az  |   tr
Fəlsəfə dünyası

"Kaspi" qəzetinə müsahibə   –  [21.01.2013]


 

«Təhsil sistemimizin yönünü dəyişmək lazımdır»

Səlahəddin Xəlilov: «Təhsilin yenidən qurulması milli təhsil sisteminin zahiri əlamətlərə görə Avropaya bənzədilməsindən ibarət deyil» 
Keçən ilin sonunda Prezident İlham Əliyev “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi barədə fərman imzalayıb. 
Fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov “Kaspi”yə müsahibəsində yekun sənəd haqqında fikirlərini bildirib.

İnsanlığın ali məqsədi
- Səlahəddin müəllim, «Gələcəyə baxış: 2020» İnkişaf Konsepsiyasının strateji hədəfi nədən ibarətdir?
- Hər bir dövlət vaxtaşırı olaraq öz hədəflərini, inkişaf istiqamətlərini, prioritetlərini müəyyən edir. Belə olmasa, kortəbii və pərakəndə bir hərəkət nə qədər dinamik olursa-olsun, pozitiv nəticələrə gətirə bilməz. Hər hansı bir dəyişiklik, zahirən inkişaf kimi görünən, hətta, böyük miqyaslı proseslər heç də həmişə millətin və ya dövlətin qarşıya qoyduğu məqsədlərin həlli istiqamətində olmur. Ona görə də biz görüntü üçün yox, məhz qarşıya qoyduğumuz məqsədlər üçün fəaliyyət göstərməli və bu fəaliyyəti ölçülüb-biçilmiş, məqsədyönlü surətdə həyata keçirməliyik. Bunun üçün, təbii ki, konsepsiyalar, planlar, proqramlar müəyyənləşdirməliyik. Hər bir insan da bunu öz şəxsi həyatında müəyyənləşdirir. Hər kəsin yaxın və uzaq məqsədləri, gələcəyə yönəlik planları var. Əgər hər bir adamın, hər bir ailənin həyatında belə planlar varsa, təbii ki, normal, elmi əsaslarla fəaliyyət göstərən və özünün həm siyasi, həm iqtisadi kursu, həm də milli maraqları olan müstəqil bir dövlətin də gələcəyə yönəlik planları olmalıdır. Və bu məqsədlərin konseptual izahı və təhlili olmalıdır. Məqsəd seçilərkən ilk növbədə milli maraqlar, daha sonra hər hansı bir dövlətin, xalqın potensial imkanları, real inkişaf səviyyəsi nəzərə alınır. Gücün çatmayacaq bir məsələni qarşıya məqsəd kimi qoysan, ona çata bilməzsən. Ona görə də önəmli olan məsələ İnkişaf Proqramının və ya Konsepsiyanın elə hazırlanmasıdır ki, məqsədlərimizə və imkanlarımıza uyğun gəlsin. Bizim utopiya ilə yaşamaq və yaxud kiməsə görüntü naminə gözəl vədlər vermək məcburiyyətimiz yoxdur. Biz bir müstəqil dövlət olaraq özümüzü təsdiqləmişik. Hətta, iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq. İndi qarşımıza daha böyük planlar, yaradıcı proqramlar qoya bilərik. Azərbaycanın iqtisadi inkişafı da, maliyyə imkanları da onun hansısa geri qalmış dövlətlərlə yox, hətta, orta səviyyəli dövlətlərlə də yox, inkişaf etmiş dövlətlərlə ayaqlaşmaq vəzifəsini diktə edir. Nəinki 2020-ci ilə qədər, hətta, 2050-ci ilə qədər məqsədlərin müəyyənləşdirilməsi lazımdır. Bu, geniş müzakirəyə çıxarılmasa da, strateji düşünən adamlar ölkənin 10, 20 və ya 50 il bundan sonrakı durumunu da təsəvvür etməyə çalışır. Bugünkü yaxın planlar həyata keçirilərkən iş elə qurulmalıdır ki, daha böyük planların həyata keçirilməsinə mane olmasın. Biz yaxın və xırda məqsədləri elə istiqamətləndirməliyik ki, bunlar nəinki bir-birlərinin nəticələrini azaltmasınlar, əksinə, ən optimal şəkildə toplana bilsinlər. Mən bir fəlsəfə tədqiqatçısı kimi daha böyük zaman müddətləri ilə məşğul oluram. Fəlsəfə 10 il, 100 il və ya 1000 il bundan əvvəlki yox, bəşəriyyətin bütün inkişaf yolundan çıxan nəticələri ümumiləşdirməklə məşğuldur. Eyni zamanda, bütün bəşəriyyətin gələcəkdə qarşıya qoyduğu məqsədlər haqqında düşünülür ki, ümumiyyətlə, insanlığın ali məqsədi nədir və bəşəriyyət nəyə çalışır? Hansı dövrlərdə bəşəriyyət qarşıya qoyduğu məqsədlərinə nail olub, hansı dövrlərdə geriləmələr olub?

