az  |   tr
Fəlsəfə dünyası

Hikmətin səmimiyyəti   –  [21.10.2012]



“Əbu Turxanın hikmət dünyası” haqqında düşüncələr 

 

 

Televiziyada “Pavarotti və dostlar” konsertinə baxırdım. Ruhuma çox tanış gəldi. Sanki mən bu konsertin – sonsuz gözəlliyin insan vasitəsilə təzahürünün, Luçanonun bu möhtəşəm ifası yanında bu xoş səmimiyyətinin canlı şahidi olmuşdum. Xatırladım: “Əbu Turxanın hikmət dünyasını” oxumuşdum.

Mənim Əbu Turxanla ilk tanışlığım illər öncə onun bu şeiri ilə başlamışdı:

İdrakı rəmz edib bir gül sandılar,

Aqil olanları bülbül sandılar,

Vaxt keçdi, rəmz itdi, sonra gələnlər,

Təkcə bülbül ilə gülü andılar.

Təsəvvüfü, islam fəlsəfəsini yenicə araşdırmağa başlayan bir tədqiqatçı üçün bu, çağırış idi: əcəba, sənin araşdırdığın bülbül və güldü, yoxsa hikmət? Bu həm də bir şərqşünas üçün yeni mövzu ola bilərdi. Kimdir Əbu Turxan, harada doğulub, islam fəlsəfəsində hansı cərəyanın üzvü olub, neçənci əsrdi və s.? Amma yadıma bir Tibet atalar sözü düşdü: “Barmağımla ayı göstərdim, hamı barmağıma baxdı”. Yəni, əslində, filosofun hikmətlərini qoyub, bu tarixi məsələlərlə məşğul olsam, çox incə mətləblərdən kənar qalacığımı anladım və ... sualları elə sualın altında qoyub üz tutdum hikmətə.

İdeya dünyası çox az adam üçün qapılarını açır. Bu səbəbdən ora daxil ola bilən insanlara bəzən seçilmiş şəxslər də deyirlər. Onu şüşədəki bala bənzətmək olar. Bir tərəfdən, o, hər kəsə açıq görünür və hər kəs yazdıqlarını, düşündüklərini oradan götürdüyünü zənn edir. Kitablar yazırlar, aforizm adına cümlələr düzürlər, “fəlsəfə” açırlar. Əslində isə, çox az adam o şüşənin ağzını açıb balın öz həqiqi dadına baxa bilir.   

Əbu Turxan deyir ki, “Bəsirət gözü ariflərlə ünsiyyətdə açılır”. Monoqrafiya monoloqdu, aforizmlər – dialoq, hətta daha artıq, çox səmimi bir söhbətdi. Belə zənn etmək olar ki, prof. Səlahəddin Xəlilov Əbu Turxanı oxuculara ilk olaraq onun aforizmləri ilə tanıtmaqla, bir növ filosofun ünsiyyət “istəyini, arzusunu” çatdırır. Filosofların bir haqq kəlməsi hikmət dolu dünyanın şüşə qapılarını aça bilir. Axı, Əbu Turxanın özü də deyir ki, “Aforizm fikrin qönçəsidir”. Amma Yaradanın bir qanunu var: qönçənin açılması zaman və səbir tələb edir. Hər gülün öz açılmaq məqamı olduğu kimi, hər hikmətin də öz yeri var. Filosof təsadüfən demir ki,

Hikmət sirdaş olub qala biləydi,

Zəngli saat kimi çala biləydi,

Gen gündə Gün kimi aydın olanı,

Məqamda yadıma sala biləydi.  

Düşünürəm ki, prof. Səlahəddin Xəlilov Əbu Turxan fəlsəfəsinin sistemli tədqiqindən öncə onun hikmət dünyasından ayrı-ayrı “qönçələr” təqdim etməklə oxucularının düşünmək qabiliyyətini sanki sınağa çəkir: ey hörmətli oxucu, səndə bu qönçənin içindəki gizli gözəlliyi açmaq qüdrəti varmı? Eyni zamanda, bu, ideya dünyasına bir dəvətdir. Yenə prof. S.Xəlilov ön sözdə yazır: “Bu qönçənin açması üçün onu suya qoyurlar. Fikir də ancaq münbit mühitə qaytarıldıqda bəhrə verir”. Bunu Xəlilovun oxucuya bir ip ucu verməsi kimi də qəbul etmək olar. Oxucu anlayır ki, bu ünsiyyət – “bir qönçənin açılması” üçün həm düşüncəsini, həm də mənəviyyatını münbit mühit kimi hazırlamalıdır.

