az  |   tr
Fəlsəfə dünyası

Məqalələr


10.04.2014   İtirilmiş maarif, yoxsa türk sivilizasiyası?!
Bəli, XI əsrdə türkün sözünün: fikrinin, hikmətinin, bəşər sivilizasiyasında rolunun öz ana dilində səslənməsinə Mahmud Kaşğari yol açdı, XXI əsrdə isə bunları Frederik Starr ingilis dilində dünyaya bəyan edir. Bizə qalan isə min ilin təbəddülatlarını, uğur və tənəzzül məqamlarını araşdırmaq, enerji potensialımızın gerçək mənbəyini dərk etmək, gələcəyə məhz öz üstün cəhətlərimizə əsaslanaraq üz tutmaqdır. Istər-istəməz sual ortaya çıxır ki, bu böyük intellektual enerjinin mənbəyini nədə axtarmaq lazımdır? Əgər dinin aparıcı rolu inkar edilirsə, onda bəlkə bölgənin iqtisadi və mədəni inkişaf səviyyəsi buna yol açmışdır? Lakin türklərin köçəri həyatı və bölgədə oturuşmuş təsərrüfat sisteminin olmaması bu versiyanı mümkünsüz edir. Digər tərəfdən, türk alimləri və mütəfəkkirlərinin üstünlüyü təkcə öz bölgələrində deyil, o dövrün inkişaf etmiş başqa bölgələrində, o cümlədən, elmi və mədəni mərkəz sayılan Bağdad şəhərində də özünü göstərirdi. F.Starr qeyd edir ki, Bağdada toplaşmış mütəfəkkirlərin böyük əksəriyyəti də məhz Orta Asiya mənşəli idi. Bu paradoksu hər halda necə izah etmək mümkündür? Əlbəttə, müəllif bunu türklərin hansı isə genetik üstünlüyü ilə izah etmir. Çünki türklər üçün səciyyəvi olan daha çox döyüş ruhu, hərbi şücaət idi. Lakin bu, məsələnin dünya tarixçiləri tərəfindən yekdilliklə qəbul olunan tərəfidir. Onların intellektual gücü və elmi xidmətləri isə məsələnin bir qayda olaraq, “unudulan”, qəbul edilməyən tərəfidir.
09.11.2013   Azərbaycan fəlsəfi fikrinin beynəlxalq uğurları
Yeni inkişaf mərhələsi azad iqtisadi münasibətlərin əsasında dayanmalı olan yeni düşüncə tərzinin fəlsəfi özünüdərk səviyyəsində formalaş­masını tələb edir. Daha doğrusu, fəlsəfi fikirlə düşüncə tərzi arasında müəyyən bir əks-əlaqəyə ehtiyac yaranır. Fəlsəfi fikir, bir tərəfdən, müstəqillik əldə etmiş bir xalqın milli özünüdərk prosesini ehtiva etməli, digər tərəfdən də, bir ictimai-iqtisadi quruluşun yenisi ilə əvəzlənməsindən irəli gələn ictimai şüurun elmi-nəzəri səviyyədə əsaslandırılmasına xidmət etməlidir ki, filosoflarımız da öz səylərini əsasən bu istiqamətə yönəldirlər. İctimai şüurda gedən proseslərin kortəbii yox, elmi əsaslarla həyata keçməsi naminə əvvəlcə cəmiyyətdə gedən real dəyişilmələrin elmi təhlili verilməlidir. Yəni biz ictimai şüurun hansı istiqamətdə dəyişiləcəyini proq­nozlaşdıra bilmək üçün əvvəlcə ictimai reallığın hansı istiqamətdə dəyişildiyini dərk etməliyik.
14.09.2013   Milli varlığımızın mənəvi sütunları
XX əsr – Azərbaycanın dövlətçilik tarixində ən mürək­kəb, çətin və eyni zamanda ən şərəfli dövrlərdən biridir. Milli fikrin oyanışı ilə siyasi repres­siyalar və ideoloji məhdud­laş­dır­ma­lar eyni dövrə təsadüf et­diyindən, siyasi, ictimai və fərdi şüur­dakı ziddiyyətlər bir çox şəxsi faciələrin də səbəbinə çevril­mişdir. İndi biz müstəqilik. Və indi biz tariximizi də, fəlsəfəmizi də olduğu kimi yazmaq imkanı əldə etmişik. İndi milli ruhun qorunub-saxlanması üçün onu “bolşevizmin dəmir dəbilqələrində” gizlətməyə ehtiyac yoxdur. Və bu yeni şərait və uzaq zaman məsafəsindən baxanlara döyüş asan gəlir. Amma gəlin, biz açılmış yeni imkanlar şəraitində intellektual enerjimizi keçmişimizi aşağılamağa, mühakimə etməyə deyil, bu günün milli fəlsəfi fikrini və milli məfkurəsini yazıb-yaratmağa sərf edək, azadlıqdan pərvazlanan yeni milli ədəbiyyatın hələ də formalaşmamasının səbəblərini araşdıraq.
