Dünya
kontiniumundan İnsan kontiniumuna:
Jurnalımızın bu sayında milli kültür/mədəniyyət məsələləri
ilə yanaşı, insanın/insanlığın mahiyyəti, həyatın mənası kimi əbədi fəlsəfi mövzulara da müraciət edilmiş,
Levinasın bu sahədəki araşdırmalarına münasibət bildirilmişdir.
Biz bu ümumbəşəri məsələlələrin bir də milli
kontekstdə nəzərdən keçirilməsini vacib sayırıq. Belə ki, müasir fəlsəfi fikir
boş yerdə oluşmur, - onun da milli təməlləri var. Bizim məqsədimiz ümumbəşəri fəlsəfi
sistemlərin təməllərini üzə çıxarmaq və dünya fəlsəfi fikrinin ümumi mənzərəsində
və tarixi təşəkkülündə özümüzü, öz fikir payımızı görməkdir.
Dünya fəlsəfi fikri heç də ayrı-ayrı filosofların
qurduğu sistemlərin eklektik toplusu deyil; onun bir arxa planı və alt yapısı da
vardır.
Qədim Azərbaycan düşüncə ənənəsinə və milli fəlsəfi
fikrimizin ayrılmaz parçası olan zərdüştiliyə görə bu dünyada hər şey iki qütb arasındadır; dünyanın özü də.
Bizim yaşadığımız və bizim bildiyimiz dünya da fərqli
rakurslarda uyğun qütblərlə sərhədlənir.
Min illərdən bəri insanlar bu qütbləri Yer və Göy kimi, bəzən də Şərq və Qərb
kimi təsbit etmişlər. Başqa bir bölgüyə
görə həyat zamanın qütbləri – keçmiş və
gələcək arasında dövran edir. Yəni zaman kontekstində də aktual varlıq – indi
iki qütb arasında bəlirlənir.
Bütün bölgülərdə qütblər varlığın, həyatın özünü
deyil, sərhədlərini ifadə edir.
Lakin bu bölgülər heç də ilk baxışda göründüyü
kimi, fiziki-həndəsi məna ilə məhdudlaşmayaraq, çox mühüm simvolik mündəricəyə
(podtekstə, məcazi mənaya) malikdir. Amma simvolik olaraq istənilən şeyin,
hadisənin hüdudları zaman-məkan təsəvvürləri ilə bəlirlənir, ifadə olunur
(fiziki-həndəsi təsəvvürlərin dilinə çevrilir.).
Rəmzləşmə – fiziki dünya ilə insan dünyası
arasındakı adekvatlığın ifadəsidir.
|