- Maraqlıdır, bütün bəşəriyyətin gələcəkdə qarşıya qoyduğu məqsədlər nədən ibarətdir?
- Bütövlükdə insanlığın missiyası haqqında düşünmək mümkündür. Ancaq bu kontekstdə bir ölkə də öz gələcəyini düşünə bilər. Biz hər-hansı bir məsələni dünyadan təcrid olunmuş, yalnız öz sərhədlərimiz daxilində nəinki praktik olaraq, heç nəzəri olaraq da həll edə bilmərik. Yəni böyük miqyaslı prosesləri, dünyada gedən hadisələrin ümumi meylini nəzərə almadan, hər hansı bir ölkə öz istəklərini qurmağa çalışsa, müvəffəqiyyət qazana bilməz. Ona görə də 2020-ci ilə kimi inkişaf strategiyasının müəyyənləşdirilməsi həm fəlsəfi, həm nəzəri, həm də praktik aspektləri əhatə edir. Biz ayrı-ayrı nazirliklərin, idarələrin fəaliyyətini ekstropolyasiya etməklə, indiyə qədər görülən işlərin bundan sonra da davam etdirilməsini nəzərdə tutmaqla, sadəcə olaraq tempi artırmaq, daha böyük sürətlə irəliyə doğru getmək əzmi ilə heç də qarşıya qoyulan məqsədə nail ola bilmərik. İnkişaf konsepsiyası indiyə qədərki inkişafların tempini artırmağı qarşısına məqsəd qoymur, əksinə, bu inkişaf proseslərinin istiqamətlərini yenidən nəzərdən keçirməyi və zamanın tələbinə uyğun olaraq yenidən qurmağı, tənzimləməyi, lazım gələrsə redaktə etməyi və böyük miqyasda əsas aparıcı inkişaf istiqamətlərini müəyyənləşdirməyi nəzərdə tutur. Bunun üçün lazımdır ki, biz böyük məkanda öz yerimizi müəyyənləşdirək. Yəni bəşəriyyət ümumi inkişaf tendensiyaları, min illərdən bəri onun qarşıya qoyduğu missiya var. Tarixin bir növ məqsədi var və tarix öz işini görür. Yəni böyük miqyasda bəşəriyyətin hardan gəlib, hara getdiyini bilmək mühüm şərtdir. Ona görə də fəlsəfi araşdırmalar çox önəmlidir. 