05.09.2013   Uçmuş məbədin sağ qalmış sütunları
Yeni ideya sütunları və onların üzərində yeni ideya məbədi. Hikmət daşda-divarda deyil, ideyalardadır. Məbəd xaraba qalmayan, köhnəlməyən ideyalardır, onların verdiyi, formalaşdırdığı dəyərlərdir. Əslində Qərb çoxdan yeni məbədlərinin tikintisinə cəhd edir və “tikinti” üçün üzünü Şərq “daşlarına” – ideyalarına tutub. Yeni əsrin fəlsəfəsini tapmaq üçün uçmuş daşların arasında gəzmək lazım deyil, ideya dünyasına yüksəlmək lazımdır. Olmazmı ki, başqasının xarabalarına heyran qalmaq, onlara mədhiyyə demək əvəzinə, öz məbədimizi tikək? Bəli, Afinanın timsalında gördüm ki, əslində Qərbin möhtəşəm "məbədinin" yalnız sütunları qalıb, özü isə çöküb. Sadəcə biz öz yerimizi bilmirik, özümüzü tanımırıq. Özümüzə dəyər vermirik deyə, antik mədəniyyətin xarabalıqlarına hələ də aşağıdan yuxarı baxırıq.
12.06.2013   Quranı yenidən düşünərkən...
Qərbdə İslam fəlsəfəsini, Qurani Kərimi araşdıranların çoxu, hətta əksəriyyəti qeyri-müsəlmandırlar: ya xristian, ya da yəhudi. Bu isə o deməkdir ki, onlar Qurani Kərimin Allahın kəlamı, ilahi vəhy olmasına inanmırlar. Belə olan halda, təbii ki, bunu iddia edən müsəlmana bir inamsızlıq, hətta antipatiya bəsləyənlər də var. Bununla belə bu, onların müsəlmanlarla Quran həqiqətləri, İslamın mahiyyəti barədə mübahisələrə girməsinə mane olmur. Və çox məyusedici haldır ki, bəzən ya qalib olurlar, ya da ironic bir təbəssümlə söhbətdən aralanırlar. Əslində onların belə hazırlıqlı olması normaldır. Çünki yad bir sahəyə girməyə iddialıdırlar. Nəticədə, belə məlum olur ki, bu qeyri-müsəlmanlar müsəlmanların dinini onların özlərindən daha yaxşı tanıyırlar. Və məhz buna görə də müsəlmanın zəif tərəflərini gözəl bilir və bundan istifadə edirlər... Əcəba, biz öz dinimizi düzgünmü tanıyırıq? İstər onun yaxşısını deyəndə, istərsə də tənqid edəndə nə dərəcədə məntiqə və rasional biliklərə əsaslanırıq? Biz öz dəyərlərimizi təqdim edəndə qarşıdakının dəyərlər sistemini nəzərə ala bilirikmi? Qarşıdakının bizi tanıdığı qədər biz də onu tanıyırıqmı? Əks təqdirdə, bizi dinləmirlər, ciddi qəbul etmirlər, bizim dəyərləri bizə öz təqdimatlarında qəbul etdirib, düşüncələrimizi, imanımızı idarə etməyə çalışırlar.
