Den Braun əski simvolikaları və kodları
açdıqdan sonra Leonardo da Vinçi yeni ampluada görünməyə başladı. Den Braundan
çox-çox əvvəl Şərq ədəbiyyatında rəmzlərin dili ilə bir çox gizli fikirlər
söylənilmişdir ki, zaman-zaman açılır, amma hələ də açılmamış qalanları var.
Cavid də rəmzlər şairidir. Onun poeziyasında
açılmamış müəmmalar çoxdur. Biz indi bunlardan ancaq birinə müraciət etmək və
Şeyx Sənan əhvalatı ilə şairin bizə başqa nələr dediyini aşkarlamaq istəyirik.
Xumar, Əsli, yoxsa Sarı
gəlin?!
Ey mürşidi-kamil, ey Şeyx
Sənan!
Heç demə, sən hələ o vaxt özünü qurban
verib, bizə həqiqət yolunu göstərməyə çalışırmışsan. Biz isə məcazları və
semiotikanı hələ də mənimsəmədiyimizə görə, gürcü qızı Xumardan yapışıb
durmuşuq.
Və hərdən buna da şükür edib düşünürsən ki,
nə yaxşı ki, Cavid babamız Fəridəddin Əttarın tərsa (xristian) qızını Rum
elindən qoparıb Qafqaza gətirəndə və onu xumarlaşdıranda milliyyətini erməni
qızı yox, gürcü qızı deyə nişan verib. Yoxsa indi bizim halımız necə olardı?
Sarı gəlin məsələsini həll eləyib qurtarmamış, indi də Xumar problemi ortaya
çıxardı... Amma bu məsələ o məsələdən çox mürəkkəbdi. Həm də ayrı-ayrılıqda
onların qəlizliyi bir o qədər görünmür. Birlikdə baxanda, həmin o görünməyənlər
də üzə çıxır. “Sarı gəlin” məsələsinin artıq bir neçə həlli tapılıb. Bəziləri
düşünür ki, “Sarı gəlin” mahnısı da bizimdir, gəlin özü də. (Hər halda bir türk
qızının sarışın olması, erməni qızının sarışın olmasından daha inandırıcıdır).
Bəziləri isə düşünür ki, əsas olan mahnının bizim olmasıdır, o ki qaldı gəlinə,
o elə erməni imiş; papas onu vermək istəməyib və bizim oğlan da dərdindən divanə
olub və bu sənət əsəri də beləcə bizim naləmizdən yaranıbmış. Nə isə.
Bəs Xumar əhvalatı hansı görünməzlərə
aydınlıq gətirir? Əlbəttə, bizimkilər onu da isbat edə bilərlər ki, Şeyx Sənan
türk imiş və məhz bir Qafqaz türkü imiş və ona görə də röyasına ərəb və ya rum
gözəli deyil, bir Qafqaz gözəli giribmiş. Həmin Qafqaz ki, burada neçə-neçə
kərəmlər əslilərin yolunda 32 dişindən keçsələr də, keşiş yenə verdiyi sözü
tutmamış, kərəmləri yana-yana qoymuşdur.
Əslində Şeyx də yanır, həm də könüllü:
Şeyx, ya Şeyx, gəl də seyr
eylə,
Yandım atəşdə kəndi
rəyimlə.
Mən qulaq vermədim dəyərli
sözə,
Həp qadından gəlir nə gəlsə
bizə.
Lakin Cavidin atəşlərə səbəb kimi göstərdiyi
əsl ünvan qadın və ya qadına sevgi deyil. Sevgidən başı dumanlanıb sağlam
düşüncəni itirmək də deyil. Əsl ünvan sevgiyə qarşı duran əks qütb –
ayrı-seçkilik və dinlərin ixtilafıdır: “İxtilaf, ixtilafi-məzhəbi-din...”
Çıxış yolunu isə şair fərqli dinlərin vahid bir dində birləşməsində görür:
Din bir olsaydı yer yüzündə
əgər,
Daha məsud olardı
cinsü-bəşər.
Əsas ideya bundan ibarətdir ki, bizi təmsil
edən Şeyx tərsa qızına olan eşqini nəinki maldan-dövlətdən, rütbədən, mənsəbdən
üstün tutur, hətta dinin zahiri atributlarından, simvolikalardan da keçməyə
hazırdır. Bir xristian papası bir müsəlman şeyxinə şərtlər diktə edir və sonuncu
da “daha yüksək bir din” olan eşq naminə onun şərtlərini qəbul edir. Əsl
müəllif ideyası da dastanlardan məlum olan bu hekayətin yeni təfsir imkanlarında
gizlənir. Gəlin, tərsini fərz edək: tutaq ki, papas insafa gəlir və şeyxin öz
müsəlmanlığından əl çəkdiyinə əmin olub, Xumarı ona verməyə razılaşır. Onda nə
olar? Bax, böyük Füzulinin Leyli və Məcnunu qovuşdurmamasının səbəbi nə idisə,
Cavid də Sənan və Xumarı ona görə qovuşdurmur. Çünki əsərdə iki gəncin
vüsalından daha böyük ideyalar var.
Caviddə sevən tərəflər rəmzi məna
daşıyırlar. Əsl söhbət böyük eşq müqabilində dini ayinlərə münasibətin
dəyişməsindən gedir. Yəni mübarizə dinin mahiyyəti və görüntüsü arasında gedir.