Təhsilin yenidən qurulması
- Konsepsiyada yer alan mühüm məsələlərdən biri insan kapitalının inkişafı ilə bağlıdır. Bu gün ölkədə keyfiyyətli təhsil xidməti yoxdur. 
- Bəşəriyyətin inkişafını müəyyən edən istehsal vasitələri və bu istehsala insan idrakının nə dərəcədə cəlb olunması idi. Əsas inkişafın göstəricisi intellektual kapitalın iqtisadiyyata və cəmiyyətin həyatının bütün sahələrinə nə dərəcədə tətbiq olunmasıdır. Çünki bütün kapitallar, təbii sərvətlər tükənir. Tükənməyən, əksinə, işləndikcə artan yeganə bir kapital var: bu insanın intellektual potensialıdır. Ölkə başçısı məhz bunu nəzərə alaraq nəinki 2020-ci ilə qədər, daha böyük inkişaf perspektivləri baxımından Azərbaycanın inkişaf strategiyasını bu cür müəyyənləşdirib ki, məqsəd neft kapitalını və təbii sərvətlərin potensialını insan kapitalına və intellektual potensiala çevirməkdən ibarətdir. İnsan kapitalı deyəndə ilk növbədə intellekt, təhsil və elmi bilik səviyyəsi nəzərdə tutulur. Hansı ölkələr ki, öz inkişaf yolunu bu istiqamətdə seçir, onlar böyük uğur qazanırlar. Biz təbii resursları dinamik bir prosesə çevirə bilsək, iqtisadi həyata və cəmiyyətin digər sahələrindəki inkişafa, eyni zamanda, ilk növbədə elm və təhsilin inkişafına yönəldə bilsək böyük uğur qazana bilərik. Təhsil elmə və iqtisadiyyatın digər sahələrinə bilavasitə təsir göstərir. Çünki kadr potensialının səviyyəsi inkişafın gələcəyini müəyyən edir. Yəni geri qalmış, aşağı səviyyəli kadrlarla çox yüksək səviyyəli iqtisadi prosesləri idarə etmək mümkün deyil. Hətta, biz xaricdən ən müasir avadanlıqlar da alıb gətirsək, onları tətbiq edən, onlardan istifadə edən milli kadrlar olmasa, bir nəticə hasil olmayacaq. Belə çıxacaq ki, biz gərək kadrları da xaricdən gətirək. Onda bu, Azərbaycanın inkişafı olmayacaq. Azərbaycanın inkişafı gərək istehsal vasitələrinin təkmilləşdirilməsi, müasir texnologiyalar, milli kadrların gücü ilə həyata keçirilsin. Məqsəd yerli kadrların hazırlanmasıdır. Deməli, ölkənin real ehtiyaclarına uyğun, ixtisaslaşmış təhsil çox vacibdir. Mən təhsil deyəndə onu nəzərdə tutmuram ki, tələbələr dərslikləri əzbərləsinlər. Necə ki, bizim təhsil sistemi yalnız hafizə gücünü müəyyənləşdirir və insanları əzbərçiliyə yönəldir. Yaxud da ki, bizim orta məktəblərdəki təhsilin praktik çıxışları yoxdur. İstər tələbələr, istərsə də şagirdlər öyrəndikləri bilikləri ancaq nəzəri şəkildə, hazır məhsullar kimi mənimsəyirlər. Əməli vərdişlər mənimsənilmirsə, deməli, bu adamların biliyi var, qabiliyyəti yoxdur. Amma işləmək üçün məhz qabiliyyət lazımdır. Qabiliyyət isə biliklərin əməli vərdişlərlə birləşməsindən yaranır. Bu gün bizdə təhsil sisteminin yönünü dəyişmək lazımdır. Onu həyata real tətbiqlər, praktik nəticələr və müasir cəmiyyətin tələblərinə uyğun əməli və nəzəri biliklər sistemi üzərində qurmağa ehtiyac var. Amma biz yüz illərdən qalmış ənənəvi, yarıdan çoxu lazımsız olan biliklərlə uşaqlarımızın hafizəsini doldururuq. Bu, çox ziyanlıdır. ABŞ-ın inkişafını təmin edən əsas amil təhsilin praktik yönlü olmasıdır. Əgər bizdə tələbə ali məktəbi bitirəndən sonra getdiyi iş yerində təzədən həmin işin praktik tərəflərini öyrənirsə, deməli, onun oxuduğu illər faydasız olub. Təhsilin yenidən qurulması milli təhsil sisteminin zahiri əlamətlərə görə Avropaya bənzədilməsindən ibarət deyil. Milli işçi qüvvəsinin səhnəyə çıxması, beynəlxalq texnoloji proseslərlə inteqrasiyası üçün öz reallıqlarımızı nəzərə alıb, milli xüsusiyyətlərimizdən istifadə edib təhsil-elm-iqtisadiyyat zəncirini gerçək həyatımıza uyğun surətdə qurmalıyıq. Bu sahənin də öz Azərbaycan modeli olmalıdır. Məhz o zaman bizim təhsil iqtisadi inkişaf prosesi üçün böyük hərəkətverici qüvvə ola bilər. Biz ancaq neftdən, qazdan və ya başqa ekstensiv sahələrdən gələn kapital hesabına yox, eyni zamanda, gənclərimizin həm intellektual, həm əməli potensialının gerçəkləşdirilməsi ilə böyük inkişaf tempi qazana bilərik. Onda bu, davamlı olar. 