05.06.2013   Cavid yeni əsrdə: nidalar və suallar
Peyğəmbər obrazı da, Şeyx Sənan da, Topal Teymur da, hətta bəzən mənfi obrazlar da Cavidin sözünü öz millətinə çatdırmaq üçün vasitə olur. Tarixin keçmişindən bu günə və gələcəyə ünvanlanmış mesajlar... Bu məqsədini həyata keçirmək üçün Cavid tez-tez ideyaların mücadiləsinə, monoloqlara, lirik ricətlərə yer verməklə yanaşı, ironiyadan, mənfi obrazın məntiqinin açılmasından, “a qızım, sənə deyirəm, a gəlinim, sən eşit” manevrindən, “güzgü əksi” metodundan, mifdən, folklordan gələn simvolik obraz və metaforalardan istifadə edir. Caviddə məkan və zaman nisbi xarakter daşıyır. Hətta tarix də. O, kiminsə, nəyinsə fotosunu və ya portretini deyil, simvolik obrazını yaradır. Və bu obrazlar hamısı Cavid ideyalarının çatdırılmasında vasitəçiyə çevrilir. Cavid yaradıcılığını sadəcə təhkiyə kimi, hadisələrin təsviri kimi deyil, ideya müstəvisində – milli ruhun fəlsəfi dramatizmi, ruhun canlanması kimi anlaya bilmək üçün bizim özümüzün mənəvi-intellektual katarsis sınağından keçməyimizə ehtiyac vardır. Bu gün Cavidin bizim şöhrət payımıza ehtiyacı yoxdur. Hədəfdə Cavid səviyyəsinə qalxmaq, onu yaşatmaqla yaşamaq, cavidləşmək əzmi dayanmalıdır.
28.05.2013   Təsəvvüf və postmodernizm arasında
Bu fani dünyanın illüziyasını dəf edərək əbədiyyətə və sonsuz­lu­ğa qatılmağın iki fərqli yolu var. Birincisi, insan bu sonsuzluq müqabilində özünü bir heç tim­sa­lında hiss edir və dünyanın dərk olunmasına, öz şəxsi təcrübəsi və ağlı ilə nəyə isə nail olmağa çalışmaqla yanaşı, özünü föv­qəl­tə­bii qüvvələrin, ən yaxşı halda, ilahi inamın ixtiyarına buraxır. Bu hal­da oriyentasiya üçün həmin fövqəltəbii qüvvələrlə rabitəyə gir­mək, mistik metodlardan istifadə etmək lazım gəlir. Mifik təfəkkür və dini təsəvvürlər də bu təməl üzərində formalaşır. Din insanı it­mə­yə qoymur. Sonsuzluğun girdabına düşmüş insan harada isə uzaq­larda bir işıq görür və üzünü həmin səmtə çevirir. İkincisi, dini hissdən, dünyanın ümumi ahəngindən, vəhdət ide­­ya­sından çıxış etmək və sonsuzluqda sonlunu axtarmaq və son­lu­nun dər­ki üçün qeyri-rasional yolla gələn məlumatlara, bilgilərə is­tinad et­mək. Yəni söhbət biliklərin hissi təcrübənin və ya düşüncənin məhsulu olmayıb, birbaşa “ürəyə dammasından” gedir. Bu isə ayrılıqda elm və ya ayrılıqda din olmayıb, yaradıcılığın sevgi və kəşfə əsaslanan üst qatıdır ki, burada inam və idrak birləşir. Elm və din neytral sahədə – fəlsəfə məqamında görüşür.
06.02.2013   Cavid simvolikası
Cavidin birinci məqsədi eşqin institutlaşmış, sosiallaşmış, ideolojiləşmiş və öz mahiyyətindən uzaqlaşmış zahiri dinçilikdən yüksəkdə durduğunu göstərmək, eşqi ən böyük din kimi təqdim etməkdir. İkinci məqsəd konkret olaraq qız sahibi olan, deməli, həm də söz sahibi, ixtiyar sahibi olan xristian rəsmilərinin və bütövlükdə Qərbin İslama və müsəlmanlara münasibətinin iç üzünü göstərməkdir. Yəni sanki belə bir sualın cavabını tapmaq üçün eksperiment qoyulur: müsəlmanlara qarşı olan ayrı-seçkiliyin köklərini harada axtarmaq lazımdır? Qərbin xoşuna gəlməyən, onu narazı salan və ya narahat edən nədir? Bax, bu sualı müasir dövrə transfer etsək və Avropa İttifaqının Türkiyəyə qarşı ayrı-seçkiliyini, uydurulmuş “erməni soyqırımı”nı zorla “etiraf” etdirmək cəhdlərini, yaxud Minsk qrupunun Dağlıq Qarabağ məsələsindəki ikili standartını yada salsaq, mənzərə necə görünər?