“Əbu Turxanın hikmət dünyası”nın bir neçə özəlliyi var. Xüsusiyyəti yox, məhz özəlliyi. Biz burada “öz” sözünü vurğulamaqla oxucunu öz-ünə qaytaran, öz-ünü öz-ünə təqdim edən cəhətləri ön plana çəkməyə çalışırıq. Bu hikmət dünyası oxucunu özünə həm bir insan, vətəndaş, sadəcə qadın, yaxud kişi kimi tanıdır, həm onun mənəviyyatını hissə-hissə açır, həm də düşüncəsini pillə-pillə hikmət zirvəsinə aparır. Qısa desək, Əbu Turxan öz söhbətləri – aforizmləri ilə oxucunu özünə tanıdır, ona ayna olmağa çalışır: “Adətən adamlar özündə olanı başqasına bağışlayır; müdriklər isə səndə olanı sənə ərməğan edir”. Burda vacib, eyni zamanda təhlükəli bir məqam yaranır: hər kəs özünə güzgüdə baxmağa tab gətirərmi? Hər kəs öz-özü ilə qarşı-qarşıya durmaq istəyərmi? Axı, düşünmək, özünü dərk etmək ağır bir prosesdir, hər “mən” onu daşımaq iqtidarında deyil. Əslində prof. Xəlilovun ustalığıdır ki, bu aforizmləri müəyyən ardıcıllıqla, mövzular üzrə – “İnsan”, “Gözəllik”, “Zəka, ağıl, hiss”, “İdeya, hikmət, fəlsəfə” və s. toplayıb, onların mahiyyətini açan şərhlər yazıb. Lakin biz yenə də “aya baxmağı” tərcih edib qayıdaq Əbu Turxanın hikmət dünyasının özəlliklərinə.

Hər şeydən əvvəl bu dünya doğmadır! Yalnız dilinə görə yox, ruhuna, düşüncəsinə görə. Bu doğmalığı Səlahəddin Xəlilov da hiss edib ki, imzalar sırasına qarışmış doğma imzaya görə qürur duyur və elə ön sözdə bunu vurğulayır.

Aforizmlər fikir dünyasında yeni hadisə deyil. Bəzi həvəskarlar dünyanın ən tanınmış imzalarına – Aristotelə, Homerə, Qöteyə, Dostoyevskiyə, Tolstoya və daha kimlərə müraciət edir, aforizmlər toplayırlar, tərcümə edirlər. Yadıma Nazim Hikmətin tərcümə barədə sözləri düşdü: “Tərcümə müəllifin ürəyini söküb təzədən yığmaqdır. Ürək yenə həmin ürəkdir, sadəcə çatlarla”. Bu çatlar nə qədər dərin olsa, fikir, ideya da bir o qədər oxucuya yad görünür, doğmalaşa bilmir. Zənnimcə, rentgen şüalarından da dəqiq və aydın görən qəlb işığı belə çatları, qeyri-hamar düşüncələri, yamaqları daha tez duyur. Təsadüfi deyil ki, Əbu Turxan da deyir: “Dünyanın ancaq öz qəlbimizlə işıqlandırdığımız hissəsi bizə məxsusdur”. Bəlkə də onun “qönçələri” məhz orijinal şəkildə – çatsız, yamaqsız bizə çatdığına görə doğmadır. Bu doğmalıq könüldən könülə yollar salır və oxucunun dünyası bir az da genişlənir, işıqlanır.

Tanınmış Azərbaycan filosoflarından, şairlərindən seçmələrdə də heç də həmişə doğmalıq hissi yaranmır. Əcəba, səbəb nədir? Burada məsələnin mahiyyətini daha dərin qatlarda axtarmalı olursan.