Cavid bizə nə öyrətmək
istəyirdi?
Cavidin birinci məqsədi eşqin
institutlaşmış, sosiallaşmış, ideolojiləşmiş və öz mahiyyətindən uzaqlaşmış
zahiri dinçilikdən yüksəkdə durduğunu göstərmək, eşqi ən böyük din kimi təqdim
etməkdir.
İkinci məqsəd konkret olaraq qız sahibi
olan, deməli, həm də söz sahibi, ixtiyar sahibi olan xristian rəsmilərinin və
bütövlükdə Qərbin İslama və müsəlmanlara münasibətinin iç üzünü göstərməkdir.
Yəni sanki belə bir sualın cavabını tapmaq üçün eksperiment qoyulur:
müsəlmanlara qarşı olan ayrı-seçkiliyin köklərini harada axtarmaq lazımdır?
Qərbin xoşuna gəlməyən, onu narazı salan və ya narahat edən nədir? Bax, bu sualı
müasir dövrə transfer etsək və Avropa İttifaqının Türkiyəyə qarşı
ayrı-seçkiliyini, uydurulmuş “erməni soyqırımı”nı zorla “etiraf” etdirmək
cəhdlərini, yaxud Minsk qrupunun Dağlıq Qarabağ məsələsindəki ikili standartını
yada salsaq, mənzərə necə görünər? Türkiyə hər dəfə Avropa İttifaqının qoyduğu
şərtləri yerinə yetirir və hər dəfə yeni şərtlər düşünüb tapırlar: düymələr
açılır və yenidən bağlanır. Yaxud Azərbaycan dünyanın ən tolerant ölkəsi
olduğunu dönə-dönə sübut etsə də, yenə də xristian təəssübkeşliyi özünü
göstərir. Sanki Cavid o vaxt belə bir perspektivi də nəzərə alaraq “Şeyx Sənan”
süjetində bütün şərtləri yerinə yetirməyin, hətta “bütün dinlər birdir” deyərək
müsəlmanlığın əlahiddə şərtlərindən imtina etməyinin heç bir xeyri olmadığını və
olmayacağını göstərirdi.
Bu qənaət bu gün də aktualdır. Erməni
məsələsi gündəmdən çıxmır ki, çıxmır. Qərb satqınlığı müqabilində ermənilərə vəd
etdiyini, görünür, hələ tam qaytarmayıb. Tarixi Azərbaycan torpaqlarında
ermənilər üçün dövlət yaradılması satqınlığın bədəlini hələ tam
ödəməyibmiş. Bu məsələ çox az rast
gəlinən hallardan biridir ki, burada ruslarla qərblilərin mövqeyi üst-üstə
düşür. Onları birləşdirən erməniyə sevgi, yoxsa türkə nifrətdir, – bu, ayrı bir
məsələdir. Önəmli olan budur ki, kin-küdurət həqiqət hissini üstələyir.
Qərb millətçiləri gerçəyi təhrif etməklə
kifayətlənməyərək, bu təhrifi bizə də qəbul etdirməyə, “etiraf”a nail olmağa
çalışırlar. Bunun üçün bir tərəfdən təzyiq göstərir, digər tərəfdən də Nobel
mükafatı da daxil olmaqla müxtəlif vədlərlə ağız sulandırırlar. Maləsəf,
hərdənbir bu tora düşən, qovula-qovula namərd olan və ağzı sulana-sulana “etiraf
qəhrəmanlığının” kürsüsünə qalxmaq istəyənlər də tapılır.
Əlbəttə, “Əsli və Kərəm”də, “Şeyx Sənan”da
bu məsələlər daha ümumi şəkildə qoyulmuşdur. Amma eyni mahiyyət müxtəlif
dövrlərdə müxtəlif formalarda təzahür edir.
Kim isə dünyəvi həyat tərzi seçirsə,
müsəlman simvolikalarından imtina edirsə və qəlbində Allah eşqindən, haqq-ədalət
hissindən başqa heç nəyə üstünlük vermirsə və müqabilində papaslar bunun fərqinə
varmadan yenə də dini ayrı-seçkilik salırlarsa, bu əslində mərdi qova-qova
namərd etmək cəhdindən başqa bir şey deyil.
Bütün bu təcrübələr onu göstərir ki, nəyinsə
naminə, kiminsə istəyi ilə yolunu dəyişmək heç vaxt fayda verməyib və verməyəcək
də. Sadəcə, gərək qovanlardan aman diləməyəsən və qovulsan da, namərd olmayasan.
Sən mərdliyində qal, həqiqətə tapın; kiminsə xoşuna gəlmirsə,
özünəməxsusluğundan imtina etməkdənsə, qarşı tərəfin məxsus olduğu üstünlüklərə
də yiyələnərək daha zəngin ol. Yəni çıxış yolu nədənsə imtina etməkdə, nəyi isə
qurban verməkdə yox, əlavə keyfiyyətlər əldə etməkdə, eşq ilə yüksəlməzdən öncə
əqllə yüksəlmək zərurətini dərk etməkdədir.
Səlahəddin Xəlilov http://www.525.az/site/?name=xeber&news_id=5329
|