21.01.2013   "Kaspi" qəzetinə müsahibə
Hər bir dövlət vaxtaşırı olaraq öz hədəflərini, inkişaf istiqamətlərini, prioritetlərini müəyyən edir. Belə olmasa, kortəbii və pərakəndə bir hərəkət nə qədər dinamik olursa-olsun, pozitiv nəticələrə gətirə bilməz. Hər hansı bir dəyişiklik, zahirən inkişaf kimi görünən, hətta, böyük miqyaslı proseslər heç də həmişə millətin və ya dövlətin qarşıya qoyduğu məqsədlərin həlli istiqamətində olmur. Ona görə də biz görüntü üçün yox, məhz qarşıya qoyduğumuz məqsədlər üçün fəaliyyət göstərməli və bu fəaliyyəti ölçülüb-biçilmiş, məqsədyönlü surətdə həyata keçirməliyik. Bunun üçün, təbii ki, konsepsiyalar, planlar, proqramlar müəyyənləşdirməliyik. Hər bir insan da bunu öz şəxsi həyatında müəyyənləşdirir. Hər kəsin yaxın və uzaq məqsədləri, gələcəyə yönəlik planları var. Əgər hər bir adamın, hər bir ailənin həyatında belə planlar varsa, təbii ki, normal, elmi əsaslarla fəaliyyət göstərən və özünün həm siyasi, həm iqtisadi kursu, həm də milli maraqları olan müstəqil bir dövlətin də gələcəyə yönəlik planları olmalıdır. Və bu məqsədlərin konseptual izahı və təhlili olmalıdır. Məqsəd seçilərkən ilk növbədə milli maraqlar, daha sonra hər hansı bir dövlətin, xalqın potensial imkanları, real inkişaf səviyyəsi nəzərə alınır. Gücün çatmayacaq bir məsələni qarşıya məqsəd kimi qoysan, ona çata bilməzsən. Ona görə də önəmli olan məsələ İnkişaf Proqramının və ya Konsepsiyanın elə hazırlanmasıdır ki, məqsədlərimizə və imkanlarımıza uyğun gəlsin. Bizim utopiya ilə yaşamaq və yaxud kiməsə görüntü naminə gözəl vədlər vermək məcburiyyətimiz yoxdur.
11.01.2013   Sufi donu...
Bəli, bu gün Şərqdə təsəvvüfün donmuş mərmər heykəli göz oxşayır. Amma bu donu əritmək üçün yenə də kamal eşqi, yaradıcı təfəkkür, qaynar zəka tələb olunur, ənənəvi sufi şeirlərindən bu mərmər heykələ don tikmək vasitəsilə görüntü yaratmaq yox. Biz o zaman bu irsin həqiqi varisləri olduğumuzu isbata yetirə bilərik ki, onun müasir donu üçün yararlı olan yeni ideya istiqamətlərini və yeni nümunələrini yaradaq. Və bizim indi yaratdıqlarımız daha bir sufi təriqəti olmayıb, əksinə, təriqətçilikdən azad, ümumbəşəri fəlsəfi fikir postamenti üzərində qurulmuş müasir təsəvvüf təlimi olmalıdır. Şərq və Qərb təfəkkürünün vəhdətindən qaynaqlanan zəngin bir ideya çələngi; ancaq bu zaman sufi donunun da yenidən biçilməsi və tikilməsi aktuallaşmış olar.
23.11.2012   Arif yolu: Həllacdan Cavidə
Həllacın simasında İnsan İblisin halına acıyır, çünki o, öz korluğu səbəbindən kamilləşmə yolunun yarısında qaldı, onu bitirə bilmədi: Bu o deməkdir ki, İblis həqiqəti görə-görə ona göz yumdu və ondan uzaqlaşdırıldı: «Ey qardaşım! Onu «Əzazil» adlandırdılar, çünki o, uzaqlaşdırıldı və «təcrid edilmiş» oldu. O, əvvəlindən sonuna dönmədi, çünki sonundan çıxmadı». Məhz burada Həllacın həm İblis, həm də İnsan haqqında düşüncələri açıqlanır: insanın ilahi mahiyyətə uzanan bir yolu var, ona Allahdan kəşflər açılır, o, Allahdan başqa heç bir varlığın bilmədiyi elmlərə sahib olur və bu keyfiyyətlər onu Allahdan sonra səcdə obyekti olmağa layiq edir. «İblisə gəlincə, o dəvət etdi, lakin öz halına geri dönmədi. Əhməd (s) çağırdı və öz gücünə geri döndərildi». İnsan İblis üçün əlçatmaz məqama sahibləndi və gücləndi. Bunu İblis də bilirdi və hikkəsindən ona müharibə elan elədi. Yüksək məqamını dərk eləmiş insan onun hikkəsini sadəcə yuxarıdan aşağı izləyir, öz məqamından düşmüş insan isə İblisin ayaqları altına düşür, üzünə hikmət dünyası bağlanır. Məhz bu səbəbdən Cavidin Arifi acınacaqlı haldadır. O, kamilliyi düşünməkdən daha çox qəzəblə doludur, bu qəzəb zülmə, vəhşiliyə doğru yönəlmiş olsa belə!