Bu dünyada hər insanın bir missiyası var. Öz missiyasını dərk edən və bütün gücünü, enerjisini onu reallaşdırmağa sərf edən insan dahi olur. Əbu Turxan demiş, “Hər hansı bir şeyin gözəlliyi onun öz ideyasına uyğunluğu ilə ölçülür”. Təbii ki, “ən gözəl biçimdə” və ən gözəl ideya ilə yaradılmış insan da ancaq öz ideyasını tam və kamil şəkildə reallaşdıranda dahilik zirvəsinə qalxa bilir. Eyni şəkildə, bir cümlənin də, böyük bir kitabın da canlı, yaşayan və yaşadan tək bir ideyası olur. Qalan şeylər – bu ideyanın yaşaması üçün onun yardımçı ideyalarıdır və onlar saysız-hesabsızdır. Bəzən müəlliflər şairin ruhunu, düşüncəsini ifadə edən o tək cümləni qoyub, kəmiyyət xatirinə yardımçı ifadələri pafosla işlətməklə, onu aforizm sanırlar. Əbu Turxan deyir ki, “Demək istədiyini çoxları deyə bilir. Ən böyük sənətkarlıq demək istədiyindən başqa bir şey deməməkdir”. Təbiətdə buna ən gözəl nümunə kimi, mirvarini göstərmək olar: balıqqulağı bütün potensialını öz missiyasına sərf etməklə bircə dənə inci yaradır. O incini əldə eləmək istəyən dalğıc da ən dərin sulara baş vurmalı olur. Düzdür, bir ərəb atalar sözündə deyildiyi kimi, “dalğıc inciylə bərabər yosun da gətirir”, lakin ustalıq, sərraflıq məhz yosunlar arasından incini seçə bilməkdir. 

Əbu Turxanın hikmət dünyasının başqa bir özəlliyi onun canlı olmasıdır. Filosofun dediyinə görə, “Yaradıcı fəaliyyət valideynlikdən daha uca, daha şərəflidir. Belə ki, bu halda passiv ideyanın bölünməsi deyil, canlı ideyanın təcəssümü ilə rastlaşırıq”. Biz təsadüfən kitabı “səmimi söhbət” adlandırmadıq. Burada incə bir məsələ var. “Həqiqət ancaq ürəklə anlayanda üzə çıxır”, – deyən Əbu Turxan idrakla ürək arasında bir körpünün olduğunu xatırladır və oxucusunun həm ağlına, həm də könlünə müraciət edir. Sufi ədəbiyyatında kitablardan alınan bilikləri ölü, mürşiddən alınan biliyi isə canlı adlandırırlar. Bəlkə də Əbu Turxanın hikmət dünyasının canlı olmasının səbəbi onun məhz səmimi söhbət şəklində təqdim olunmasıdır. Ola bilər. Lakin başqa bir səbəb də var.

Kitab var ki, diqtə edir, oxucunu əzir, əridir və sonda yenə kitab tək qalır, yeni “qurban” gəzir. Belələrinə nümunə olaraq, qanun kitablarını, yaxud detektivləri, hətta qaranlıq dünyaları, hissləri tərənnüm edən şeirləri göstərmək olar. Bunların ən təhlükəlisi isə, hansı isə sektaların təbliğat kitablarıdır. Onlar oxucuya düşünməyi deyil, dinləməyi və əməl etməyi əmr edir. Əbu Turxan isə deyir: “Səhifəni axıra qədər doldurmağa çalışmayın, oxucu üçün boşluqlar qalmalıdır”. Oxucu onun üçün ayrılan bu yeri görür, ona verilən imkandan ilhama gəlir, düşüncəsi qaynayır və söhbətə qoşulmağa, “filosofluq” etməyə cəhd edir.

Müasir dövrdə informasiya nə qədər çoxalırsa, sosial şəbəkələrdə “dostlar” nə qədər artırsa, insanlar bir o qədər ... tənhalaşırlar. Düzdür, görkəmli mütəfəkkirlər də bir çox hallarda tənhalıqdan söz açırlar. Bəlkə də bu səbəbdən hər gün sosial şəbəkələrdə “dahilər” durmadan artır. Lakin bir var qayanın, dağın zirvəsinin tənhalığı. Şiller deyir: “Əslində tənha ikən tənha olmuram”. İdeya dünyasına çatmış bir insan ictimai həyatda tənha qalsa da, ideya dünyasında tək qalmır.