Bu Konsepsiyanın təməlində neft kapitalının intellektual kapitala çevrilməsi durur. Ancaq bu çevrilmə sadə proses deyil. Onun mexanizmi olmalıdır. Bu mexanizm isə biz alimlər tərəfindən işlənib hazırlanmalıdır. Pul, maya var. Müasir tipli məktəb binaları tikilir. Məktəblərin modernləşdirilməsi maddi-texniki bazasının müasirləşməsi istiqamətində görülən işlər bəlkə heç Avropa ölkələrində də görülmür. Amma onun daxili məzmununun da maddi-texniki bazaya uyğunlaşdırılması lazımdır. Bu, artıq kapitalla, ona maddi dəstək verməklə düzələn şey deyil. Buna biz cəmiyyətimizin xüsusiyyətlərini, müasir dövrdəki inkişaf səviyyəmizi, buna qədərki düşüncə tərzimizin yönünü və ölkəmizin qarşıya qoyduğu vəzifələri nəzərə almaqla nail ola bilərik.
- Siz təhsildən, iqtisadiyyatdan danışdınız. Heç şübhəsiz, inkişaf təkcə bu sahələrdən asılı deyil. Sizcə Azərbaycanın tanınması, imicinin formalaşması, yaradıcı, müasir bir xalq olduğumuzu sübut etmək üçün daha hansı sahələrdə fəaliyyət göstərməliyik? 
- Əlbəttə, təkcə bu sahələrlə kifayətlənmək olmaz. Daha qısa müddətdə, daha tez effekt verən sahələr var. Məsələn, idman və musiqi kimi. Ayrı sahələrdə on illərlə kadr hazırlamaq, elmi laboratoriyalarda axtarışlar, tədqiqatlar aparmaq, sonra onların nəticələrini tətbiq etmək və nəhayət, neçə illərdən sonra yenilik əldə etmək elə də asan iş deyil. Bunlar uzunmüddətli proseslərdir. Biz idmanda gəncliyimizin potensialını əyani surətdə görürük. İdmanda uğurlar iradənin, əzmin fiziki sağlamlıqla birləşməsindən yaranır. Bunlar da inkişaf strategiyasına daxildir. Məsələn, “Avroviziya” müsabiqəsindəki uğurlarımız, Bakıda müsabiqənin keçirilməsi, bütün Avropa ölkələrinin nümayəndələrinin gəlib bizim uğurlarımızı görmələri, bizim haqqımızda təsəvvürlərinin dəyişməsi, bir çox beynəlxalq miqyaslı idman yarışlarının Azərbaycanda keçirilməsi, London olimpiya oyunlarındakı nailiyyətlərimiz və nəhayət, Azərbaycanın 2015-ci ildə Avropa olimpiya oyunlarının məkanı kimi seçilməsi – bu idman və musiqi sahəsində çox böyük uğurlardan və gələcəyə yönəli planlardan danışmağa əsas verir. Amma yenə təkrar edirəm, əsas inkişaf xətti elm və təhsildən keçir. Bunlar olmasa, başqa sahələrdəki heç bir uğur ölkənin davamlı iqtisadi inkişafına, eyni zamanda, əhalinin ümumi mədəni səviyyəsinin yüksələn templə artmasına təminat verə bilməz. Bunların hamısının təminatı təhsildən keçir. Təhsilin də daha yüksək səviyyədə, milli mənafeyə uyğun şəkildə qurulmasının öz elmi əsasları var. Ümumiyyətlə, bütün sahələrin elmi əsaslarla qurulması lazımdır və onların fundamental elmi əsasları olmalıdır. Fundamental elmlər də yüksək səviyyədə inkişaf etməlidir ki, onların tətbiqi sahələri də olsun. 
- Bu gün ölkə əhalisinin bir qismi səhiyyə xidmətinin yüksək səviyyədə olmaması üzündən xarici ölkələrə üz tutur. Müxtəlif sosial qruplar, imkansız təbəqələr, aztəminatlı ailələr üçün səhiyyə xidmətinin əlçatanlığını təmin etməkdən ötrü Konsepsiya çərçivəsində hansı addımların atılmasına ehtiyac var? 