30.10.2012   Azərbaycan-Türkiyə: fəlsəfə körpüsü
Fəlsəfə tarixində təlimlər təkcə müasir fikir baxımından deyil, həm də öz dövrlərində və bölgələrində oynadıqları rola görə qiymətləndirilir. Burada həmin dövr üçün önəmli olan fəlsəfi təlimlər, onların hansı şəraitdə və kim tərəfindən yaradılması öz əksini tapır. Məsələn, ola bilsin ki, hansı isə fəlsəfi təlim bu gün artıq aktuallığını itirmiş və daha heç yaradıldığı bölgədə də istifadə olunmur. Lakin əgər həmin təlim müəyyən bir xalqın mənəvi-intellektual həyatında, dünyagörüşündə hər hansı rol oynayıbsa, ictimai tərəqqiyə təsir göstəribsə, deməli, onun haqqında biz tarixilik baxımından danışa bilərik. Xüsusilə elmlərin tarixində vəziyyət məhz bu cürdür. Çünki keçmişdə irəli sürülən elmi ideyalar və təlimlər müasir dövrdə bir elm hadisəsi olmaqdan daha çox, tarixi baxımdan maraq doğurur. Düzdür, fəlsəfədə vəziyyət bir qədər fərqlidir. Bu günə qədər yaşamış və bu gün də öz təsir gücünü saxlamış olan təlimlər də vardır. Bu mənada dünya fəlsəfəsinin strukturunda müasir fəlsəfi təlimlərlə yanaşı, klassik filosofların əsərləri də mühüm yer tutur. Amma hər halda biz ancaq o fəlsəfəyə müasir deyə bilərik ki, o məhz günümüzün ictimai və mənəvi həyatı ilə həmahəngdir və çağdaş varlığımızın ideya təməli kimi qəbul olunur. Yəni əgər biz bu gün fəlsəfənin ön cəbhəsində söz sahibi olmaq istəyiriksə, müasir ictimai həyatın, qlobal problemlərin dərk olunması, dəyərləndirilməsi və proqnozunda önəmli olan konsepsiyalarla çıxış etməliyik. Müasir fəlsəfədə daha çox aktuallıq kəsb edən, bəşəriyyətin aqibəti, dünyadakı böhran və münaqişələrdən çıxış yollarını nişan verə biləcək fəlsəfi əsərlər isə, maləsəf, daha çox Qərb ideoloqları tərəfindən yazılır. Yəni müasir dünya da, onun gələcəyi də bir qərblinin baxış bucağından işıqlandırılır. Bir Şərq adamı üçün və daha konkret götürdükdə, bir türk üçün bəşəriyyətin və dünyanın perspektivi məsələsinin necə göründüyü hələ ki, ortaya qoyulmamışdır. Bu mənada bizim qədim və orta çağ fəlsəfə tarixində müəyyən iştirakımız olsa da, müasir fəlsəfi fikrin strukturunda mövqeyimiz bəlli deyil. Və ya, başqa sözlə desək, səsimiz eşidilmir. Ona görə yox ki, biz nə isə deyirik, amma bizi eşidən yoxdur; ona görə ki, əslində biz heç nə demirik. Və ancaq deyilənləri dinləmək, mənimsəmək və təqlid etməklə məşğuluq. Biz öz sözümüzü o zaman deyə biləcəyik ki, dünyaya öz baxışımız olsun. Lakin bunun üçün ilk növbədə bu “Öz”ün fikir və fəlsəfə səviyyəsində aşkarlanması lazımdır.