Bir də var qayadan qopmuş daşın, səhrada çiçəyin, yaxud yetim bir kimsəsizin tənhalığı: səsi gurultudan eşidilməyə, varlığı-yoxluğu eyni mahiyyət kəsb edə. Bu gün informasiya seli hamını doğmalarından, yaxınlarından, dostlarından, sevimli məşğuliyyətlərindən ayrı salıb, hamı “öz canının hayındadı”, yetimdi. Belə bir şəraitdə “Əbu Turxanın hikmət dünyası” oxucuya zirvənin “tənhalığını” anladır. Bir tərəfdən o, “öz daxilində ruh ilə bədəninin ittifaqına nail olmağa çalışır”. Axı, özü ilə söhbətə cəhd eləmək bu dünyanın xaosunda özünü görmək, fərqləndirmək deməkdir. Bu, öz özü ilə söhbət özünü tanımağın, özünüdərkin ilk addımıdır. Eyni zamanda, Əbu Turxan başqa bir həmsöhbətin də varlığını xatırladır: “Doğma o adamdır ki, onunla öz ruhunun dilində danışa bilirsən”. Heç bir sosial şəbəkə, heç bir informasiya vasitəsi ruhun dilini bilmir. Onun dilini ancaq qarşıdakı ruh bilir.   

Nəhayət, bizim vurğulamaq istədiyimiz sonuncu özəllik bu hikmətlərin ümumbəşəri olmasıdır. Lakin çox əhəmiyyətli haldır ki, bu ümumbəşəriliyə yol məhz doğma bir nöqtədən başlayır. Gözəllikdən keçir hikmətə, məhəbbətdən həqiqət və biliyə, dostluğu dərk edən oxucu tarix, cəmiyyət və şəxsiyət haqqında da hikmətlərə hazır olur və artıq dövlətə, millətə çatanda düşüncəsi düzgün istiqamətə gedə bilir. Məsələn, “İradə zəif olanda, ağıl başqasının qulluqçusuna çevrilir” hikmətini bilən oxucu “Böyük şəxsiyyətlər tarixin sütunlarıdır. Onlar nə qədər möhkəm olsa, cəmiyyətin inkişafı da bir o qədər dayanıqlı olur” – həqiqətinin zəruriliyini dərk edə bilir. Yaxud “ziyalısız kütlə kordur” ifadəsinin dəhşətini hiss edən oxucu “Çökən bir millət uçurumun tam dibinə çatmasa, qalxmaq üçün təkan verə bilməz” nəzəriyyəsinin qaçılmaz olduğunu anlayır. Nəhayət, “Böyük insanın faciəsinin səbəbi onun yaşadığı mühitin qəliblərinə sığmamasındadır. Əslində bu, ictimai mühitin, cəmiyyətin faciəsidir” xəbərdarlığını eşidən oxucu “Elə xalqlar var ki, müdrik insanlarını ancaq dəli qismində yaşada bilir” təhlükəsindən qorunmuş olur.

Bəli, “Luçano Pavarotti və dostlar”ın konsertinə baxanda onunla Əbu Turxanın hikmət dünyası arasında bir oxşarlıq sezdim. Dahi tenor ən müxtəlif janrların nümayəndələri ilə duet oxuyur – sənət dilində söhbət edir. Öz zirvəsində sabitləşmiş ustad həmsöhbətləri ilə elə rahat, elə bir gözəlliklə “ünsiyyət” qurur, elə bir ümumi dil tapır ki, kimliyindən asılı olmayaraq qarşıdakı da özünü sənətin sonsuzluğunda görür, hiss edir. Təsadüfi deyil ki, Rabindranat Taqor da deyir ki, «Güc­­lü və qüdrətli olmaq qüvvəyə görə üstün olmaq deyil, zəi­­fi öz zir­və­sinə qal­dıra bilməkdir».



Könül Bünyadzadə
fəlsəfə elmləri doktoru

http://www.525.az/site/?name=xeber&news_id=1709 

Baxılıb: 7654    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.