az  |   tr
Fəlsəfə dünyası

Rəsul Rza poeziyasına dair üç qeyd   –  [21.05.2010]

 

                                               Elə bir zaman gəlmişdir ki, 
                       ağılla «duymaq» cəhdləri   ürəklə
anlamaq cəhdlərini üstələyir
.
Əbu Turxan

Səməd Vurğun, Rəsul Rza və fəlsəfi poeziya

Sovet dövründə milli fəlsəfi fikrə təhlükə mənbəyi kimi baxan ideologiya Azərbaycan ədəbi fikrində o qədər dərin kök atmışdı ki, ayrı-ayrı hallarda şairlər mahiyyətləri, ümumiləri tərənnüm etmək «iddiasına» düşdükdə, ədəbi tənqid hətta onların şöhrətindən, nüfuzundan çəkinməyərək, kəskin mövqe tutmuş, onları «fəlsəfəçilikdə» günahlandırmışdır.
Lakin XX əsr Azərbaycan poeziyasında bu tabunu pozmaq meylləri də güclü olmuşdur. Səməd Vurğun da, Rəsul Rza da bütün «fəlsəfəçilik» ittihamlarına baxmayaraq, vaxtaşırı konkretlikdən ümumiyə, mahiyyətə doğru addımlar atmış və fəlsəfi poeziyanın gözəl nümunələrini yaratmışdırlar.
Düzdür, Səməd Vurğunda fəlsəfilik tamam başqa üslubda və istiqamətdə, Rəsul Rzada isə xeyli fərqli formada özünü göstərir. Lakin formalar fərqli olsa da, məğzi eynidir: poeziya fəlsəfi qata yüksəlir. Səməd Vurğun fəlsəfə mərtəbəsinə poetik vüsət qanadlarında qalxır. Rəsul Rza isə mahiyyət dünyasına təhlil və düşüncə qapısından keçir. Lakin heç biri bu mərtəbədə həmişəlik lövbər salmır və yenidən hissi dünyanın konkret yaşantılarına qayıdaraq axıradək öz şair missiyalarını yerinə yetirirlər.

Əmin ər-Reyhani, Rəsul Rza və rənglərin fəlsəfəsi

XIX əsrin axırları, XX əsrin əvvəllərində yazıb yaratmış görkəmli ərəb mühacir şairi Əmin ər-Reyhani “Bəsirət gözü” əsərində yazır: “Bir sanskrit aforizmi “Gözlərə görmə qabiliyyətini qəlb, qəlbə isə Şiva verir”, – deyir. Sufi Şivanı Allahla əvəz edərək bunu qəbul edir. Ona görə, rənglər gözlə necə görünürsə, qəlbdə də elə mövcuddur. Lakin dövrümüzün hansı elm və incəsənət xadimi bir rənglər nəzəriyyəsi inkişaf etdirib? Onlar yalnızca məsələnin maddi və fiziki tərəfini diqqətə alırlar. Onlar rəngləri ancaq gözlərlə görürlər”.
Əlamətdar haldır ki, qəlbdə yaranan, adi gözlə görünməyən rəng təəssüratları ilk dəfə məhz Azərbaycanda şeirləşdi. XX əsrin görkəmli şairlərindən olan Rəsul Rzanın sanki Əmin ər-Reyhaninin çağırışına cavab olaraq məşhur “Rənglər” silsiləsini yazması dünya ədəbi-bədii prosesinin bütövlüyünə dəlalət edir. Və Əmin ər-Reyhani də sanki artıq yazılmış olan bu şeirlər silsiləsinə münasibətini bildirir: “Şəxsən mən, mövzunun maddi tərəfini görməkdən çox, onun haqqındakı fikirləri eşitməyi üstün tuturam. Doğrudan da, sırf qəlb və zehinlə əlaqəli olan şeylər var.”

Rəsul Rza, Elçin və sözün yeni fazası

Bəli, Rəsul Rza yaradıcılığında fəlsəfilikdən söhbət düşən kimi rənglər silsiləsini yada salırlar. Bu barədə gedən böyük ədəbi-fəlsəfi mükalimələr hələ də zehinlərdən silinməmişdir. Amma tənqidin diqqətindən sanki yayınmış olan, rənglərin kölgəsində qalan daha rəngarəng fikirlər də vardır.  

Dünyanın söz ehtiyatı
nə azdır, nə az!
Elə şeylər var ki,
sözlə anlatmaq olmaz.
Gərək özün görəsən,
duyasan.