Səlahəddin Xəlilov: «İnkişaf Konsepsiyasında qarşıya qoyulan vəzifələrin çoxu bizim gücümüz çatan vəzifələrdir» 
Keçən ilin sonunda Prezident İlham Əliyev “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi barədə fərman imzalayıb. 
Fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov “Kaspi”yə müsahibəsində yekun sənəd haqqında fikirlərini bildirib.

Sağlamlığın təminatı

- Bu gün ölkə əhalisinin bir qismi səhiyyə xidmətinin yüksək səviyyədə olmaması üzündən xarici ölkələrə üz tutur. Müxtəlif sosial qruplar, imkansız təbəqələr, aztəminatlı ailələr üçün səhiyyə xidmətinin əlçatanlığını təmin etməkdən ötrü Konsepsiya çərçivəsində hansı addımların atılmasına ehtiyac var? 
- Bu sual bir neçə məsələni əhatə edir. Səhiyyənin inkişafı həmin sahədə həm elmi araşdırmaların yüksək səviyyədə olmasını, həm də dünya miqyasında əldə olunmuş nailiyyətlərin mənimsənilərək operativ tətbiqini nəzərdə tutur. Buraya həm də ən müasir texnologiyalardan və metodlardan istifadə olunması aiddir. Əsas məsələ odur ki, bizim camaat məcbur olub İrana, Türkiyəyə və b. ölkələrə müalicə dalınca getməsin və yığdığı 5-3 qəpiyi yollara xərcləməsin, həm rahat, həm də daha güvənli şəkildə öz ölkəsində müalicə olunsun. Lakin səhiyyənin inkişafı tam müstəqil bir məsələ deyil, ona bütövlükdə elmin və təhsilin inkişafı kontekstində baxılmalıdır. Təhsil sistemində nöqsanlar varsa, bu, istər-istəməz səhiyyə sahəsinə də təsir edəcək. Oradakı təhsil də qüsurlu olandan sonra bizim tibb məktəblərinin, universitetlərin məzunları müasir tələblərə, dünya standartlarına cavab verməyəcək və yenə də xəstə müalicə almaq üçün başqa bir ölkəyə getməyə məcbur olacaq. Ona görə də, İnkişaf Konsepsiyasında diqqət mərkəzində duran məsələlərdən biri səhiyyə sisteminin təkmilləşdirilməsidir. Hər bir ölkənin ən böyük sərvəti onun xalqıdır. İnsanların iki əsas inkişaf göstəricisi var: fiziki cəhətdən sağlam olmaq, bir də intellektual inkişaf və mədəni-mənəvi inkişaf səviyyəsi. Yəni iqtisadiyyat da, xidmət sahələri də, – hamısı insanlar üçündür. Bütün islahatların hədəfi insanların daha yaxşı təminatı, rifah halının yaxşılaşdırılmasıdır. Klassik kapitalizm dövründə sənaye və maşınqayırma əsas göstərici idi. Amma indi xidmət sahələri önə çıxmışdır. 

Sağlamlığa xidmət edən bir neçə sahə var. Havanın, suyun təmizliyi, ərzağın sağlamlıq üçün ziyansız olması və insanlara zərər vurmaması. Elə bu sahədə də ekoloji problemlərin həlli, güvənli ərzaq təminatı, ərzaq təhlükəsizliyi sahəsində yaxın gələcəkdə bizim böyük vəzifələrimiz var. Heç şübhəsiz ki, 2020-ci ilə qədər İnkişaf Konsepsiyasının mühüm komponentlərindən biri də bu olmalıdır. Bu, bütün dünyada aktual məsələdir. Çünki bütün dünyada iqtisadi münasibətlər biznes maraqları üzərində qurulub, hamı daha çox qazanmaq istəyir. Ola bilsin, daha çox qazanmaq üçün müasir üsullarla elə ərzaq məhsulları hazırlayırlar ki, ucuz başa gəlsin. Həmin ərzağın ölkənin özündə satışına icazə verilməyəndə, daha az inkişaf etmiş ölkələrə çıxarırlar; o ölkələrə ki, özünü təbii məhsullarla təmin edə bilmir və xaricdən aldığı ərzağın da tərkibində nələrin olduğunu müəyyənləşdirmək üçün elmi səviyyəsi yetərli deyil. Bu məsələnin həlli üçün yenə də müxtəlif elm sahələrinin tətbiqinə ehtiyac var. Analitik kimya, biokimya var, tərkibin keyfiyyətini müəyyənləşdirilməsi ilə məşğul olan ekspertiza sistemləri var. Bütün bunlar elə yüksək səviyyədə qurulmalıdır ki, həm özümüzün hazırladığımız ərzaq məhsullarının, öz yerli istehsalımızın məhsulları, həm də xaricdən aldığımız malların yoxlanılmasına nail olaq və əhalimiz qida məhsulları ilə təmin olunarkən onların sağlamlığı təhlükəyə məruz qalmasın. Avropa ölkələri, Amerika Birləşmiş Ştatlarının inkişaf göstəricilərindən biri də budur ki, əhalinin orta yaş həddi yüksəkdir və biz də öz ölkəmizdə həmin göstəricilərə yaxınlaşmaq istəyirik. 

