Avqustun 8-10 tarixində Parisdə Lüsenari Milli İncəsənət Teatr Mərkəzində “Kosmosun gücü və həyatın ontopoetik genezisi” mövzusunda 62-ci Beynəlxalq Fenomenologiya Konqresi keçirilmişdir. 23 ölkəni təmsil edən 100-ə yaxın görkəmli mütəxəssisin iştirak etdiyi Konqres Ümumdünya Fenomenologiya İnstitutu (ABŞ) tərəfindən təşkil olunmuşdur. AMEA-nın müxbir üzvü professor Səlahəddin Xəlilov kongresin Rəyasət Heyətinə və elmi-təşkilatı Şuraya üzv seçilmişdir.
Prof. Səlahəddin Xəlilov plenar iclasda “Həyat fenomenologiyasında Şərq və Qərb düçüncə ənənələrinin vəhdəti” mövzusunda çıxış etmişdir. O öz məruzəsində müasir Qərb fəlsəfəsinin inkişaf edə bilməsi üçün yenidən Şərqə müraciət etməli olduğunu əsaslandırmaqla yanaşı, bu vəhdətə əsaslanan öz şəxsi tədqiqatlarının nəticələrini şərh etmişdir.
Konqresin birinci günü bölmə iclasında Azərbaycanın digər nümayəndəsi, fəlsəfə elmləri doktoru Könül Bünyadzadənin “Vəhdət əl-vücud və həyat logosu: fəlsəfi komparativistika” mövzusunda məruzəsi dinlənilmiş və iştirakçıların böyük marağına səbəb olmuşdur. Məruzədə təsəvvüf fəlsəfəsinin bir çox ideyalarının bu gün də actual olduğu və Qərb fəlsəfəsinin əsas ideya mənbələrindən biri kimi çıxış etdiyi əsaslandırılmışdır. Konqresin proqramına həmçinin Prof. S.Xəlilovun aspirantı Anar Cəfərovun "Fenomenologiyada transformasiya: Husserl və Timiniçka" adlı məruzəsi daxil edilmişdir.
Avqustun 9-da ikinci plenar iclasda konqresin proqramı çərçivəsində Səlahəddin Xəlilovun ingilis dilində çap olunmuş “Həyat fenomenologiyası və ya İdeyanın həyatı” kitabının təqdimat mərasimi keçirilmişdir. Azərbaycanda fenomenologiya sahəsində yazılmış bu ilk kitab həyat fenomenologiyasının banisi, görkəmli filosof Anna-Tereza Timiniçkaya ithaf olunmuşdur. Burada müasir Qərb fəlsəfi fikrinin ən mühüm cərəyanlarından biri olan fenomenologiyanın orta əsr islam fəlsəfi fikri ilə əlaqələri açılıb göstərilmiş, Şərq və Qərb düşüncə tərzinin qovşağında açılan yeni fikir fəzasının metodoloji əsasları şərh olunmuşdur.
Təqdimatda Dünya Fenomenologiya İnstitutunun vitse-prezidenti Prof. Dr. Daniela Verduççi (İtaliya) çıxış edərək demişdir: “Bu kitab həyat fenomenologiyasına əhəmiyyətli bir töhfədir. Əsər bir növ Şərq və Qərb fəlsəfələri arasında körpü kimi çıxış edir. Məsələn, Anna-Tereza Timiniçkanın həyat fenomenologiyası Şərqin bir çox filosofları, o cümlədən, Sührəvərdi və Molla Sədranın görüşləri ilə müqayisə olunur. Mənim fikrimə görə, bu kitab mədəniyyətlərarası dialoqun inkişafında da əhəmiyyətli töhvə olacaq”.
Prof.Dr. Detlev Quintern (Almaniya) kitabı belə qiymətləndirmişdir: “Mən belə düşünürəm ki, bu əsər Anna-Teresa Timiniçkanın neçə onillər ərzində qoyduğu ənənənin davamıdır. Bizim institutun mədəniyyətlərlararası dialoqa həsr olunmuş yeddi cildliyi çıxmışdır. Mənə belə gəlir ki, bu kitab həmin istiqamətdə çox gözəl və lazımlı bir addımdır. Biz dialoqu məhz fəlsəfə səviyyəsində davam etdirməliyik. Şərq və İslam fəlsəfəsi yalnız Sührəvərdi və Molla Sədradan ibarət deyil. Mən müəllifə təşəkkür edirəm və ümid edirəm ki, bu kitabla başlanmış ənənə daha geniş miqyasda davam etdiriləcək”.
Təqdimatın sonunda müəllif öz imzası ilə kitablarını iştirakçılara hədiyyə etmişdir.
http://azertag.gov.az/node/989628
|