21.10.2012   Hikmətin səmimiyyəti
“Əbu Turxanın hikmət dünyası”nın bir neçə özəlliyi var. Xüsusiyyəti yox, məhz özəlliyi. Biz burada “öz” sözünü vurğulamaqla oxucunu öz-ünə qaytaran, öz-ünü öz-ünə təqdim edən cəhətləri ön plana çəkməyə çalışırıq. Bu hikmət dünyası oxucunu özünə həm bir insan, vətəndaş, sadəcə qadın, yaxud kişi kimi tanıdır, həm onun mənəviyyatını hissə-hissə açır, həm də düşüncəsini pillə-pillə hikmət zirvəsinə aparır. Qısa desək, Əbu Turxan öz söhbətləri – aforizmləri ilə oxucunu özünə tanıdır, ona ayna olmağa çalışır: “Adətən adamlar özündə olanı başqasına bağışlayır; müdriklər isə səndə olanı sənə ərməğan edir”. Burda vacib, eyni zamanda təhlükəli bir məqam yaranır: hər kəs özünə güzgüdə baxmağa tab gətirərmi? Hər kəs öz-özü ilə qarşı-qarşıya durmaq istəyərmi? Axı, düşünmək, özünü dərk etmək ağır bir prosesdir, hər “mən” onu daşımaq iqtidarında deyil. Əslində prof. Xəlilovun ustalığıdır ki, bu aforizmləri müəyyən ardıcıllıqla, mövzular üzrə – “İnsan”, “Gözəllik”, “Zəka, ağıl, hiss”, “İdeya, hikmət, fəlsəfə” və s. toplayıb, onların mahiyyətini açan şərhlər yazıb. Lakin biz yenə də “aya baxmağı” tərcih edib qayıdaq Əbu Turxanın hikmət dünyasının özəlliklərinə.
06.10.2012   Müasir Robinzonlar, yaxud Ramazan
Həyatın rəngləri də çoxdur, səsləri də. Mən ən son Avropa təəssüratımla bölüşəcəm. Əslində, səfərim elmi ezamiyyət olsa da, söhbətim alimlərdən olmayacaq. Mən Avropa yüksək səviyyədə təşkilatlanmış cəmiyyətində özünə “yer axtaran” başqa millətlərin nümayəndələrindən – burada müvəqqəti, yaxud həmişəlik qalanlardan, öz ölkəsində yeri olmayan və özünü burada tapan şəxslərdən danışacam! Onlar mənə müasir dövrün Robinzonları təsiri bağışladılar və mən onlardan danışmaq ehtiyacı hiss elədim. Ədəbiyyat tarixində kəskin fərqlənən cəmiyyətlərin, mühitlərin qarşılaşdırılmasına dair maraqlı əsərlər yazılıb, filmlər çəkilib. Belə məzmunlu əsərlər arasında ilk yada düşən Daniel Defonun “Robinzon Kruzo”su və Kiplinqin “Mauqli”si olur. Bunlar sanki eyni problemə iki əks rakursdan, qütbdən baxışdır. Yazıçı cəmiyyətlə bakirə təbiəti qarşılaşdırılmaqla bir tərəfdən sanki sivilizasiyanın insanı hara gətirdiyini, digər tərəfdən, ikinci təbiətin heç də az gözəl olmadığını göstərməyə çalışır. Bir tərəfdən, insan ağlının qüdrətini, digər tərəfdən, mənəviyyatın, ülviyyətin əhəmiyyətini vurğulayır. Bu, Qərbin baxışıdır.
08.09.2012   Azərbaycan fəlsəfəsi dünya meridianlarında
Bizim fəlsəfi əlaqələrimiz ancaq Qərb dünyası ilə məhdudlaşmır. Qarşıda duran ən mühüm vəzifələrdən biri milli fəlsəfi fikrin inkişaf etdirilməsidir. AFSEA-nın sentyabrın 27-28-də Bakıda keçirməyi nəzərdə tutduğu Fəlsəfə Forumu, Türk dünyasında fəlsəfi araşdırmaların əlaqələndirilməsi və inteqrasiyasına xidmət edəcəkdir. Tədbirdə Azərbaycan, Türkiyə və Qazaxıstan filosoflarının bir araya gəlməsi və türk fəlsəfi fikrinin inkişaf perspektivlərinin müzakirə olunması nəzərdə tutulur. Bu tədbirdən dərhal sonra, 3-8 oktyabr tarixində Yunanıstanın Rodos adasında “Mədəniyyətlərarası dialoq” forumu keçiriləcəkdir. Mən bu foruma əsas məruzəçilərdən biri kimi dəvət olunmuşam. Həmin ayda İsveçin Lund Universitetində “Elm fəlsəfəsi” konfransında, noyabrın əvvəlində isə Romada Metafizika konqresində məruzə etmək üçün dəvət olunmuşam. Belə ki, əlaqələr getdikcə genişlənir. Deməyə yeni sözümüzün olması üçün isə ölkəmizdə fəlsəfi tədqiqatların intensivliyini bir az da artırmaq tələb olunur.