Biz istəyirik ki, yaxın gələcəkdə inkişaf etmiş ölkələrlə müqayisə olunacaq səviyyəyə çataq. Sağlamlıq təkcə səhiyyə sistemi ilə bağlı deyil. Bunun üçün həm də ekoloji təminat, mühitin təmiz olması, sənayenin, iqtisadiyyatın, kənd təsərrüfatının elə qurulması lazımdır ki, onlar havanı, suyu zəhərləməsin. Lakin insan hər halda xəstələnir. Bir var, sağlamlığın profilaktik təminatı, bir də var, artıq xəstələnmiş insanların müalicəsi. Bunun üçün səhiyyə sistemi var, müasir tibb texnologiyaları var. Sağlamlığın təmin olunması məsələsində tutaq ki, həkimlərin, tibbi personalın yüksək səviyyədə hazırlanması lazımdır. Bu da yenə təhsillə bağlıdır. Hansı sahəyə baxsaq, hamısının təməli yenə də təhsilə gəlib çıxır. Biz təhsil problemimizi həll etməsək, 2020-ci ildə qarşıya qoyulan böyük strateji vəzifələri həyata keçirə bilmərik.

Yəni, xırdalanırıq...

- Sizcə mətbuatın inkişafı üçün hansı tədbirlər həyata keçirilməlidir? Ümumiyyətlə, bugünkü KİV-in real mənzərəsini necə xarakterizə edərdiniz?
- Mətbuatda məni qane edən nədir, etməyən nədir? Bu sahədə ən əsas uğurlar senzuranın aradan götürülməsi, mətbuatda tənqidə yer verilməsidir. Çünki fikir plüralizmi olmadan biz ictimai həyatdakı nöqsanları mütəmadi surətdə nəzərdən keçirib səhvlərimizi düzəldə bilmərik. İstər iqtisadi sahə olsun, istər mədəniyyət, ədəbiyyat – istənilən sahədə kənardan nəzərə böyük ehtiyac vardır. Qane etməyən isə odur ki, qəzetlərin sayı çox olsa da, yeknəsəqlik və təkrar üstünlük təşkil edir. 