Fikrinə toplayıb
ürəyinin  başına qoyasan
isinsin,
əl vuranda
köklənmiş sim kimi dinsin.

Şeirin birinci hissəsində “duyğu sözdən daha zəngindir” həqiqəti ifadə olunur. Amma bu fikir ilk baxışda nə qədər “məsum” görünsə də, Azərbaycan poeziyasında sözün qüdrəti haqqında qərarlaşmış başqa bir həqiqətlə, yumşaq desək, uzlaşmır. Çünki ənənəvi poeziyada duyğu da, fikir də həmişə sözün kölgəsində qalmışdır. Əlbəttə, klassik poeziyada söz həm də logos mənasında işlədildiyindən elə bir ziddiyyət yoxdur. Lakin ədəbi tənqiddə söz sözü diferensiallaşdırılmadığından bu məna xüsusi vurğulanmamış, söz fikir və duyğudan fərqli müstəvidə, onların yalnız ifadəçisi kimi başa düşülmüşdür. Yəni klassikada sinkretik söz (loqos) anlayışı haqqında yüksək pafosla deyilənlər adi danışıq dilindəki sözə şamil edilməklə fikrin və duyğunun payı mənimsənilmiş olmuşdur.    
İkinci fikir bədii-poetik yaradıcılığın çox mühüm bir cəhətini əks etdirən fəlsəfi ideyanın bədii yolla ifadəsidir. Əslində, biz bu barədə yazmışıq. Təbii ki, şeirlə yox, fəlsəfi esse kimi. Mən fikri duyğuların sıxlaşıb formaya düşməsi kimi, bərkimiş, kristallaşmış, buzlaşmış hiss kimi izah etmişəm. Və əksinə, fikir buxarlananda yenidən seyrəlir, qəlibdən çıxır, duyğulaşır, azad nəfəs alır, bir düşüncə hadisəsindən bir könül hadisəsinə çevrilir. Amma biz bu esseni Rəsul Rzadan yarım əsr sonra yazmışıq, həm də bədii yaradıcılığın deyil, fəlsəfi-estetik araşdırılmaların nəticəsi olaraq. Və yalnız təsadüfən Elçin Əfəndiyevin «Seçilmiş əsərləri»nin 7-ci cildini vərəqləyərkən oxuduğum bu kiçik şeir parçasında mənim uzun-uzadı izah etməyə çalışdığım bir mətləbin obrazlı şəkildə qısa və yığcam deyilişinə rast gəldim.  
Elçin bu şeir haqqında yazır: “Əsrlər keçir, insan təfəkkürü dünyanın elmi dərkində səsdən iti sürətlə inkişaf edir, məsafələr işıq illəri ilə ölçülür, nüvə protona və neytrona parçalanır və nə yaxşı ki, belə bir zamanda, elmi-texniki inqilab dövründə Azərbaycan poeziyası, Rəsul Rzanın bu şeirindəki kimi, sözlə – saysız-hesabsız sözlərlə ifadə olunmayanı belə duymaq və duydurmaq əzmindədir”. Paradoks da özünü elə bunda göstərir ki, “duydurmaq” üçün şairin yenə də sözdən başqa silahı yoxdur. Lakin bu söz daha o sözdən deyil. Bu söz artıq “ürəyin başında isinmiş”, “köklənmiş” sözdür. Necə ki, nəyi isə nəyə isə hazırlamaq üçün, yetişdirmək üçün “islağa qoymaq”,  “duza qoymaq”  lazım gəlir. Yəni söhbət hissin yetişməsindən, “dəyməsindən” və ancaq bundan sonra “dərilməsindən” gedir.
Bəli, bir tərəfdə ənənəvi sözün qüdrəti, o biri tərəfdə sözlə ifadə oluna bilməyən, sözün potensialından kənara çıxan, sözə sığmayan duyğuların mübhəmləri. Və bu mübhəmləri də işıqlandıra biləcək yeni ifadə vasitələri. Bu yeni – yenə də sözdür. Lakin sözün ənənəvi olmayan yeni imkanları üzə çıxır. Daha doğrusu, fikrin yeni çalarları ifadə olunur. Şairin dediyi kimi, “duyğu fikrə toplanıb ürəyin başında isidilir” və ancaq bundan sonra söz üçün əlçatan olur. Burada istər-istəməz Əbu Turxanın hisslərin ağıl vasitəsilə modulyasiyasına dair təlimi yada düşür: Hiss uzaq məsafələrə fikrin qanadlarında gedir.

Səlahəddin Xəlilov

Baxılıb: 6501    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.