04.07.2012   Dövlət, dil, dilçilik
Bir hadisələr dünyası, bir biliklər dünyası, bir də söz dünyası var. Əsas vəzifələrdən biri bu dünyalar arasında qarşılıqlı anlaşma, adekvat münasibət qurmaqdır. Söz, anlayış, logos adi danışıq dilinin əsasını təşkil edir. Məhz bu­na gö­rə­dir ki, bir çox filosofların fikrinə görə, adi danışıq dili həqiqi varlığın özüdür. Yəni hadisələr dünyası da, ideyalar dün­yası da məhz adi danışıq dili sayəsində həyatiləşir, insaniləşir və bizim üçün dünyaya çevrilir. Bir ünsiyyət vasitəsi olmaqla bərabər, dil həm də biliklərin saxlanması, ötürül­mə­si və mə­­nimsənilməsinə xidmət edir. Dili bilməyən adam həmin dildə saxlanmış bilik və dəyərlər sistemini də mənimsəyə bilməz. Dilin daşıyıcısı yalnız bu dili bilən, bu dildə danışan konkret insanlar deyil, onların toplusu da deyil, bütövlükdə millət, cəmiyyətdir; kütlə yox, strukturlaşmış sosial sistemdir. Və bu cəmiyyətdə dil özü də bir sosial institut kimi formalaşır və onun mövcudluğunun da konkret insanlardan asılı olmayan obyektiv real formaları (qrammatika, lüğətlər, kitablar, disklər və s.), maddiləşmiş sosial hafizə yaranır.
03.06.2012   Elmin özünüdərk məqamı
S.Xəlilov müasir elmin, təbiətşünaslığın fəlsəfi problemlərinin incəliklərinə necə nüfuz edirsə, ədəbi-bədii fikrin də fəlsəfi qatlarında eləcə rahat fikir yürüdür. Onun fəlsəfi baxış bucağında Biruninin, Nyutonun, Eynşteynin elmə gətirdiyi yeniliklər epistemoloji kontekstə necə keçirsə, Nizaminin, Şekspirin, Cavidin, Vurğunun poeziyası da dünya fəlsəfi fikrinin prizmasından eləcə keçirilərək müasir estetikanın və ontoloji-metafizik problematikanın kontekstinə daxil edilir. Bir tərəfdən elmin, digər tərəfdən ədəbiyyatın, sənətin tədqiqi fəlsəfi təfəkkür səviyyəsində birləşir və S.Xəlilov elm fəlsəfəsindən, mədəniyyət, mənəviyyat və ya ədəbiyyat fəlsəfəsindən bəhs etməklə yanaşı, həm də metafəlsəfi problemlərə müraciət edir və nəzəri fəlsəfədən əməli fəlsəfəyə, həyat fəlsəfəsinə, hikmət və müdriklik məqamının tədqiqinə keçir. Milli-fəlsəfi fikrimizdəki hikmətli sözləri, aforizmləri beynəlxalq oxucu auditoriyasına təqdim etməsi də onun çoxşaxəli fəaliyyətinin mühüm nəticələri sırasındadır. S.Xəlilovun yaradıcılığı mücərrəd elmi-fəlsəfi araşdırmalarla məhdudlaşmayıb, həm də fəlsəfi dəyərlərin xalqın istifadəsinə çatdırılmasına xidmət edir. Onun son əsərlərindən olan “Əbu Turxanın hikmət dünyası” Azərbaycan filosofunun dünya hikmət xəzinəsinə dəyərli töhfələrindən biridir.