Əvvəla, 1990-cı illərin əvvəllərindən mətbuat siyasiləşdi. Təəssüf ki, bu, hələ də tamamilə aradan götürülməyib və düşüncə tərzindəki bu disbalans xeyli dərəcədə saxlanılır. İkincisi, bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq, bazar düşüncəsimi deyək, dəllal və ya baqqal düşüncəsimi deyək, – mətbuata və TV-yə də yol tapdı və bu, çox xoşagəlməz hadisədir. Üçüncüsü, yüksək sənət, böyük ədəbiyyat arxa plana keçdi. Xarici musiqinin yüksək nümunələri, klassika əvəzinə, daha çox melodramlar, şoular və kütləvi mədəniyyətdən gələn nümunələrin geniş təbliğinə televiziyada, efirdə üstünlük verilməsi gənc nəslin tərbiyəsinə pis təsir göstərir. Bütün bunlar kompleks halda qəzetlərimizdə, mətbuatda, televiziya və radioda səviyyənin enişindən xəbər verir. Yəni, xırdalanırıq. Həddindən artıq hadisəçiliyə diqqət artır. Bir var, ümumiyyətlə, xalqdan, millətdən, ölkəmizin, dövlətimizin vəzifələrindən, funksiyalarından, tale yüklü məsələlərdən danışıla, nəzəri söhbətlər, müzakirələr aparıla, bir də var, küçədən keçəndə kimin ayağı burxulub yıxıldı, harada kimin maşını əzildi, kim həlak oldu... Bunlarla efiri nə qədər qaralamaq olar, nə qədər bəd xəbər söyləmək olar? Bir faktı yadınıza salım, 2001-ci ilin 11 sentyabrında Amerikada həmin o məşhur terror baş verdi. Nə qədər adamlar həlak oldu, nə qədər yaralananlar oldu. O vaxt o hadisəni efirdə göstərəndə, mətbuatda yazanda nə bir ölü, nə yaralı adam, nə də bir qan göstərildi. Yaxud bu yaxınlarda bir nəfərin məktəbə daxil olaraq 29 nəfəri güllələməsi. Heç bir nəfər şagirdin cəsədi, ağlayan, sızlayan adamlar göstərildimi? Yəni buna onların texniki imkanlarımı çatmır? Yoxsa bizim telejurnalistlər daha qoçaqdırlarmı? Ümumiyyətlə, qorxunc şeylərin efirə çıxması yolverilməz bir hadisədir. Mən həmin terror hadisələrini təsadüfən xatırlatmadım. Yenə də xarici efirlərə baxın, onlar filmlərində dəhşətli səhnələr göstərə bilərlər, amma real, canlı adamların, bu dəqiqə yaşayan insanların faciəsini lentə çəkib kütləvi şəkildə nümayiş etdirmirlər. Kiminsə faciəsini kütlənin tamaşasına çıxarmaq olmaz. Təəssüflər olsun ki, bizim efirimiz bununla doludur. Ən pisi isə insanların şəxsi həyatının artıq teatrı əvəz etməsidir. Heç kimin şəxsi həyatını ümumi görünüşə vermək olmaz, bu, şəxsi həyata müdaxilədir. Gerçək həyatın teatr səhnəsi kimi efirə çıxarmaq və insanların taleyi ilə minlərlə insanın gözü qarşısında oynamaq olmaz. Mətbuatın, telejurnalistlərin məhkəməni əvəz etmək iddiası həddindən artıq yolverilməz, mənəviyyata və hüquqa uyğun gəlməyən bir şeydir. Bizdə jurnalist tez-tez ittihamçı, prokuror rolunda çıxış edir. Halbuki, məhkəmənin funksiyasını heç kim əvəz edə bilməz. Kiminsə günahı hələ təsdiq olunmayıbsa, efirdən camaatın gözü qarşısında onu günahlandırmaq səlahiyyəti heç kimə verilməyib. İnsanların mənəviyyatı, hissiyyatı ilə oynamaq – bu, indi həm mətbuatda, həm qəzet səhifələrində, həm də efirdədir. 

Buna görə də insanlar teatr səhnələrindən, bədii əsərlərdən daha çox canlı həyatın faciələrinə baxırlar. Bunlar eybəcərlik kimi təqdim olunur, eybəcərlik isə insanları böyütmür, kiçildir. Faciəni gərək sənət səviyyəsində təqdim edə biləsən. Eyni zamanda, komediya insanları böyütmür, kiçildir. Biz deyirik ki, gülüş yaxşı şeydir. Çox yanlış bir siyasətdir. Gülüş fizioloji cəhətdən yaxşı ola bilər, amma mənəviyyatın inkişafı üçün dramatik situasiyalar daha vacibdir. Bu, bəlli bir şeydir. Amma bizim mətbuat, televiziya buna nəinki əməl etmir, hər şeyi tam tərsinə həll edir. Məsələn, elmin inkişafı sahəsində, fəlsəfə sahəsində olan uğurlarımız, dünya miqyaslı nailiyyətlərimiz var. Amma bir adam bunları efirə çıxarmır. Bir adam onu işıqlandırmır. Amma kiminsə ayağı qırılıb, onu o saat gündəmə gətirirlər. Ona görə də, İnkişaf Konsepsiyasında KİV-in fəaliyyətinə yenidən baxmaq və köklü islahatlar nəzərdə tutulmalıdır.

