasının sədri


"Azərbaycan" qəzeti. 01.06.2012
http://www.azerbaijan-news.az/index.php?mod=3&id=11119 

 

Baxılıb: 6376    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.