14.05.2012   Mövlanadan Mövlanaya Şəms yolu
Şərqin iki böyük dahisi: Mövlana və Şəms. Adları bizim üçün nə qədər tanış və hətta doğma görünsə də, düşüncələrinə çox az bələd olduğumuz bu mütəfəkkir şairləri layiqincə təqdim edə bilmək üçün ən azı onların ruhuna doğma olan bir dil lazım idi. Yetkin, hikmətli və qüdrətli bir dil. Təsəvvüfün də öz dili var. Azərbaycanda vaxtilə geniş yayılmış olan bu dil hələ kifayət qədər bərpa olunmayıb. Şəms Təbrizi kimi qüdrətli bir şəxsiyyətə yetərincə sahib çıxmamağımızın bir səbəbi də, görünür, təsəvvüf dilini doğmalaşdıra bilməməyimizdir. Türkiyədə Şəmsin bir Azərbaycan türkü kimi deyil, sadəcə iranlı kimi tanınmasında bizim də təqsirimiz az deyil. Türkiyə türklərinin diqqət mərkəzində Mövlana durduğundan, Şəms Təbrizi uzun müddət arxa planda qalmışdır. Onun indi-indi “yada düşməsində” Əlif Şəfəqin “Eşq” romanının böyük rolu olmuşdur. Amma bizə Şəmsin sadəcə “yada düşməsi” deyil, bir Azərbaycan türkü kimi ön planda təqdimatı lazımdır.
14.04.2012   Əbu Turxanın hikmət dünyasında Dostluq
“Dostu dar gündə sınayarlar”, – deyib atalarımız. Amma dost dediyin nədir, sınağa çəkdiyin nə? Yaxud əvvəl gərək dostun ola ki, çətin işə gedəndə məhz onu seçəsən. Bütün paradoks bundan ibarətdir ki, dar gündə sınamaq artıq gec olur. Şərqdə necə ki, məhəbbət reallığın fövqünə qaldırılaraq ancaq onun ifrat, birtərəfli təzahürü kimi tərənnüm olunur, eləcə də dostluğun şərtləri həddindən artıq ağırlaşdırılır və reallığın fövqünə qaldırılır. Əslində isə dostluq da, məhəbbət də iki kənar hal, qütb arasında olduqca müxtəlif rənglər qammasını, bütöv spektri əhatə edən konkret təzahürlərdir.
17.03.2012   Əbu Turxanın hikmət dünyası
İnsan bir kitabdır ki, zaman keçdikcə başqaları tərəfindən səhifə-səhifə oxunur və nə qədər diqqətlə oxunsa da, açılmayan səhifələrin sayı daha çox olur. İnsanın özü isə əksər hallarda öz kitabını oxumaq və dinləmək imkanına malik olmur. O öz nitqi və əməlləri ilə başqaları üçün açılsa da, başqaları tərəfindən oxunsa da, onun içində daha nələr olduğu, sabah nələr etməyə qadir olduğu, bu dünyaya nə kimi bir missiya ilə gəldiyi tam bilinmir. İnsan dünyaya boş yerdə gəlmir. Ona qədər müəyyən təbii və ictimai mühit mövcud olur. Və bu mühitin öz ruhu (nəfsi), öz meyarları və prioritet maraq dairəsi vardır. Bu mühitə düşən insanlar həmin bu maraqlara xidmət etməyə, öz həyatını həmin bu meyarlar baxımından qurmağa çalışırlar. Müasir dövrdə bəşəriyyətin əldə etdiyi ictimai təcrübə və yüksəldiyi intellektual səviyyədən elm, fəlsəfə, din, əxlaq və digər mənəvi dəyərlər sisteminə yenidən baxılmasına, onların insan həyatında rolunun yenidən dəyərləndirilməsinə böyük ehtiyac vardır.
  [1], 2, 3   >>

 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2016, № 1 XXI əsr insan intellektinin misilsiz uğurları ilə yanaşı, həm də bir çox qlo¬bal problemlərin kəskinləşməsi, böhranların dərinləşməsi ilə səciyyələ¬nir. Həm elmi-texnoloji, həm də ictimai-siyasi proseslərin həddən artıq sü¬rət-lənməsi bəşəriyyəti Şərq və Qərb mədəniyyətləri və düşüncə tərzləri ara¬sın-da, duyğusal və rasional həyat arasında qərarlaşmaqda olan ahəngin, dün¬ya nizamının pozulması və neçə min illər ərzində əldə olunmuş mənəvi-ruh¬sal təkamülün itirilməsi təhlükəsi ilə üz-üzə qoymuşdur.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.