Fərqli düşüncə tərzinə ehtiyac

- Konsepsiyadan irəli gələn bir məsələ də mənə maraqlıdır. Cəmiyyətdə gender əsaslı zorakılıqların baş verməsi barədə müəyyən faktlar və fikirlər var. Yəni bunların qarşısını almaq üçün, sizcə necə bir mexanizm hazırlanmalıdır?
- Ümumi mövqe bundan ibarətdir ki, Avropa ölkələri iqtisadi inkişaf sahəsində – texnologiyanın, elmin, təhsilin inkişafı sahəsində böyük uğurlar əldə ediblər. Səhiyyə sistemini çox yüksək səviyyədə qura biliblər. Əhalisinin həm fiziki sağlamlığı, həm mədəni-mənəvi inkişafı, maddi təminatı üçün böyük işlər görüblər və bundan sonra indi daha nə qalır? İndi-indi onların özünün bərabərsizlikləri ortaya çıxıb və onu aradan qaldırmaq üçün tədbirlər görürlər. Sən demə, məlum olur ki, ABŞ kimi bir ölkədə yaxın vaxtlara qədər qadınların heç səsvermə hüququ da yox imiş. Amma unuduruq ki, biz əvvəl sovet sistemindən çıxmış, SSRİ-nin tərkib hissəsi olmuşuq. Sovet İttifaqı bu sahədə ən böyük nailiyyətlər əldə etmiş ölkə olub, o cümlədən gender bərabərliyi sahəsində. SSRİ-də qadın və kişiyə fərq qoyulmayıb. İlk dəfə bütün dünyada bu sahədə ən böyük uğurlar qazanan ölkə SSRİ olub və o cümlədən, onun tərkib hissəsi kimi Azərbaycan. Azərbaycanda həmişə qadınlar deputat da olub, nazir də. Onlar hər vəzifədə olublar. Yəni heç bir məhdudiyyət qoyulmayıb. Əksinə, qadınlara güzəştlər tətbiq olunub. Mən onun tərəfdarıyam ki, qadınlar bərabər rəqabət şəraitində öz üstünlüklərini müəyyən sahələrdə nümayiş etdirsinlər. Amma yeri gələndə, onlara yenə də şərait yaradıla bilər, üstünlük də verilə bilər. Çünki fərqli bir fikrin, fərqli bir düşüncə tərzinin həmişə xeyri var. Həmçinin dünyaya feminist münasibəti bilməyin nə ziyanı var? O, bizim dünyaya baxışımızı daha zəngin edə bilər. Necə müxtəlif millətlərin mədəniyyətləri toplananda zənginlik, müxtəliflik verir, eləcə də kişi düşüncəsinin yanında bir qadın düşüncəsi də, məsələyə qadın yanaşması da ancaq faydalı ola bilər. Bu baxımdan, şübhəsiz ki, biz Avropada, dünyada qəbul olunmuş hüquq qanunvericilik sisteminə qoşulmuşuq, bundan sonra da qoşulacağıq. Amma gerçək vəziyyət baxımından mən Azərbaycanda bu sahədə qorxulu vəziyyət görmürəm. Əgər kişinin qadına münasibətində bir kobudluq varsa, ya qadınlara hardasa ayrı-seçkilik edilirsə, bu, ümumi savadlılıq dərəcəsinin, təhsil səviyyəsinin, dünyagörüşünün məhdudluğu ilə bağlıdır. Bunu aradan qaldırmağın yolu ayrıca bir gender siyasəti aparmaq və ya ayrıca bu sahədə tədbirlər, treninqlər keçirmək deyil. Bunun yolu təhsilin səviyyəsini artırmaqdır. Onda onlar öz-özünə həll olunacaq. 
- Ümumiyyətlə, gələcəklə bağlı proqnozlarınız nədir?
- Proqnozlarım nikbindir…Yəni düşünürəm ki, qarşıya qoyulan vəzifələrin çoxu bizim gücümüz çatan vəzifələrdir. Əsas odur ki, biz birtərəfli inkişaf yolu ilə getməyək, nəyinsə həddindən artıq önə çəkilməsi, nəyinsə kölgədə qalması, yaddan çıxması olmasın. 

Təranə Məhərrəmova

http://www.kaspi.az/news.php?id=1820)

http://www.kaspi.az/news.php?id=1819

Baxılıb: 5915    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.